Bizi İzləyin :

TƏDBİRLƏR

“Müəllimlər arasında ixtisas olimpiadası”nın Final mərhələsi başa çatdı.

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, “Libra” kitab nəşriyyatının baş sponsorluğu ilə keçirilən “Müəllimlər arasında ixtisas olimpiadası”nın Final mərhələsi başa çatıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutan mərhələdə 9 ixtisas üzrə 354 finalçı iştirak edib. Finalçılar 150 dəqiqə ərzində  5 sual cavablandırıblar. Suallar 4-ü ixtisas, 1-i metodikadan olmaqla yazılı tipli olub. Qeyd edək ki, qaliblər fevralın 5-də baş tutacaq mükafatalandırma mərasimində elan ediləcək. “Sən də ixtisas olimpiadasına qoşul, biliyini hamıya sübut et!” şüarı ilə keçirilən olimpiadanın qalibləri sponsorlar tərəfindən müxtəlif hədiyyələrlə təltif olunacaqlar.           


2020-01-27

Ətraflı >

İlahiyyatçı qəzetində TGT sədri Nicat Hüseynovun Multikulturalizmin inkişafında Heydər Əliyevin rolu...

Multikulturalizmin inkişafında Heydər Əliyevin rolu   Azərbaycanda daim multikulturalizm, mədəniyyətlərarası dialoq və tolerant mühit hökm sürüb. Ümumiyyətlə, dünyada özlərinə məxsus milli-mənəvi dəyərləri yaşadan və onu gözbəbəyi kimi qoruyub, gələcək nəsillərə ötürə bilən xalqlar ən yüksək hörmətə layiqdirlər. Azərbaycan müxtəlif dövrlərdə yadellilərin işğalçı yürüşlərinə məruz qalsa da, bu Vətənin övladları hər zaman öz dəyərlərini qorumağı bacarıblar. Azərbaycanın ikinci dəfə müstəqillik qazandığı ilk dönəmlərə nəzər saldığımız zaman multikultural dəyərlərə ümummilli lider Heydər Əliyev kimi xüsusi önəm verən dahi şəxsiyyətə rast gəlirik.   Bu görkəmli dövlət xadimi Azərbaycanda sabitliyin təmin olunması, həmrəyliyin qorunması ilə yanaşı, multikulturalizmin inkişafında və genişləndirilməsində, eləcə də sivilizasiyalararası dialoqun təşkil edilməsində, tolerant mühitin formalaşdırılmasında müstəsna xidmətlərə imza ataraq böyük töhfələr verib. Bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsi də diqqətdən kənarda qalmayıb, mənəvi dəyərlər dünya səviyyəsində tanıtdırılıb. Ümummilli lider hesab edirdi ki, vətənə sədaqət nümayiş etdirmək, milli-mənəvi dəyərlərə sadiq olmaq hər bir vətəndaşın borcudur.   Ulu Öndər qədim tarixə malik olan mədəni irsimizin bütün azərbaycanlılar tərəfindən qorunması zəruriliyinin tərəfdarı olub. Azərbaycanın mədəniyyət və incəsənət sahəsi Heydər Əliyevin xüsusi diqqət və qayğısından əsla kənarda qalmayıb, həmçinin gənclərin vətənpərvər ruhda böyüməsindən ötrü onların milli-mənəvi dəyərlərimizi bilmələri və qorumalarının vacibliyini vurğulayıb.   Bildiyimiz kimi, ölkəmiz uzun müddət ərzində ateizm ideologiyasının əsaslarını rəhbər tutan totalitar rejim tərəfindən idarə edilib. Xalqımızı qədim tarixi bağlarla bağlı olduğu İslam dinindən ayrı salmağa çalışıblar. Müstəqillik əldə edildikdən sonra, xalqımız öz dini inanclarına qayıtmağa başladı. Sovet dövründə dinini, məzhəbini belə dilinə gətirməyənlər, yaxud qadağalara əməl etməyə məcbur edilənlər demokratik əsaslarla qurulan dövlətdə yaşamanın imkanlarından yararlanmağa başladılar. Vətəndaşların hüquq və azadlıqları, eləcə də dini etiqadlarını rahat şəkildə ifadə edə bilmə imkanları dövlətimiz tərəfindən qəbul edilən qərarlarla həyata keçirilməyə başlandı. Azərbaycan Respublikasının Konstitusiyasında "dini etiqad azadlığı"nın müəyyən edilməsi, həmçinin "Dini etiqad azadlığı" haqqında Qanunun qəbul edilməsi buna əyani sübutdur.   Ulu öndərin hakimiyyəti illərində Azərbaycanda yeni məscidlər tikildi, ziyarətgah və dini məbədlər əsaslı şəkildə təmir-bərpa edildi, abadlaşdırıldı. Azərbaycanda müstəqillikdən öncə 17 məscid mövcud olduğu halda, onların sayı 1236-ya çatdırıldı. Heydər Əliyev 1997-ci ildə Bibiheybət məscidinin bərpasına başlanması mərasimindəki çıxışında da müstəqilliyimizin qorunub-saxlanmasında milli-mənəvi dəyərlərimizin xüsusi rolunun olduğunu vurğulamışdır: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, qorunub saxlanmasında, Azərbaycanın başına gələn bəlaların aradan götürülməsində, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün apardığımız işlərdə, bütün başqa işlərdə bizim milli-mənəvi dəyərlərimiz – Azərbaycan xalqının milli-mənəvi dəyərləri, Azərbaycan xalqının mənsub olduğu İslam dininin mənəvi dəyərləri bizim üçün həmişə dayaq və ilham mənbəyi olmuş, bizə həmişə güc vermişdir”.   