• Bizi izləyin:
AZ | RU | EN

"Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" layihəsinə start verilib

11.02.2020, 01:17 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 10.02.2020 tarixində tələbələr üçün ənənəvi olaraq keçirilən “Liderlik Məktəbi” layihəsinə start verilib. "Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" fevral ayının 16-nadək Gəncə şəhərində davam edəcək. “Liderlik Məktəbi”  layihəsində iştirak edən 120 tələbə 5 komandada – “Gənclik”, “Gələcək”, “İnkişaf” “Birlik” və “Liderlik” komandalarında bölünüb. Tələbələrdən ibarət 5 komanda saat 07:00-da Bakıdan layihənin keçiriləcəyi məkana, Gəncəyə yola düşüblər. 

Səfər zamanı komandalar bir-birindən maraqlı təşəbbüslər nümayiş etdirərək, layihənin ilk gününə tam hazırlıqlı olduqlarını ifadə ediblər.

Respublikada təhsil alan ali və orta ixtisas təhsil müəssisələrinin 1, 2 və 3-cü kurs tələbələri üçün təşkil olunan “Liderlik Məktəbi” adı altında həyata keçirilən layihədə ATGTİ əvvəlki illərdə olduğu kimi ilkin mərhələdə seçim turu keçirib. Belə ki, layihədə iştirak üçün 1000-dən çox tələbə müraciəti qeydə alınıb. Həmin tələbələrdən müsabiqə tələblərini ödəyən 500-ə yaxın müraciət sahibləri müsahibəyə dəvət olunublar. Onlar arasından 120 tələbə düşərgədə iştirak hüququ qazanıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və s. kimi xüsusiyyətlərin aşılanması, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək mütəxəssislər yetişdirməkdir.

Tələbələrə peşəkar təlimçilər tərəfindən “Liderlik”, “Layihələrin yazılması”, “Könüllülük” “Media” və “Menecment Üsulları” mövzularında təlimlər keçiriləcək. Təlimlərlə yanaşı, tələbələr “Qarabağ Azərbaycandır!”, “Media”, “İdman!”, “2020 Bizim İlimİZdir”, və “Gənclər siyasəti” mövzularında təşkil olunmuş panellərdə iştirak edəcəklər. İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və s. işlərlə məşğul olacaq, həmçinin, hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdirəcəklər. Layihənin sonuncu günündə tələbələr təlim materialları əsasında tərtib olunmuş imtahanda iştirak edəcəklər. 

Qalib komanda hədiyyələrlə mükafatlandırılacaq. Ümumilikdə isə bütün iştirakçılara layihədə iştiraklarını təsdiqləyən diplomlar təqdim olunacaq.

Qeyd edək ki, ATGTİ-nin birgə təşkilatçılığı ilə həyata keçirdiyi layihə sayca  12-cidir və bundan öncə Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir və Mingəçevir şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında keçirilib.