Bizi İzləyin :

ƏSASNAMƏ

 I. Ümumi müddəalar

 

1.1. Ali və ya orta ixtisas təhsili müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı (bundan sonra “Təşkilat”) tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq onların hüquq və maraqlarının müdafiəsini, intellektual inkişafını, asudə vaxtının səmərəli keçirilməsinin təşkilini təmin etmək, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilir.

1.2. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, ali və ya orta ixtisas təhsili müəssisəsinin nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

1.3. Təşkilat təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Təşkilat ali və ya orta ixtisas təhsili müəssisəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nəzdində fəaliyyət göstərən müstəqil tələbə gənclər təşkilatıdır.

 

II. Təşkilatın əsas məqsəd və vəzifələri

 

2.1. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

2.2. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

2.2.1. tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi;

2.2.2. tələbələrin problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;

2.2.3. tələbələr arasında maarifləndirmə işinin aparılması;

2.2.4. tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;

2.2.5. respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;

2.2.6. tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;

2.2.7. tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin və digər tədbirlərin təşkil edilməsi;

2.2.8. tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;

2.2.9. tələbələrin maraq və meyillərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və digər xidmətlərin təşkil edilməsi;

 

III. Tələbələrin Təşkilatda iştirakı

 

3.1. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələləri təhsil aldıqları müəssisə üzrə Təşkilatın fəaliyyətində iştirak etməkdə bərabərhüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:

3.1.1. Təşkilatın hər hansı seçkili orqanını seçmək, təhsilinin axırıncı ilində olan tələbələr istisna olmaqla, seçilmək;

3.1.2. öz hüquqlarının müdafiəsinə kömək göstərilməsi üçün Təşkilata müraciət etmək;

3.1.3. Təşkilatın fəaliyyəti ilə bağlı məlumat əldə etmək;

3.1.4. Təşkilatın təşkil etdiyi tədbirlərdə iştirak etmək;

3.1.5. müxtəlif layihə təklifləri ilə çıxış etmək;

3.1.6. Təşkilatın nəzdində klub yaratmaq.

SƏNƏDLƏR