O, Azərbaycanın gələcək strategiyasının inkişaf etdirilməsində mənəvi mənbələrdən yararlanmağın xüsusi önəminin olduğundan bəhs edir, bu işdə İslam dinini də əhəmiyyətli rolunu vacib hesab edirdi. Ümummilli Lider bu səbəbdən tez-tez dindarlarla görüşlər keçirir, onların fikirlərinə ciddi şəkildə önəm verir, müxtəlif dini bayram və matəm mərasimlərində məscidlərə gedir, dindar insanlar qarşısında çıxışlar edərək, həm sevincli, həm də hüznlü anlarını bölüşürdü. Ulu Öndər İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu günü münasibətilə Təzəpir məscidində keçirilən bayram tədbirində iştirak edərkən bunları söyləyib: “Bizim bu ədalətli mübarizəmizdə, torpaqlarımızın müdafiəsində Allah bizə həmişə yardımçı olacaqdır. Ulu peyğəmbərimiz Məhəmməd əleyhissalamın qoyduğu yol, Qurani-Kərimin göstərişləri bizi qələbəyə aparacaq, xalqımızı birləşdirəcək və biz düşmənləri məğlub edəcəyik”.   Ümummilli lider Heydər Əliyev İslam dininin mənsublarına göstərdiyi qayğı və diqqəti ölkəmizdə yaşayan digər dinlərin mənsublarından da əsirgəməyib. O, öz düşüncələri və əməlləri ilə ölkəmizdə tolerant mühiti formalaşdırıb ki, bu da bütün vətəndaşlar üçün örnək rolunu oynayır. Ulu öndər digər din nümayəndələrinə qarşı yüksək dini dözümlülük nümayiş etdirməklə yanaşı, onları da heç vaxt diqqətdən kənarda saxlamayıb, arzu və istəklərini həyata keçirib, problemləri ilə yerindəcə tanış olmaqdan ötrü tez-tez ölkəmizdə fəaliyyət göstərən kilsə və sinaqoqlarda olub. Eləcə də görkəmli dövlət xadiminin onların dini məbədlərini bərpa etdirmək təşəbbüsünün bütün dünyaya nümunə olması danılmaz reallıqdır. Tez-tez dinin insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etdiyini vurğulayan Heydər Əliyev Azərbaycandakı dini konfessiyaların başçıları ilə görüşdəki söhbətində dinin ekstremizmlə heç bir bağlılığının olmadığını vurğulayarkən deyib: “Şübhəsiz ki, hər bir xalqın içərisində, hər bir ölkədə quldurlar, terrorçular, cinayətkarlar, ekstremistlər var. Ancaq bunun xalqların dini kökləri, yaxud onların dini prinsipləri ilə heç bir əlaqəsi yoxdur”.   Prezident İlham Əliyev haqqında danışarkən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini verən Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdəki prinsiplərini layiqincə davam etdirən Prezident İlham Əliyev multikultural dəyərləri və tolerantlıq siyasətini də diqqətdən kənarda saxlamamış, üstəlik, bu siyasəti Azərbaycan dövlətinin qarşıda duran ən prioritet məsələlərindən biri halına gətirib. Hər zaman etnik-mədəni prosesləri yaxından izləyib, onlara özlərinin layiq olduqları həddə dəyər verib. Tolerant mühitin inkişaf etdirilməsinə yalnız çıxışlarında toxunmaqla kifayətlənməyərək, bunu özünün əməli fəaliyyətində də dəfələrlə nümayiş etdirib. Cənab prezident 2017-ci ildə  BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında Azərbaycanın multikultural həqiqətlərini bəyan etdi, Ermənistanın vandalizm siyasətini bir daha ifşa etdi. Dünya ictimaiyyətinin diqqətini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə yönəldərək, ermənilərin Azərbaycan mədəniyyətinə qarşı törətdiyi vəhşilikləri dilə gətirdi:   “Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir”.   Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində göstərilir ki, Azərbaycan Dövləti demokratik, hüquqi, dünyəvi respublikadır. Azərbaycan məhz bu prinsipləri əsas götürərək, ölkə ərazisində mövcud olan etnik-mədəni müxtəliflikləri tənzimləyir, onların inkişaf proseslərinə də məhz bu kontekstdən yanaşır. Respublikanın sərhədləri daxilində Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan tolerant mühitin daha da genişlənib inkişaf etdirilməsindən ötrü davamlı şəkildə işlər görülür, bu yolda onun düşüncələri və tövsiyyələri daim diqqət mərkəzində saxlanılır. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan və onun əhalisi dünya ictimaiyyəti tərəfindən humanist, dözümlü, tolerant xalq kimi tanınır. Multikultural dəyərlərin yaşadılması sayəsində ölkəmiz daha da inkişaf edəcək və bütün dünya xalqları Azərbaycanı hər zaman nümunə kimi görəcəklər.   Nicat Hüseynov - I kurs tələbəsi, Azərbaycan İlahiyyat İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri


