Bizi İzləyin :

ATGTİ HAQQINDA MƏLUMAT

«Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı» 20 noyabr 2009-cu ildə təsis edilib. 2010-cu ilin mart ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İlk təsis olunduğu illərdə 39 təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatını özündə cəmləşdirən İttifaq hazırda Azərbaycan Respublikasının 101 Ali və Orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını özündə birləşdirir. Bu təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionların təhsil müəssisələri aiddir. ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatıdır.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) məqsədi təhsil müəssisələrində təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. ATGTİ bu məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- tələbələri təhsilə və elmi-tədqiqat işlərinə həvəsləndirmək üçün elmi konfranslar, müsabiqələr, olimpiadalar, elmi-əyləncəli oyunlar, seminarlar, dəyirmi masalar, təlim kursları təşkil etmək;

- təhsil müəssisələrinin ictimai həyatında tələbə gənclərin fəallığını artırmaq;

- tələbələrin hüquqlarını müdafiə etmək;

- tələbə gənclər arasında bəşəri dəyərləri təbliğ etmək, vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına nail olmaq;

- tələbə gənclərdə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunun aşılanması üçün tədbirlər həyata keçirmək;p>

- tələbələrin asudə vaxtının səmərəli təşkilinə nail olmaq məqsədilə mədəni-kütləvi tədbirlər təşkil etmək;

- respublikanın daxilində və xarici ölkələrdə keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda, idman yarışlarında istedadlı və yaradıcı tələbələrin iştirakını təmin etmək.

İttifaq yarandığı gündən fəaliyyət istiqamətini qurarkən gənclərin elmi, mədəni, sosial inkişafını rəhbər tutub. Tələbə gənclərin təhsil sahəsində hüquqlarının təmsil və müdafiəsinə daim dəstək göstərib. ATGTİ tələbə gənclərin istənilən mövzuda müraciətlərinə xüsusi diqqətlə yanaşıb. Həyata keçirilən bir çox layihə gənclərin təklif və ideyaları əsasında reallaşdırılıb.

Ötən 10 il ərzində İttifaq əhatə etdiyi tələbə gənclərin sayına və nüfuzuna görə Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olub.