BİZ MƏTBUATDA
"Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" layihəsinə start verilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 10.02.2020 tarixində tələbələr üçün ənənəvi olaraq keçirilən “Liderlik Məktəbi” layihəsinə start verilib. "Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" fevral ayının 16-nadək Gəncə şəhərində davam edəcək. “Liderlik Məktəbi” layihəsində iştirak edən 120 tələbə 5 komandada – “Gənclik”, “Gələcək”, “İnkişaf” “Birlik” və “Liderlik” komandalarında bölünüb. Tələbələrdən ibarət 5 komanda saat 07:00-da Bakıdan layihənin keçiriləcəyi məkana, Gəncəyə yola düşüblər. Səfər zamanı komandalar bir-birindən maraqlı təşəbbüslər nümayiş etdirərək, layihənin ilk gününə tam hazırlıqlı olduqlarını ifadə ediblər. Respublikada təhsil alan ali və orta ixtisas təhsil müəssisələrinin 1, 2 və 3-cü kurs tələbələri üçün təşkil olunan “Liderlik Məktəbi” adı altında həyata keçirilən layihədə ATGTİ əvvəlki illərdə olduğu kimi ilkin mərhələdə seçim turu keçirib. Belə ki, layihədə iştirak üçün 1000-dən çox tələbə müraciəti qeydə alınıb. Həmin tələbələrdən müsabiqə tələblərini ödəyən 500-ə yaxın müraciət sahibləri müsahibəyə dəvət olunublar. Onlar arasından 120 tələbə düşərgədə iştirak hüququ qazanıb. Layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və s. kimi xüsusiyyətlərin aşılanması, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək mütəxəssislər yetişdirməkdir. Tələbələrə peşəkar təlimçilər tərəfindən “Liderlik”, “Layihələrin yazılması”, “Könüllülük” “Media” və “Menecment Üsulları” mövzularında təlimlər keçiriləcək. Təlimlərlə yanaşı, tələbələr “Qarabağ Azərbaycandır!”, “Media”, “İdman!”, “2020 Bizim İlimİZdir”, və “Gənclər siyasəti” mövzularında təşkil olunmuş panellərdə iştirak edəcəklər. İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və s. işlərlə məşğul olacaq, həmçinin, hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdirəcəklər. Layihənin sonuncu günündə tələbələr təlim materialları əsasında tərtib olunmuş imtahanda iştirak edəcəklər. Qalib komanda hədiyyələrlə mükafatlandırılacaq. Ümumilikdə isə bütün iştirakçılara layihədə iştiraklarını təsdiqləyən diplomlar təqdim olunacaq. Qeyd edək ki, ATGTİ-nin birgə təşkilatçılığı ilə həyata keçirdiyi layihə sayca 12-cidir və bundan öncə Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir və Mingəçevir şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında keçirilib.
“Gənclər Təşkilatlarında Tələbələr üçün İmkanlar” mövzusunda onlayn görüş keçirilib
27 İyun 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sədri - Məryəm Məcidova, CAVAN Gənclər Hərəkatının icraçı direktorunun müavini - Murad Ağabəyli və İrəli İctimai Birliyinin Baş Katibi - Fatimə Məsimlinin iştirakı ilə “Gənclər Təşkilatlarında Tələbələr üçün İmkanlar” mövzusunda onlayn görüş keçirilmişdir.Görüş zamanı gənclər təşkilatlarının fəaliyyəti çərçivəsində tələbələr üçün mövcud imkanlar, həyata keçirilən layihələr, təşkilatlara qoşulma və iştirak qaydaları kimi mövzular əhatə olunmuş, gənclər təşkilatlarının rəhbərləri tərəfindən tələbələrin sualları cavablandırılmışdır. Ümumilikdə vebinarda 200ə yaxın gənc iştirak etmişdir. #ATGTI #ASYOU #BizBirlikdəGüclüyük
“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirən “Elektron Hökumətin İnkişafı Mərkəzi”-nə oldu. Səfər zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri qurumun rəhbər şəxsləri və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuşlar. Daha sonra tələbələrə şirkətin əməkdaşları tərəfindən müvafiq sahə üzrə praktiki biliklərin aşılanması məqsədi ilə təqdimat həyata keçirilmişdir. Sonda iştirak edən tələbələrə şirkət tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
ATGTİ ofisində TGT sədrlərinin növbəti iclası baş tutub
İclas çərçivəsində müzakirə olunub: 1. Yeni tədris ili üçün görüləcək işlər və tədbiq olunacaq yeni online platforma 2. Tədris müəssisələrində TGT-lər tərəfindən yeni qəbul olmuş tələbələr üçün keçirilməsi planlaşdırılan məlumatlandırma günləri 3. 14 Sentyabr tarixində yeni tədris ilinin başlanması münasibətilə keçiriləcək #TədrisimİZ Party 4. Azərbaycan Tələbə Kartı 5. Fəaliyyət müddətini tamamlamaq üzrə olan TGT sədrlərinin hesabat-seçki konfranslarının keçirilməsi İclasda Bakı şəhəri üzrə 40-dan çox TGT sədri iştirak edib.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Tələbə Gənclər Təşkilatının "Hesabat-Seçki - 2019" adlı konfransı baş tutub