2019-12-18

Ətraflı >

Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda video iclas keçirilib

21 may 2020 il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovla baş tutan online konfransda müzakirə edilən məsələlər barədə ATGTİ-nin 23 may 2020-ci il tarixində keçirilmiş geniş formatda video iclasında ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının sədrlərinə ətraflı məlumat verilmişdir.  İclasda koronovirus pandemiyası dövründə Azərbaycan hökuməti tərəfindən müvafiq istiqamətlər üzrə atılmış addımlar, ali və orta ixtisas təhsili müəssisələrində məsafədən tədrisin təşkili yönündə həyata keçirilən təbdirlər barədə Təhsil nazirinin qeyd etdiyi məlumatlar paylaşılmış, həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələr üçün e-telebe.edu.az elektron portalının istifadəsi, təqaüdlərin verilməsi, semestr qiymətləndirilməsində edilmiş yeniliklərə dair məsələlər müzakirə olunmuşdur.  Daha sonra TGT sədrlərini maraqlandıran suallar cavablandırılmış, şərh və təkliflər qeydə alınmışdır. Tələbələrin iyun-iyul aylarında keçiriləcək imtahan sessiyası və digər mümkün suallarının toplanması üçün TGT-lər tərəfindən sorğuların davamlı şəkildə keçiriləcəyi bildirilmişdir. Sorğuların nəticələrinə əsasən tələbələri narahat edən məsələlər operativ şəkildə aidiyyəti üzrə rəsmi qurumlara təqdim olunacaqdır. Həmçinin, Təhsil Nazirliyinin məsul nümayəndələri ilə gələcəkdə də mütəmadi görüşlərin keçiriləcəyinin faydalı olacağı qeyd olunmuşdur.    


