BİZ MƏTBUATDA
Tələbə kütləsinin formalaşdırılmasını dəstəkləyən “Hədəf 5%” proqramının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə oktyabrın 27-də Tələbə Gənclər Təşkilatlarının fəaliyyətinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasını dəstəkləyən “Hədəf 5%” proqramının açılış mərasimi keçirilib. Azərbaycan-Fransız Universitetində baş tutan tədbirdə dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və ATGTİ-nin sədri Pərviz Mirələmlinin çıxışları ilə davam etmişdir. Çıxışçılar Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman ordumuz tərəfindən yazıldığını böyük qürur hissi ilə qeyd edib, 17 illik gərgin əməyinin nəticəsi olaraq dövlət başçısının Azərbaycanı ərazi bütövlüyünə qovuşdurduğu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdığını vurğulayıblar. Həmçinin, tələbə gənclərin qalib xalqın nümayəndələri kimi öz sahələrində daha aktiv fəaliyyət göstərmələrinin vacibliyi qeyd olunmuş, gəncləri öz ətrafında toplayan bu proqramın əhəmiyyəti və yaxın aylar ərzində onlara verəcəyi töhfələr haqqında fikirlər bölüşülüb. Daha sonra ATGTİ-nin üzv təşkilatlar və tələbə klubları ilə iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə “Hədəf 5%” proqramını tədbir iştirakçılarına təqdim edərək layihənin missiya və hədəfləri, fəaliyyət istiqamətləri və həyata keçiriləcək yeni koordinasiya planı haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, “Hədəf 5%” proqramının əsas məqsədi təhsil müəssisələrində fəaliyyət göstərən TGT-lərin ilkin olaraq müəssisədə təhsil alan tələbələrin ən azı 5 faizinin TGT fəaliyyətlərinə cəlb olunmasını nəzərdə tutur.
Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü, ATGTİ-nin tərəfdaşlığı ilə
ADA Universitetində Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü, ATGTİ-nin tərəfdaşlığı ilə "Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə" mövzusunda konfrans keçirilib. Şuranın sədri Məryəm Məcidova konfransda çıxış edərək daha yaxşı gələcək üçün yoxsulluğu aradan qaldırmaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərin səfərbər olunmasının və cəmiyyətin həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. M.Məcidova bu baxımdan #heçkəskənardaqalmasın həştəqi ilə sosial şəbəkələrdə geniş məlumatlandırma işinin aparıldığını vurğulayıb. BMT-nin İnkişaf Proqramının DİM üzrə eksperti Delavar Barekzai “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” mövzusunda keçirilən onlayn sorğunun nəticələrini elan edib. Sonra “Dayanıqlı İnkişaf Məqsədlərinə sən də qoşul!” adlı videoçarxın təqdimatı olub. Konfransda Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov gənclər təşkilatlarının qlobal layihələrdən olan Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar səylərini birləşdirməsindən məmnunluğunu ifadə edib. Baş Nazirin müavini deyib ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq, 2015-ci ildə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkəmizlə BMT arasında əməkdaşlığın inkişafında növbəti əhəmiyyətli addımdır. Azərbaycan Hökuməti BMT-nin nümayəndəliyi ilə bu sahədə səmərəli əməkdaşlıq edir və DİM-ə nail olmaq üçün gənclərimizin potensialından istifadə edərək bu prosesə dəyərli töhfələr verir. Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti DİM-in həyata keçirilməsində üzərinə düşən bütün vəzifələri lazımi səviyyədə yerinə yetirir. Azərbaycan əhalisinin 45 faizi 30 yaşadək olan insanlardır. Gənclərimizin qlobal layihənin həyata keçirilməsində iştirakı onların Azərbaycanın inkişafına töhfə verməkdən kənarda qalmadıqlarını göstərir. Azərbaycanın sürətli yüksəlişi, inamlı gələcəyi gənclərimizin bu proseslərə yaxından iştirakını şərtləndirir. Onların sosial-iqtisadi tərəqqidə yaxından iştirakı isə ümumi inkişafa əlavə töhfə verir. “Dünya əhalisinin artımı köç problemini də aktual edir. Azərbaycan da bu problemdən əziyyət çəkir. Çünki əhalimizin 1 milyondan çoxu Ermənistanın hərbi təcavüzü nəticəsində öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu problemlərin həlli bəşəriyyətin, dövlətlərin qarşısında duran vacib vəzifələrdir”, - deyə Əli Əhmədov vurğulayıb. Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən biri də gender bərabərliyidir. Azərbaycanda bu istiqamətdə mühüm işlər görülür. Azərbaycanda qadınların cəmiyyətdə xüsusi yer tutması, dövlətin inkişafında yaxından iştirakı diqqət mərkəzində saxlanılır. Çünki əhalimizin yarısını qadınlar təşkil edir. Əsas məqsədlərdən biri qadınların rəhbər vəzifəyə seçilməsinə inamı artırmaqdır. Azərbaycanda təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışanların çoxu qadınlardır. Beynəlxalq təşkilatların araşdırmalarına görə, Azərbaycanda gender bərabərliyinin təmin olunmasında ciddi irəliləyişlər əldə edilib. Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti gender bərabərliyi anlayışını çox yaxşı dərk edir. Bu istiqamətdə maarifləndirmə işi daha da gücləndirilməlidir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, son vaxtlar Azərbaycanda qəbul olunan Dövlət Proqramlarında DİM də əksini tapıb. Biz bu hədəflərə nail olmağa çalışırıq. Bu illər ərzində ölkəmizdə DİM-in təbliği istiqamətində əhəmiyyətli işlər görülüb. BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və başqaları çıxış edərək DİM-in ölkəmizdə və dünyada inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərmək üçün ciddi çağırış olduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmizdə gənclərimiz keyfiyyətli təhsil, ekoloji, sosial layihələr və digər məqsədlər üzərində çalışırlar. Bu sahədə gənclərin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı ATGTİ sədri Faiq Məmmədov TGT-lər arasında aparılmış “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” başlıqlı sorğu haqqında danışıb. O, bildirib ki, ATGTİ olaraq daima tələbələrin fikirlərini dinləmək, onlardan gələn təklifləri dəyərləndirmək bizim üçün prioritet məsələlərdən biridir. Həmçinin, O, Nayoranın təşəbbüsü ilə keçirilən konfransda ATGTİ-nin tərafdaş qismində iştirakını bildirərək sorğunun 101 ali və orta ixtisas təhsil müəssisəsi üzrə aparıldığını diqqətə çatdırıb. Konfrans üç moduldan ibarət olub. Birinci hissə Dayanıqlı İnkişaf Məqsədləri haqqında iştirakçıların məlumatlılıq səviyyəsinin artırılması və 9 min gəncin qatıldığı sorğunun nəticələrinin təqdimatına həsr edilib. Konfransın yekununda Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi haqqında təqdimat olub. ©
Tələbə Gənclər Təşkilatlarının "Aprel Zəfəri" ilə bağlı keçirdiyi silsiləvi tədbir və səfərlər yekunlaşıb
Tələbə Gənclər Təşkilatları Aprel döyüşləri ilə bağlı silsiləvi tədbirlər keçirib. Dördgünlük müharibə adı ilə də tanınan Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədir. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş verən ən şiddətli döyüşlərdən olub. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən bu döyüş sayəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub. Bununla da Azərbaycan Respublikasının bəzi təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşəbbüskarlığı və təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin bu danılmaz qələbəsi keçirilən tədbir və edilən səfərlərdə bir daha vurğulanıb. Belə ki, Qərbi Kaspi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecində Aprel döyüşləri ilə bağlı tamaşa tipli tədbirlər keçirilib. Bu tədbirlərin keçirilməsi ilə Aprel şəhidləri yad edilmiş və həmin təhsil müəssisələrində təhsil alan gənclərə Qarabağ həqiqətləri, həmçinin, Aprel zəfəri bir daha xatırlanmış olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə əcnəbi tələbələrlə birgə Aprel şəhidlərinə həsr edilmiş filmə baxış keçirilib. Bu film, əcnəbi tələbələr tərəfindən böyük marağa səbəb olub və əcnəbi tələbələr tərəfindən həssaslıqla qarşılanıb. Bakı Mühəndislik Universitetinin Tələbə Gənclər Təşkilatı kollektivi Sumqayıt şəhərindəki şəhid ailələrini ziyarət edib. TGT kollektivi şəhid ailələrinə edilmiş ziyarətlə xalqımızın, xüsusən də Azərbaycan gəncliyinin şəhid ailələrinə olan diqqət və qayğısını bariz nümayiş etdirib. Aprel Şəhidlərinin Əziz Xatirəsini yad etmək məqsədilə ADPU Şamaxı Filialının Tələbə Gənclər Təşkilatının bir qrup fəal gənci də şəhidlər - Kaçayev Samir Ziyəddin oğlu Səmədov Elşən Səlim oğlu Zəkərayev Nazim Nadir oğlu-nun məzarlarını ziyarət edib. Onlar şəhidlərimizin göstərdikləri şücaətlərdən söz açaraq, "Vətən" məfhumun ucalığından bəhs edib. Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri isə Aprel döyüşləri və 31 mart soyqırımı ilə bağlı olaraq "Quba Soyqırımı Memorial Kompleksi"nə səfər edib.
