• Bizi izləyin:
AZ | RU | EN

I. Ümumi müddəalar

1.1. Ali və ya orta ixtisas təhsili müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı (bundan sonra “Təşkilat”) tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq onların hüquq və maraqlarının müdafiəsini, intellektual inkişafını, asudə vaxtının səmərəli keçirilməsinin təşkilini təmin etmək, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilir.
1.2. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, ali və ya orta ixtisas təhsili müəssisəsinin nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq
fəaliyyət göstərir.
1.3. Təşkilat təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ  həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Təşkilat ali və ya orta ixtisas təhsili müəssisəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nəzdində fəaliyyət göstərən müstəqil tələbə gənclər təşkilatıdır.

II. Təşkilatın əsas məqsəd və vəzifələri

2.1. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
2.2. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
2.2.1. tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi;
2.2.2. tələbələrin problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
2.2.3. tələbələr arasında maarifləndirmə işinin aparılması;
2.2.4. tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
2.2.5. respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
2.2.6. tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
2.2.7. tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının,
müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin və digər tədbirlərin təşkil edilməsi;
2.2.8. tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
2.2.9. tələbələrin maraq və meyillərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və digər xidmətlərin təşkil edilməsi;

2.2.10. tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və ya orta ixtisas təhsili müəssisəsinin rəhbərliyi qarşısında vəsatətin qaldırılması;
2.2.11. təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı və sair barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
2.2.12. qanunvericiliklə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

III. Tələbələrin Təşkilatda iştirakı

3.1. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələləri təhsil aldıqları müəssisə üzrə Təşkilatın fəaliyyətində iştirak etməkdə bərabərhüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:
3.1.1. Təşkilatın hər hansı seçkili orqanını seçmək, təhsilinin axırıncı ilində olan tələbələr istisna olmaqla, seçilmək;
3.1.2. öz hüquqlarının müdafiəsinə kömək göstərilməsi üçün Təşkilata müraciət etmək;
3.1.3. Təşkilatın fəaliyyəti ilə bağlı məlumat əldə etmək;
3.1.4. Təşkilatın təşkil etdiyi tədbirlərdə iştirak etmək;
3.1.5. müxtəlif layihə təklifləri ilə çıxış etmək;
3.1.6. Təşkilatın nəzdində klub yaratmaq.

IV. Təşkilatın İdarə Heyəti

4.1. Təşkilatın İdarə Heyəti onun fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən kollegial orqandır.
4.2. İdarə Heyətinin tərkibi aşağıdakı qaydada müəyyən edilir:
4.2.1. Təşkilatın sədri və onun tələbələrlə iş, fəaliyyətlər və ictimaiyyətlə əlaqələr üzrə müavinləri;
4.2.2. fakültə sədrləri və onların müavinləri.
4.3. Təşkilatın nəzdində fəaliyyət göstərən klubların nümayəndələri İdarə Heyətində müşahidəçi qismində iştirak edə bilər.
4.4. Təşkilatın nəzdində fəaliyyət göstərən klubların nümayəndələri İdarə Heyətində müzakirəyə və səsverməyə qoymaq üçün mövzu təklifləri ilə çıxış edə bilər.
4.5. İdarə Heyəti 2 (iki) il müddətinə seçilir.
4.6. İdarə Heyətinin üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:
4.6.1. təhsilini başa çatdırdıqda;
4.6.2. təhsilini Azərbaycanın digər ali və ya orta ixtisas təhsili müəssisəsində və ya Azərbaycanın hüdudlarından kənarda davam etdirdikdə;
4.6.3. səbəbsiz olaraq İdarə Heyətinin iclaslarında ardıcıl olaraq 3 (üç) dəfə iştirak etmədikdə;
4.6.4. öz istəyinə əsasən.
4.7. İdarə Heyətinin iclasları ayda 1 (bir) dəfədən az olmayaraq keçirilir və aşağıdakı səlahiyyətlərə malikdir:

4.7.1. Təşkilatın fəaliyyət planlarını və layihələrini təsdiq edir;
4.7.2. Təşkilatın daxilində klubların yaradılmasına dair qərar qəbul edir;
4.7.3. Digər təşkilati məsələlər üzrə qərarlar qəbul edir.
4.8. İdarə Heyətinin iclasları onun üzvlərinin yarıdan çoxu (50%+1) iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
4.9. İdarə Heyətinin növbədənkənar iclası İdarə Heyətinin üzvlərinin 2/3-nin tələbinə və ya Təşkilatın sədrinin qərarına əsasən çağırıla bilər.
4.10. İdarə Heyətinin fəaliyyətinə Təşkilatın sədri rəhbərlik edir.
4.11. Təşkilatın sədrinin aşağıdakı öhdəlikləri var:
4.11.1. Təşkilatın fəaliyyətinə rəhbərlik edir, icraedici və sərəncamverici funksiyalar daşıyır;
4.11.2. Təşkilatı təmsil edir və onun adından çıxış edir;
4.11.3. İdarə Heyətinin iclaslarına rəhbərlik edir;
4.11.4. İdarə Heyətinin qərarlarının icrasını təmin edir;
4.11.5. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və İdarə Heyəti tərəfindən üzərinə qoyulan digər funksiyaları həyata keçirir;
4.11.6. öz fəaliyyəti ilə bağlı tələbələr qarşısında hesabat verir.
4.12. Təşkilatın sədri olmadıqda onun səlahiyyətlərini müavinlərindən biri həyata keçirir.