2020-05-23

Ətraflı >

"Qoşa Saat" layihəsi çərçivəsində "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda vebinar keçirilib

12 iyun 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə "Qoşa Saat" layihəsi çərçivəsində vebinar keçirilib. Vebinarda Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin informasiya təhlükəsizliyi və İT üzrə müşaviri Murad Qurbanov "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda çıxış edərək kiber təhlükəsizlik karyera seçimi olaraq, mobil təhlükələr, rəqəmsallaşma haqqında vebinar iştirakçılarına məlumat vermişdir. Görüşdə iştirak edən gənclərin Azərbaycanda kibercinayətlər, İnstagram sosial şəbəkəsində şəxsi məlumatları ötürən proqramlar, ölkəmizdə kibercinayətlərlə bağlı qanun və cəzalar barədə sualları cavablandırılmışdır. Həmçinin iştirakçılara kompüterlərdən diqqətsiz və məlumatsız istifadə edərkən yarana biləcək problemlər və onlardan qaçmaqçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etməkləri məsləhət görülmüşdür. Qeyd edək ki, görüşdə 100-ə yaxın gənc iştirak edib.      


2020-06-12

Ətraflı >

Dayanıqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum keçirilib

  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il 1-ci qrant müsabiqəsinin qalibi olan “Dayanaqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum” layihəsi  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib. Forumda ilk öncə Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov çıxış edərək qonaqları və tələbələri salamlayıb, ev sahibliyi etdiklərindən məmnunluğunu bildirib. Daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf proqramının əməkdaşı Məzahir Əfəndiyev Dayanıqlı İnkişaf Məqsədlərinin gələcək nəsillərin bugünkü ehtiyacların qarşılanmasına imkan verən üç təməl elementin bir-biri ilə uzlaşdırılmasından danışıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxış edərək ÜST-ün Azərbaycan Respublikasındakı hazırkı fəaliyyətindən bəhs edib. O, “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olmaq məqsədiylə mövcud və böhran zamanı yaranan  səhiyyə prioritetlərinin öhdəsindən gəlmək üçün ictimai səhiyyə tədbirlərinin əlaqələndirilməsini təmin etməyin mahiyyətini vurğulayıb. Forumda ekspert kimi iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının müdiri Oqtay Əliyev dayanıqlı inkişaf insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırdığını bildirib. Həmçinin, ARPDİA-nın bu sahədə bir çox səylərə imza atdığını da qeyd edib. Qərbi Kaspi Universitetinin əməkdaşı Samir Həmidov çıxışında qarşıdakı on iki il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklərini bildirib. Sonda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov çıxış edərək ekspertlərə və ev sahibliyi etdiyi üçün Vazeh Əsgərova təşəkkürünü bildirib. Qeyd edək ki, tədbirin moderatorluğunu ATGTİ-nin Beynəlxalq Əlaqələr departamentinin direktoru Ramin Həbibzadə edib. Həmçinin, sonda Forum iştirakçılarının suallarını cavablandırılıb.


2018-11-02

Ətraflı >

“Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu...