“İstedadlı Gənclərin Estrada-Vokal Müsabiqə”si keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Milli Konservatoriyasının dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “İstedadlı Gənclərin Estrada-Vokal Müsabiqə”si keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra isə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edib. O, belə tədbirlərin keçirilməsini və gənclərin belə layihələrdə iştirakını təqdirə layiq hesab etdiyini bildirib. Gənclərə bu tip layihələrdə fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev yaradıcılığla bağlı layihələrin mədəni zövqün formalaşması üçün önəmli olduğunu qeyd edib. O, iştirakçılara uğurlar arzulayıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov müsabiqənin maraqlı olacağına inamını bildirib. Ölkəmizdə gənclərin inkişafı üçün çoxlu imkanlar olduğunu bildirən Şahin İsmayılov, gənclərə uğurlar arzulayıb. Daha sonra iştirakçılar seçdikləri mahnıları ilə çıxış ediblər. Sonda isə münsiflər onların çıxışlarını dəyərləndirib, müvafiq yerlər üzrə qalibləri müəyyənləşdiriblər.
Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ATGTİ-nin təşkilatçılığı ilə TGT sədr və müavinlərinin Bakı Gənclər Mərkəzinə ekskursiyası baş tutub.
Ekskursiya zamanı TGT sədr və müavinləri Heydər Əliyevin həyat və yaradıcılığını öyrənmək məqsədilə müxtəlif istiqamətdə söhbətlər aparıb. Onlar ilk öncə H.Əliyevin katiblik və prezidentlik dövrünü əhatə edən videoçarxı izləyib. Daha sonra TGT nümayəndələri Heydər Əliyevə aid fotolarla tanış olub və onlara fotoların aid olduğu tədbirlərdəki H.Əliyevin çıxışları, nitqləri haqqında ətraflı məlumat verilib. Sonda ekskursiya iştirakçıları Bakı Gənclər Mərkəzinin önündəki Heydər Əliyevin heykəli qarşısında birgə xatirə şəkli çəkdirib.
Kinoman layihəsinə start verilir
Əziz tələbələr! Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Kinoman" layihəsinə start verilir. "Filmlərimiz 60-80-ci illərdə" şüarı altında keçiriləcək layihəyə qeydiyyatdan keçən hər bir tələbə dəvətlidir! Qeyd: Layihə "intellektual oyun" formasında reallaşacaq. Belə ki, 60-80-ci illərdə lentə alınan milli filmlərimizdən məşhur sitatlar, çəkiliş heyəti, çəkiliş məkanları və sair nüanslar layihənin mövzusunu əhatə edəcək. Tələs, elə indi qeydiyyatdan keç və "dahi kinoman" olduğunu hər kəsə sübut et! Qeydıyyat üçün son tarix: 5 dekabr 2018-ci il Burada qeydiyyatdan keçə bilərsiniz.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirildi. Açılışda Fövqəladə Hallar Nazirliyinin ifasında Azərbaycan Respublikasının himni səsləndirildi. Sonra İttifaqın irimiqyaslı layihələrini özündə əks etdirən videoçarx izlənildi. Videoçarxdan sonra Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sabiq sədri Şahin İsmayılov çıxış edərək ATGTİ-nin 9 illik fəaliyyəti haqqında konfrans iştrakçılarına hesabat verdi. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışı zamanı ATGTİ-nin bu illər ərzində tələbələrə qazandırdığı səmərəli fəalliyyətini müsbət dəyərləndirdiyini bildirdi. Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ATGTİ-nin bundan sonraki fəaliyyətində uğurlar arzuladı. Prezident Adminstrasiyasının nümayəndəsi Həmid Nəsirov çıxışı zamanı ATGTİ-nin çətir təşkilat olduğunu - bir çox Tələbə Gənclər Təşkilatlarını özündə cəmlədiyini vurğuladı. Həmçinin, Prezident Adminstrasiyasının da hər zaman Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına dəstək olacağını bildirdi. Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov çıxış edərək 9 illik səmərəli fəalliyətinə görə təbrik etdi və yeni idarə heyyətinə uğurlar arzuladı. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının keçirdiyi layihələrin ATGTİ dəsti-xətti yaratdığını vurğuladı. Daha sonra Seymur Orucov Şahin İsmayılova plaket təqdim etdi. Çıxışlardan sonra sədr seçkilərinə namizədlərin videoarxları izləndi. Konfrans iştirakçıları elektron səsvermədən istifadə edərək namizədlər arasında öz seçimlərini etdilər. Səsvermənin sonunda ATGTİ-nin yeni sədri Faiq Məmmədov seçildi.