Konfransda qonaq qismində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Sədri Faiq Məmmədov və katiblik nümayəndələri iştirak edib. İlk öncə qonaqlar təşkilatın və TGT nəzdində fəaliyyət göstərən musiqi klubunun otağının şəraiti ilə tanış olublar və TGT Sədri Aydan Höccətova tərəfindən burada yeni ildən icra ediləcək dəyişikliklər haqqında məlumat verilib. Sonra konfrans açıq elan edilib və ilk çıxış üçün söz Universitetin Təhsildən kənar və təlim-tərbiyyə işləri üzrə departamentin rəhbəri Leyla Əhmədzadəyə verilib. Konfrans keçmiş TGT Sədri Yusif Şükürov və hazırkı TGT Sədri Höccətova Aydanın hesabat xarakterli çıxışları və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Sədri Faiq Məmmədovun nitqi ilə davam edib. Sonda “İlin qrup nümayəndəsi” nominasiyası üzrə 5 qrup nümayəndəsi və TGT-nin həyatında göstərdikləri uğurlu fəaliyyətə görə 8 tələbə diplomla təltif olunub. Konfrans xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təqdimatı keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Tələbə Kartının təqdimatı keçirilib. Görüşdə ATGTİ-nin İnformasiya Texnologiyaları və "Azərbaycan Tələbə Kartı" ilə iş departamentinin direktoru Xanım Paşayeva və TGT sədri İlahə Həsənova çıxış edib. Xanım Paşayeva tələbələrə ATGTİ-nin fəaliyyətindən, təşkil etdiyi tədbirlərdən və keçirilən irimiqyaslı layihələrdən danışıb. Qeyd edib ki, tələbələr bu layihələrdə iştirak edərək dünyagörüşlərini artıra, universitet dövrlərini daha səmərəli keçirə bilərlər. Həmçinin, ATGTİ-nin tarixi, strukturu barədə məlumat verən Xanım Paşayeva bildirib ki, tələbələr bizə qoşularaq ilk təcrübəsinə başlaya bilərlər. Azərbaycan Tələbə Kartının tələbələrə təklif etdiyi güzəştlər haqqında məlumat verən Xanım Paşayeva bildirib ki, tələbələr bu güzəştlərdən istifadə edərək müxtəlif məkanlarda endirimlərdən yararlana bilərlər. İlahə Həsənova çıxışında TGT-nin fəaliyyətindən, universitetdə keçirdiyi layihələr haqqında məlumat verib. Bildirib ki, tələbələr bu layihələrə qoşularaq daha səmərəli şəkildə tələbəlik illəri keçirə, müxtəlif yerli və beynəlxalq tədbirlərə iştirak edə bilərlər.
“Hədəfini Seç”
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hədəfini Seç” adlı stolüstü oyun turniri baş tutdu.
“Şəhidim” adlı məqalə yarışı
Azərbaycan Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən “Gələcəyin tarixi” klubunun təşkilatçılığı ilə Şəhidlərimizi tanıtmaq məqsədilə tələbələr arasında məqalə yarışı təşkil olundu. Tədbir aparıcı, klub rəhbəri Həsənzadə Güllü tərəfindən açıq elan edildi. Tələbələr öz məqalələri ilə çıxış etdi, şəhidlər barədə videoçarxlar nümayiş edildi. Müsabiqənin qalibləri: Lalə Mollayeva Ümid Bilalov Mehriban Abdullayeva #TələbələrimİZ Məhəmməd Əsədli, Ana Yusifli və Fidan Aslanova isə təşəkkürnamə ilə təltif edilmişlər.
Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirilib
23 may 2020 il tarixində Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda keçirilən video iclasın davamı olaraq, həmçinin imtahan sessiyasının yeni şəraitdə və təhsil müəssisələrinin fərdi yanaşmasını nəzərə alaraq, 25 may 2020 il tarixində Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin bir qrup Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirilib. İclasda tələbələri maraqlandıran suallar, iyun-iyul aylarında keçiriləcək imtahan sessiyası və digər mümkün suallarının toplanması üçün sorğuların tərtibi və təşkili, TGT-in onlayn patformaya inteqrasiyası, planlaşdırılan layihələrin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub. Tələbə gənclər təşkilatları onlayn fəaliyyət üzrə təcrübələri ilə paylaşıb, aparılan işlər haqqında məlumat veriblər.Növbəti ay ərzində baş tutacaq layihələr, görüşlər müzakirə olunub, daha sonra görüş TGT sədrlərinin sual və təklifləri ilə davam edib.Həmçinin, kiçik formatda iclasların effektivliyini nəzərə alaraq görüşlərin davamlı olacağı bilidirilib.