  Bakı Konqres Mərkəzində keçirilən forumun birinci panelində Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları çıxış ediblər. İkinci paneldə isə gənclər təşkilatlarının nümayəndələri,  ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov da çıxış edib. İlk öncə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Forumda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə VIII Forumun keçirilməsindən məmnunluğunu bildirib. Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı barədə də məlumat verən nazir bu baxımdan 2014-cü ildə ölkəmizdə keçirilən və 165 ölkədən 700 nümayəndənin iştirak etdiyi Gənclər Siyasəti üzrə I Qlobal Forumun əhəmiyyətini xüsusi vurğulayıb. Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycanda gənclər siyasətindən danışıb. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclərin ölkə həyatının bütün sahələrində fəal iştirak etdiklərini vurğulayan komitə sədri deyib ki, gənclərimiz dövlətimizin dəstəyi ilə mühüm yerli və beynəlxalq tədbirlərdə uğurla çıxış edir, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ edirlər. Bu tədbirlər Azərbaycan gənclərinin dünyagörüşünün, fəallığının artmasında, onların beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayıb. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında ölkədə gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıblar.   Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova sıralarında 127 təşkilatın birləşdiyi qurumun ötən dörd ildəki fəaliyyətinin yekunları barədə məlumat verib. Bu tədbirlər arasında Azərbaycan Könüllülük Xidməti, “Xətdə”, BMT ilə birgə reallaşdırılan “Gənclər daha yaxşı gələcək uğrunda”, “Nifrət nitqinə yox” və s. layihə, kampaniya və proqramların uğurla reallaşdırıldığını bildirib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Azərbaycan dövləti gənclərimizin fəaliyyətindən, onların inkişafı üçün hər cür şərait yaradıldığından, bu şəraitin nəticəsində bu gün Azərbaycan gəncliyi istənilən sahədə öz sözünü deməyə qadir qüvvəyə çevrildiyindən danışıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov çıxış edərək cari ilin statistikasından, ATGTİ-nin bu illərdə keçirtdiyi layihələrdən, Azərbaycan Tələbə Kartından və onun təklif etdiyi endirimlərdən danışıb.      


2018-11-17

Ətraflı >

“Şah-Mat”

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində “Şah-Mat” adlı şahmat turniri baş tutdu.Turnirin yekun nəticələrinə əsasən ilk 3 yerin sahibi müəyyən olundu:🥇Ramazan Məcidov🥈Nigar Bayramlı🥉Məhəmmədəli ƏsədovQaliblər sonda diplomla təltif olunublar. Turnirin təşkili prosesində dəstək göstərdikləri üçün Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirik!


2021-11-19

Ətraflı >

«Show Your Dance 2019» rəqs müsabiqəsi keçirilib

  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "Show Your Dance 2019" adlı rəqs müsabiqəsi keçirilib. İdman Akademiyasın 3-cü kurs tələbəsi Murad Süleymanlının layihə rəhbəri olduğu müsabiqə artıq 3-cü dəfədir ki, keçirilir. Müsabiqədə 7 ali təhsil müəssisəsinin rəqs komandası iştirak edib və hər müəssisədən 1 komanda öz rəqslərini nümayiş etdirib. Rəqs müsabiqəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası "İncilər", Azərbaycan Dövlət Pedaqoji Universiteti "Xarici", Bakı Ali Neft Məktəbi "Ləzginka", Milli Aviasiya Akademiyası "Arşın Mal Alan", Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli", Azərbaycam Tibb Universiteti "Uzundərə", Azərbaycan Turizm və Menecment Universiteti isə "Tango" rəqsləri ilə çıxış edib. Sonda münsif səsləri toplanaraq 110 balla Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli" rəqsi ilə qalib olub. Məlumat üçün bildirək ki, gələn il keçirilməsi nəzərdə tutulan "Show Your Dance 2020" Rəqs Müsabiqəsi qalib komandanın təmsil olunduğu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutacaq.  


2019-06-04

Ətraflı >

Noyabr ayı üzrə ən aktiv TGT-lər təltif edilib!

14.12.2019-cu il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Sonra yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin noyabr ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb: 1.   Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə Gənclər Təşkilatlarının rolu 2.   Bayraqdar intellektual oyunu 3.   Bayraq Günü fləşmobu 4.   Azərbaycan – UELS futbol yarışı 5.   “Youth Speak” Forum 6.   Tələbələr ilə səmimi görüş-Bakı Dövlət Universiteti Faiq Məmmədov həmçinin, İttifaq daxilində edilən kadr dəyişikliyi barədə də TGT sədrlərini məlumatlandırıb. Sonda noyabr ayının ən fəal TGT-si Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci seçilib. Hər iki təhsil müəssisəsinin TGT sədrləri Murad Süleymanlı və İsmayıl Ağazadə sədr tərəfindən təltif edilib.  