V. Klublar

5.1. Klub tələbələrin ortaq maraqlar ətrafında könüllü birləşməsidir.
5.2. Klub ali və ya orta ixtisas təhsili müəssisəsinin tələbə kontingentinin ən azı 1%-dən çoxunun (tələbə sayı 1000 nəfərdən az olan təhsil müəssisəsində 10 nəfərdən çoxunun) Təşkilatın İdarə Heyətinə ərizəsi və İdarə Heyətinin müsbət rəyi əsasında yaradıla bilər.
5.3. Klubun yaradılması ilə bağlı İdarə Heyətinin mənfi rəyi olduqda həmin rəy əsaslandırılmalı və müraciətçilərə bildirilməlidir.
5.4. Müraciətçilər rəylə razı olmadığı təqdirdə rəyə yenidən baxılması üçün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına müraciət edə bilərlər.
5.5. Klubun sədr və klubda müvafiq vəzifələri tutan nümayəndələrindən ibarət kollegial orqanı – İdarə Heyəti formalaşdırılır.
5.6. İdarə Heyəti klubun fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir.
5.7. İdarə Heyətinin fəaliyyətinə klubun sədri rəhbərlik edir.
5.8. İdarə Heyəti daxilində bütün qərarlar səsvermə yolu, sadə səs çoxluğu ilə qəbul edilir.
5.9. Klubun üzvlərinin sayı daimi olaraq minimum həddən (təhsil müəssisəsinin tələbə kontingentinin 1%-i) yuxarı olmalıdır.
5.10. Klubun üzv sayı minimum həddən aşağı düşdüyü təqdirdə Təşkilatın İdarə Heyəti tərəfindən xəbərdarlıq verilir.
5.11. 1 (bir) ay ərzində klubun üzv sayı minimum həddi keçmədiyi təqdirdə klubun fəaliyyətinə xitam verilir.
5.12. Kluba üzvlərin qəbuluna nəzarət Təşkilatın sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini tərəfindən aparılır.

5.13. Klubun fəaliyyətinə nəzarət Təşkilatın sədrinin fəaliyyətlər üzrə müavini tərəfindən aparılır.

VI. Fakültə təşkilatının strukturu

6.1. Fakültə təşkilatı Təşkilatın struktur vahididir.
6.2. Fakültə təşkilatının strukturuna aşağıdakılar daxildir:
6.2.1. fakültə sədri;
6.2.2. fakültə sədrinin növbələr üzrə müavinləri;
6.2.3. kurs rəhbərləri;
6.2.4. fakültədə təhsil alan tələblərin sayı çox olduğu təqdirdə, koordinatorlar;
6.2.5. qrup rəhbərləri.
6.3. Fakültə təşkilatının struktur vahidləri üzrə təyinatları fakültə sədri tərəfindən həmin struktur vahidinin əhatə və təmsil etdiyi tələbələrin rəyinin nəzərə alınması şərti ilə həyata keçirilir.
6.4. Fakültə təşkilatının yuxarıda göstərilmiş struktur vahidlərinin nümayəndələrindən ibarət kollegial orqanı – İdarə Heyəti formalaşdırılır.
6.5. İdarə Heyəti fakültə təşkilatının fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir.
6.6. İdarə Heyətinin fəaliyyətinə fakültə sədri rəhbərlik edir.
6.7. İdarə Heyəti daxilində bütün qərarlar səsvermə ilə, sadə səs çoxluğu ilə qəbul edilir.
6.8. İdarə Heyətinin iclasları ayda 1 (bir) dəfədən az olmayaraq keçirilir.