ATU Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstan Respublikasında təşkil olunan Türk Keneşi II Gənc Liderlər Forumunda iştirak edib
Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstan Respublikasının Türkistan vilayətində Türk Konsulluğu tərəfindən təşkil olunan Türk Keneşi II Gənc Liderlər Forumu,Türk Dünyası Gənclik,Mədəniyyət və Sənət Festivalında iştirak edib. Türk Universiteti Öğrenciler Birliyinin Tələbə təmsilçilərinin iştirakı ilə toplantılar baş tutub. Təmsil olunan universitet tələbələri arasında dialoqlar baş tutub.Təmsil Universitetlər haqqında məlumat verilib. TGT sədri Rauf Vəliyev Azərbaycan Tibb Universitetində mövcud olan tələbə həyatı ,klinikalar,dərslik fondu,tədris korpusları haqqında iştirakçılara məlumat verərək bildirib ki, hazırda universitetimizin hazırlıq qruplarında 600 nəfərdən çox tələbə təhsil alır.Növbəti panellər zamanı təmsil olunan təşkilatlar haqqında məlumat verilib.Belə ki, ölkədə mövcud olan TGT-lər haqqında məlumat verilib və TGT-lərin ümumi ittifaqı olan ATGTİ-nin fəaliyyəti barədə tədbir iştirakçıları məlumatlandırılıblar Səfər çərçivəsində baş tutan Türk Konseyi II Gənc Liderləri Forumunda gələcəkdə gənclər üçün icra olunacaq ortaq layihələrdən danışılıb.Daha sonra Azərbaycan nümayəndə heyəti Hoca Əhməd Yəsəvi adına Türk-Qazax Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər. Səfər zamanı Türkistanda yerləşən tarixi əhəmiyyətli məkanlara gedilib və infoturlar təşkil olunub.
"Gənc istedadların rəsm sərgisi" keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Gənc istedadların rəsm sərgisi" keçirilib. Sərgidə müxtəlif universitetlərin gənc rəssamlarının 50-yə yaxın əl işi nümayiş olunub. ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev bildirib ki, gənclər olaraq Ulu öndər Heydər Əliyevin xatirəsini bu cür layihələr, tədbirlər, müsabiqələrlə yad etmək vətəndaşlıq borcumuzdur. Sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar bildirib ki, bu cür layihələrin keçirilməsi gənclərin yaradıcılıq imkanlarının inkişafı üçün mühüb əhəmiyyət kəsb edir.
ADA Universitetində “Gender Role İnfluence on Women`s Education” mövsusunda açıq dərs keçiriləcək
4 mart 15:00-da ADA Universitetində “Gender Role İnfluence on Women`s Education” mövsusunda açıq dərs keçiriləcək. Açıq dərs Humanitar Elmlər və Sosiologiya üzrə Yrd.Dos.Dr.Umut Özkaleli tərəfindən keçiriləcək. “ADA” Universitetinin Magistr Tələbə Hökuməti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə əməkdaşlığı və təşkilatçılığı ilə keçirilən açıq dərsdə qadınların təhsildə rolundan, qadınların təhsil almasında gender faktorunun əhəmiyyətindən, eləcə də qadınların ümumilkdə cəmiyyətdəki proseslərə təsirindən bəhs edilməklə, gender amilinin önəmindən danışılacaq. Qeyd: *Açıq dərs mövzusunun işçi dili ingilis dilində olacaqdır. *Gələrkən özünüzlə şəxsiyyət vəsiqəsini gətirməyi unutmayın. Açıq dərsdə iştirak etmək istəyən tələbələr buradan qeydiyyatdan keçə bilər.
Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ATGTİ-nin təşkilatçılığı ilə TGT sədr və müavinlərinin Bakı Gənclər Mərkəzinə ekskursiyası baş tutub.
Ekskursiya zamanı TGT sədr və müavinləri Heydər Əliyevin həyat və yaradıcılığını öyrənmək məqsədilə müxtəlif istiqamətdə söhbətlər aparıb. Onlar ilk öncə H.Əliyevin katiblik və prezidentlik dövrünü əhatə edən videoçarxı izləyib. Daha sonra TGT nümayəndələri Heydər Əliyevə aid fotolarla tanış olub və onlara fotoların aid olduğu tədbirlərdəki H.Əliyevin çıxışları, nitqləri haqqında ətraflı məlumat verilib. Sonda ekskursiya iştirakçıları Bakı Gənclər Mərkəzinin önündəki Heydər Əliyevin heykəli qarşısında birgə xatirə şəkli çəkdirib.