2019-12-16

Ətraflı >

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ili münasibətilə videokonfrans keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ili münasibətilə videokonfrans keçirilib.   Videokonfransda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Cümhuriyyətə aparan yol” mövzusunda çıxış edərək,  müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirilən yeniliklərin Azərbaycan xalqının tarixində olan yeri və əhəmiyyəti haqqında konfrans iştirakçılırına məlumat vermişdir. Görüşdə iştirak edən tələbələrin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına aparan yol, həmin tarixi dönəmdə regionda və dünyada baş verən hadisələr, bunların ilk cümhuriyyətimizin mövcudluğuna təsiri və respublikanın süquta uğramasını şərtləndirən səbəblər barədə sualları cavablandırılmışdır. Xüsusilə vurğulanmışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan hazırkı dövlətimizin müstəqilliyinin möhkəmlənməsi və daha da qüdrətlənərək inkişaf etməsi üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər əllərindən gələni etməli və hər zaman müstəqilliyimizi və dövlətçiliyimizi əziz tutmalıdır. Qeyd edək ki, görüşdə 200 yaxın gənc iştirak edib.  


2020-05-28

Ətraflı >

Enactus Azərbaycan proqramı çərçivəsində 2020-ci il Enactus Azərbaycan Qış Məktəbi baş tutub

Azərbaycan Respublikasının Gənclər Fondu, BP şirkətinin maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Enactus Azərbaycan proqramı çərçivəsində 28 fevral – 1 mart tarixlərində Bakı şəhəri Park Inn otelində 2020-ci il Enactus Azərbaycan Qış Məktəbi baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu gənclər siyasətində elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin gənclər arasında stimullaşdırılması prioritet məqsədlər hesab olunur. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində “Enactus” Proqramının inkişaf etdirilməsi və Qış Məktəbinin hazırlanma prosesinə xüsusi diqqət göstərilir. Qış Məktəbinin açılışında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ATGTİ-nin sədri və Enactus Azərbaycan ölkə üzrə rəhbəri Faiq Məmmədov, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. Bildirilib ki, Enactus Azərbaycan Qış Məktəbi tələbələrdə biznes bacarıqlarını inkişaf etdirməklə sahibkarlığın təşviq olunması məqsədini daşıyır. Proqram çərçivəsində müxtəlif mövzularda silsilə təlimlər keçiriləcək, burada həmçinin, dünya praktikasında olan ən uğurlu layihələr barədə məlumat veriləcək və interaktiv oyunlarla tələbələrə öyrəndikləri nəzəri bilikləri real həyatda tətbiq etmə imkanı yaradılıb. Qış Məktəbində Azərbaycanın 20 universitetini təmsil edən Enactus komandaları olmaqla ümumilikdə 150 nəfər iştirak edib. Tədbir zamanı hər komandanın öz layihə ideyalarını formalaşdırmasına fərdi dəstək göstərilib, sosial sahibkarlıq sahəsində peşəkar mütəxəssislər tərəfindən layihə planlarının yazılması, biznes və startapların idarə olunması, özünə məşğulluğun təmin olunması, layihənin uzun müddətli icra prosesində qarşıya çıxa biləcək problemlər və bu problemlərin aradan qaldırılması ilə bağlı təlimlər keçirilib. Tədbirin son günündə gənclərin tədbir haqqında olan təəssüratlarını öyrənmək üçün sorğu keçirilib və əyləncəli konsert proqramı təşkil olunub. Qeyd edək ki, Enactus Proqramı 1975–ci ildə ABŞ-da yaradılıb və indiyədək 72 000-dən artıq proqram iştirakçısı 2 milyondan çox insanın həyatını dəyişıb və cəmiyyətə müxtəlif töhfələr verib. Azərbaycan Enactus Proqramına 2005-ci ildən qoşulub. Proqram gənclərə nəzəri biliklərini praktikada tətbiq etmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, azad sahibkarlığı təbliğ etməklə öz arzularını gerçəkləşdirməyə kömək edir. Eyni zamanda, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək proqramın əsas məqsədlərindən biridir. Dünyanın müxtəlif ölkələrində hər il keçirilən müsabiqələrin qalibi olan universitetlər Enactus Global tərəfindən ayrı-ayrı ölkələrdə təşkil olunan Enactus Dünya Müsabiqəsində öz dövlətini və universitetini təmsil edir. Azərbaycan Enactus Milli komandası ötən il ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində keçirilmiş “Enactus-2019” dünya çempionatında yüksək nailiyyət qazanaraq qrup liqasında qalib seçilib və yarımfinal mərhələsinə keçib.         


