Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ-nin təşkilati dəstəyi ilə "Diplomatiyanı səfirdən öyrən" adlı layihə çərçivəsində 4-cü görüş baş tutub.
Görüşün qonağı Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez olub.
İlk öncə ATGTİ-nin Baş Katibi Ramin Həbibzadə xanım səfirə ittifaqın bu günə qədər olan fəaliyyəti və görülən işlər haqqında ətraflı məlumat verib. Həmçinin ATGTİ və Fransanın Azərbaycandakı Səfirliyi arasında olan qarşılıqlı münasibətlər və gələcəkdə həyata keçiriləcək tədbirlər müzakirə olunub.
Baş katib Ramin Həbibzadə xanım səfiri tələbələrə təqdim edərək, layihənin təşkilində Gənclər Fondunun xüsusi dəstəyi olduğunu qeyd edib. O, layihə iştirakçılarını Orelia Buşezin nitqinə diqqətlə qulaq asmağa dəvət edib.
Daha sonra Orelia Buşez öz növbəsində tələbələri salamlayaraq Azərbaycandakı fəaliyyətindən əvvəl müxtəlif ölkələrdə qazandığı iş təcrübəsi haqqında iştirakçılara geniş məlumat verib. Həmçinin bir xanım siyasətçi kimi qarşılaşdığı çətinlikləri və onların həll yollarının sirrlərini bölüşüb. İqtisadi-siyasi sferada qadın və kişi gender bərabərliyinin əhəmiyyətindən bəhs edən xanım Orelia Buşez Azərbaycanda bu məsələnin balanslaşmaqda olduğunu təqdirə layiq hesab edib.
Orelia Buşez sözlərinə əlavə edərək bildirib ki, Azərbaycan- Fransa münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və bir çox sahələri əhatə etməkdədir. Xanım səfir Azərbaycanla Fransa arasındakı əməkdaşlıq və dostluq sazişlərinin bağlanmasını ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da inkişaf etməsilə əlaqələndirib.
Görüşün sonuna yaxın xanım səfir iştirakçıların suallarını cavablandırıb.
Sonda isə xatirə şəkli çəkilib və görüş sona çatıb.