“Tea Talks” proqramı çərçivəsində ilk karyera səfəri
Azərbaycan Respublikasının Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində ilk karyera səfəri hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərib, “Fortune 500”- də yer alan şirkətlərə konsaltinq xidməti göstərən EKVİTA (EKVITA) şirkətinə olmuşdur. Səfər zamanı tələbələr şirkətin rəhbərliyi və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuş, öz suallarını birbaşa məsul şəxslərə ünvanlamaq imkanı qazanmışlar. Çay fasiləsindən sonra isə tələbə gənclər müxtəlif şöbələri gəzərək oradakı iş prosesi ilə yaxından tanış olmuşlar. Sonda iştirak edən tələbələrə şirkət tərəfindən müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub. Əgər siz də bu kimi imkanlardan yararlanmaq isyəyirsinizsə, bizi izləmədə qalın! #AzGF #ATGTİ #ASYOU #EKVİTA #TeaTalks
Avropa Gənclər Kartı Assosiasiyasının Brüsseldə növbəti iclası keçirilib
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov Avropa Gənclər Kartı Assosiasiyasının Brüsseldə keçirilən idarə heyətinin növbəti iclasında iştirak edib. İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir. Qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin üzvüdür. Bununla yanaşı, Faiq Məmmədov səfər çərçivəsində Avropa Parlamentində Beynəlxalq Multilingualism gününə həsr olunmuş tədbirdə iştirak edib.
Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirilib
23 may 2020 il tarixində Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda keçirilən video iclasın davamı olaraq, həmçinin imtahan sessiyasının yeni şəraitdə və təhsil müəssisələrinin fərdi yanaşmasını nəzərə alaraq, 25 may 2020 il tarixində Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin bir qrup Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirilib. İclasda tələbələri maraqlandıran suallar, iyun-iyul aylarında keçiriləcək imtahan sessiyası və digər mümkün suallarının toplanması üçün sorğuların tərtibi və təşkili, TGT-in onlayn patformaya inteqrasiyası, planlaşdırılan layihələrin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub. Tələbə gənclər təşkilatları onlayn fəaliyyət üzrə təcrübələri ilə paylaşıb, aparılan işlər haqqında məlumat veriblər.Növbəti ay ərzində baş tutacaq layihələr, görüşlər müzakirə olunub, daha sonra görüş TGT sədrlərinin sual və təklifləri ilə davam edib.Həmçinin, kiçik formatda iclasların effektivliyini nəzərə alaraq görüşlərin davamlı olacağı bilidirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Könüllülər ili” ilə bağlı görüşü keçirilib
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Bakı Gənclər Mərkəzində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının fəalları ilə görüş təşkil edib. Görüşdə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək “Könüllülər ili” ərzində göstəriləcək fəaliyyət, təşkil olunacaq tədbirlərə dair müzakirələrin aparılması olub. Tələbə gənclər təşkilatlarına öz fəaliyyətlərində və bütün müvafiq tədbirlərdə könüllülük prinsiplərinin nəzərə alınması, bu prinsiplərin geniş təbliği məqsədilə müvafiq həştəqlərin paylaşılması tövsiyə edilib. Görüş zamanı tələbələr tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması xüsusi qeyd olunub və gənclərə yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edilib. Daha sonra ATGTİ-nin 2020-ci il ərzində həyata keçirəcəyi layihələrin ilkin müzakirəsi aparılıb. İnteraktiv şəkildə davam edən görüşdə tələbələr sual və təklifləri ilə çıxış ediblər. Həmçinin, tələbələr İttifaq tərəfindən Bakı Gənclər Mərkəzində “Təklif və ideyalar” üçün nəzərdə tutulan, “1 tələbə=1 təklif” şüarı altında yerləşdirilən qutulardan istifadə etməklə, öz təklif və ideyalarını bölüşüblər. Könüllü fəaliyyətinin təşviqi İttifaq üçün əsas prioritet istiqamətlərdən biridir. Belə ki, könüllü fəaliyyəti üzərində qurulan, həm Bakı şəhəri, həm də regionları əhatə edən 101 Tələbə Gənclər Təşkilatlarını özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, 2019-cu il ərzində təşkilatçı və iştirakçısı olduğu 123 tədbirdə 20093-ü könüllü olmaqla, ümumilikdə 46736 tələbə sayını əhatə etmişdir və “Könüllülər ili”ndə bu rəqəmin xeyli artacağı nəzərdə tutulur.
Zəfər gününə həsr olunmuş dama yarışı.
Noyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində 8 noyabr - Zəfər gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı dama yarışı keçirilmişdir.28 nəfər tələbənin iştirakı ilə baş tutan 5 mərhələnin sonunda qaliblər müəyyən olundu:🥇Aslan Musazadə🥈Murad İsmayılov🥉Əli Orucov