2020-03-03

Ətraflı >

Azərbaycan Respublikasının Gənclər Fondu ilə TGT sədrlərinin görüş keçirilib

  Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu ilə Tələbə Gənclər Təşkilatlarının sədrlərinin görüşü baş tutub. “Tələbə gənclər təşkilatları ilə görüş, uğurlar, naliyyətlər və fəaliyyət planları” adı ilə həyata keçirilən görüşdə Milli Məclisin deputatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri Şahin İsmayılov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak edib.  Tədbir Fərid Cəfərovun  çıxışı  ilə başlayıb. O, fondun fəaliyyəti və səlahiyyətlərin genişlənməsi  haqqında danışıb. Çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2018-ci il tarixli Fərmanına əsasən  sosial müdafiəyə  ehtiyacı olan xüsusi istedadlı gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı layihə barəsində məlumat verib. Şahin İsmayılov çıxış edərək TGT-lərin fəaliyyəti barəsində fondu məlumatlandırıb.  Görüşdə Tələbə Gənclər Təşkilatlarının fəaliyyəti və yaranan problemlər barəsində də danışıq aparılıb. Görüşün keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən TGT-lərin fəaliyyəti, qarşıya çıxan problemləri və onların gələcəkdə  həyata keçirmək istədikləri layihələr ilə yaxından tanış olmaq və onları Gənclər Fondu ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyə dəvət etməkdən ibarətdir olmuşdur.    


2018-11-28

Ətraflı >

Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı ilə İntellektual Oyunlar Klubunun birgə təşkilatçı...

Məktəblilərlə görüş zamanı Baki Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı sədri Kənan Sadıqov  Baki Ali Neft Məktəbi və onun fəaliyyəti haqqında şagirdləri məlumatlandırıb. Görüş zamanı şagirdlərin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər dinlənilib. Daha sonra Məktəblilər arasında 30 sualdan ibarət 2 hissəli intellektual oyun baş tutub. Suallar şagirdlərin dünyagörüşü, bilik və bacarıqlarını artırmaq məqsədilə (Azərbaycan dili və ədəbiyyatı, coğrafiyası və mədəniyyəti və s.) mövzularında tərtib olunub. İştirakçı 12 komandanın adı işğalda olan rayonların adlarına uyğun şəkildə adlandırılıb. Bayram ab-havasında uşaqların həvəslə iştirak etdiyi intellektual oyunun ikinci hissəsində interaktiv oyun ("Səssiz Sinema") baş tutub. Daha sonra hər iki oyun üçün ballar hesablanaraq nəticələr açıqlanıb. Qalib komandalar (1, 2 və 3-cü yer) kubok, medal və xüsusi hədiyyələrlə təltif olunub. Bununla yanaşı, bütün məktəblilərə TGT aktivləri tərəfindən məktəb ləvəzimatları hədiyyə edilib. Sonda tələbələr məktəbin kitab fonduna məktəbliləri maraqlandıran mövzular ətrafında kitablar bağışlayıb və xatirə şəkli çəkdirib.      