VII. Seçki prosesi

7.1. Təhsilinin axırıncı ilində olan tələbələr istisna olmaqla hər bir tələbə təhsil aldığı müəssisənin Təşkilat sədrliyinə və ya sədr müavinliyinə namizədliyini irəli sürə bilər.
7.2. Təşkilat sədrliyinə irəli sürülmüş namizədlərə həmin təhsil müəssisəsinin hər bir tələbəsi səs verə bilər.
7.3. Təhsilinin axırıncı ilində olan tələbələr istisna olmaqla müvafiq fakültədə təhsil alan hər bir tələbə həmin fakültənin sədrliyinə və ya sədr müavinliyinə namizədliyini irəli sürə bilər.
7.4. Fakültə sədri yalnız həmin fakültənin tələbələri tərəfindən seçilə bilər.
7.5. Həm Təşkilat sədrliyinə, həm də fakültə sədrliyinə namizədlər öz müavinləri ilə birlikdə namizədliklərini irəli sürməlidirlər.
7.6. Seçki prosesinin mərhələləri və həmin mərhələlərin müddətləri aşağıdakı kimidir:
7.6.1. namizədlərin qəbulu – 1 həftə;
7.6.2. həmin namizədlərin müsahibə yolu ilə təsdiqi – 1 həftə;
7.6.3. təşviqat və debatlar – 10 gün;
7.6.4. seçki – 1 gün;
7.6.5. hesabat-seçki konfransı – 1 gün.
7.7. Təşkilat sədrinin və müavininin müsahibə mərhələsi üçün həmin təhsil müəssisəsinin rəhbərliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədrindən (və ya sədr səlahiyyətlərini icra edən şəxs) ibarət Müsahibə Komissiyası formalaşdırılır.
7.8. Fakültə sədrinin və müavininin müsahibə mərhələsi üçün həmin təhsil müəssisəsinin müvafiq dekanı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş katibindən ibarət Müsahibə Komissiyası formalaşdırılır.
7.9. Müsahibədə namizədin akademik davamiyyəti, akademik göstəriciləri, ictimai fəallığı, siyasi fəaliyyətlə məşğul olub-olmaması (siyasi fəaliyyəti olmamalıdır) və təcrübəsi nəzərə alınır.
7.10. Seçki bülleten vasitəsilə aparılır.
7.11. Hər bir fakültə üzrə seçki məntəqəsi yaradılır.
7.12. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Katiblik nümayəndələrindən və üzv Təşkilatların İdarə Heyətlərinin üzvlərindən ibarət Seçki Komissiyası formalaşdırılır.
7.13. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına üzv olan Təşkilatların İdarə Heyətlərinin üzvləri müşahidəçi qismində cəlb olunur.
7.14. Tələbələr seçkidən 1 həftə öncə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına müraciət etməklə müşahidəçi qismində cəlb oluna bilər.
7.15. Hesabat-seçki konfransında Təşkilatın keçmiş İdarə Heyəti hesabat təqdim edir, yeni İdarə Heyəti təqdim olunur və fəaliyyətə başlayır.
7.16. Həm Təşkilat sədri və müavini, həm də fakültə sədri və müavini vəzifəsinə bir namizəd 2 (iki) il müddətinə seçilir və 2 (iki) dəfədən artıq seçilə bilməz.

VIII. Təşkilatın fəaliyyətinə nəzarət

8.1. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı gündəlik və həftəlik hesabatlar, ziyarətlər vasitəsilə Təşkilatın fəaliyyətinə nəzarət edir.
8.2. Təşkilat fəaliyyətində nöqsanlara yol verdikdə Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı Təşkilat sədrinə:
8.2.1. yazılı xəbərdarlıq;
8.2.2. töhmət;
8.2.3. şiddətli töhmət verə bilər.
8.3. Şiddətli töhmətdən sonra 1 ay sınaq müddəti müəyyən olunur.
8.4. Bu müddət ərzində nöqsanlar aradan qaldırılmadığı təqdirdə Təşkilatın sədri vəzifəsindən azad olunur.
8.5. Təşkilat təhsil müəssisəsindən kənar bütün fəaliyyətləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə razılaşdırmalıdır.

IX. Təşkilatın əmlakı və fəaliyyətinin təşkili

9.1. Təşkilatın fəaliyyət göstərməsi üçün ali və ya orta ixtisas təhsili müəssisəsinin ayırdığı sahə (otaq) və texniki avadanlıq şərti olaraq Təşkilatın əmlakı hesab edilir.
9.2. Təşkilatın fəaliyyəti ali və ya orta ixtisas təhsili müəssisəsinin ayırdığı maliyyə vəsaitləri, həmçinin qrantlar, sponsorlar, könüllü ianələr və qanunla qadağan olunmamış digər mənbələr hesabına həyata keçirilir.

X. Təşkilatın fəaliyyətinə xitam verilməsi

10.1. Təşkilatın fəaliyyətinə Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin müvafiq qərarı ilə xitam verilir.
10.2. Təşkilatın fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

XI. Yekun müddəalar

11.1. Bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
11.2. Gələcəkdə bu Əsasnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.