2019-04-18

Ətraflı >

“Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” lahiyəsinin ekspertləri tələbələrlə görüş...

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” layihəsinə start verilib. Tədbir layihə ekspertləri və könüllüləri arasında tanışlıqla başlayıb. Görüşdə ekspertlər – sosioloq Hüseyn İbrahimov və AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirak ediblər. AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirakçıları salamlayıb və layihənin məqsədini açıqlayıb. Daha sonra sosioloq Hüseyn İbrahimov çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Sonda ekspertlər tələbələrin suallarını cavablandırıblar. Bildirək ki, layihə Azərbaycanın 4 regionunda və Bakı şəhərində keçiriləcək. Layihə müddətində seminarlar təşkil olunacaq, könüllülər sorğular keçirəcək. Sorğuların nəticələri əsasında müasir Azərbaycan gənclərinin sosial psixoloji mənzərəsi araşdırılacaq.


2018-11-09

Ətraflı >

TGT sədri Yusif Şükürov VII Rusiya - Azərbaycan gənclər Forumunda iştirak edib

22 Sentyabr tarixindən başlayaraq Rusiyanın Sankt-Peterburq şəhərində Gənclər və idman nazirliyinin dəstəyi ilə VII Rusiya - Azərbaycan gənclər Forumu öz işinə başlayıb. Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Açılış mərasimdə çıxış edən nazir müavini İntiqam Babayev Forumun keçirildiyi 7 il ərzində Rusiya və Azərbaycan gəncləri arasında sıx əlaqələrin qurulduğunu və münasibətlərin daha çox inkişaf etdiyini bildirib. Nazir müavini vurğulayıb ki, bu forum hər iki ölkə gənclərinin bir-biriləri ilə daha yaxından tanış olmaları, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmələri üçün çox böyük imkanlar yaradır. İntiqam Babayev çıxışının davamında “İlk dəfə 2012-ci ildə “Yeni nəsil: sərhədsiz məsuliyyət” başlığı altında keçirilən forumun ölkəmizdə gerçəkləşdiyini və əsası dialoq və əməkdaşlıq olan Bəyənnamənin Azərbaycanda qəbul edildiyini bildirib. O, deyib: evindirici hal ondan ibarətdir ki, forumlar daim müxtəlif sahələri əhatə edən mövzular ətrafında gerçəkləşir. Bu isə o dəməkdir ki, forum öz ətrafına fərqli düşüncəli, müxtəlif sahələri ehatə edən gəncləri cəlb edib, onların bacarıq və imkanlarının genişləndirilməsi üçün yeni zəmin yaradır. Ölkə başçıları cənab İlham Əliyev və Vladimir Putin də daim çıxışlarında hər iki ölkənin tarixə sığınan sıx və inkişaf etməkdə olan dostluq münasibətlərini xüsusi olaraq vurğulayırlar.” Nazir müavini çıxışının davamında hər iki ölkə gəncləri arasında əməkdaşlığın, əlaqələrin genişləndirilməsi sahəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR təşkilatının xüsusi rolu haqqında danışıb və Rusiyanının müxtəlif Universitetlərində təhsil alan gənclərin mütəmadi olaraq Azərbaycana səfərlərinin təşkil edildiyini və bu istiqamətdə böyük addımlar atıldığını diqqətə çatdırıb. Sonda İntiqam Babayev forum iştirakçılarına uğurlar arzulayıb. Qeyd edək ki, Azərbaycandan ümumilikdə 25 gəncin qatıldığı forumda "Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi", "Gənclər üçün biznes. Sosial sahibkarlıq", "Qeyri-rəsmi təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu", "Davamlı inkişaf məqsədləri", "Müasir media məkanı" üzrə sessiyalar təşkil edilib.  Bölümlərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin TGT sədri Şükürov Yusif Azər oğlu ,,Gənclərin yaradıcılıq inkişafı üçün beynəlxalq layihələr" mövzusunda çıxış edib.      


2019-10-04

Ətraflı >