Bizi İzləyin :

NİZAMNAMƏ

I.  ÜMUMİ MÜDDƏALAR

1.1. «Azərbaycan Tələbə Gənclər Təşkilatları» İttifaqı (bundan sonra İttifaq adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük və iştirakçılarının hüquq bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-kommersiya təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

1.2. İttifaq öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3.İttifaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. İttifaqın müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitlər vardır.

1.4. İttifaqın yerləşdiyi ünvan: Bakı şəhəri, Aşıq Alı küçəsi, ev 4, mənzil 23.

 

II.  İTTİFAQIN FƏALİYYƏTİNİNİN PREDMETİ VƏ MƏQSƏDİ

2.1. İttifaqın məqsədi öz iştirakçılarının üzvlərinin fəaliyyətlərini əlaqələndirmək, habelə onların ümumi mənafelərini təmsil və müdafiə etməkdən ibarətdir.

2.2. İttifaq məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

     öz iştirakçılarının maraqlarının qorunması ilə bağlı müxtəlif dövlət və qeyri-dövlət strukturları ilə əlaqələr qurur;

     müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir;

     məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır;

     qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri həyata keçirir.

 

2.3. İttifaq Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.

 

III.  İTTİFAQIN HÜQUQLARI

3.1. İttifaq aşağıdakı hüquqlara malikdir:

     qanunvericiliklə müəyyən olunmuş qaydada əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək;

     Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;

     banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;

     məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək;

     Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

 

IV.  İTTİFAQIN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ 

4.1. İttıfaqın təsisçilərinin (iştirakçılarının) ona verdikləri əmlak-İttifaqın mülkiyyətidir. Bu əmlakından İttifaq, onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsi üçün istifadə edir. Ittifaqın mülkiyyətində qanunvericiliklə qadağan olunmamış əmlaklar ola bilər.

4.2. İttifaq öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

4.3. İttifaq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.4. İttifaqın hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

4.5. İttifaq siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz, həmçinin siyasi partiyalardan belə yardım qəbul edə bilməz.

4.6. İttifaq qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və s. hesabatlar tərtib edir və müvafiq dövlət orqanlarına təqdim edir.

 

V. İTTİFAQIN İŞTİRAKÇILARI

5.1. İttifaqın iştirakları qeyri – kommersiya hüquqi şəxsləri (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ola bilər. İttifaqın iştirakçıları özlərinin müstəqilliyini və hüquqi şəxs hüquqlarını saxlayırlar. İttifaqa daxil olmaq üçün İdarə heyətinə yazılı şəkildə müraciət edilir.

5.2. İttifaqın iştirakçıları aşağıdakı hüquqlara malikdirlər:

      Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada İttifaqın idarəçiliyində iştirak etmək;

      İttifaqın seçkili orqanlarına seçmək və seçilmək;

      İttifaqın fəaliyyətində və onun təşkil etdiyi tədbirlərdə iştirak etmək;

      İttifaqın rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;

      Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün İttifaqa müraciət etmək və belə müdafiəni əldə etmək;

      Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, İttifaqın müvafiq orqanlarına etirazını bidirmək və şikayət etmək.

5.3. İttifaqın iştirakçısı İttifaq tərəfindən müəyyən edilmiş üzvlük haqqını ödəmək öhdəliyi daşıyır. Üzvlük haqqını ödəməyən iştirakçılar barədə Ümumi Yığıncağın qərarı ilə intizam tədbirləri, o cümlədən üzvlüyə xitam verilməsi barədə qərar çıxarıla bilər.

5.4. Üzvlük haqqının həcminin artırılması və ya azadılması, həmçinin onun tərkibinin və verilmə qaydasının dəyişməsi İttifaqın Ümumi Yığıncağının qərarı ilə həyata keçirilir.

5.5. Maliyyə ilinin sonunda hər bir iştirakçı İttifaqdan çıxa bilər. Bu halda o, çıxdığı gündən bir il ərzində İttifaqın öhdəlikləri üçün öz haqqına mütənasib subsidiar məsuliyyət daşıyır.

5.6. Ümumi Yığıncağın qərarı ilə İttifaqa yeni iştirakçı daxil ola bilər. İttifaqa daxil olmuş yeni iştirakçı İttifaqa daxil olana qədər əmələ gəlmiş öhdəlikləri üçün öz üzvlük haqqına mütənasib subsidiar məsuliyyət daşıyır.

5.7. İştirakçılar bərabər hüquqlara malikdirlər. İştirakçıların qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

5.8. İttifaqa yeni iştirakçının qəbulu İttifaqın ümumi yığıncağı tərəfindən aparılır.

5.9. İttifaqın iştirakçısı İttifaqdan könüllü olaraq çıxdıqda İdarə Heyətinə ərizə ilə müraciət etməlidir. İttifaqdan könüllü çıxan iştirakçının İttifaqda iştirakına ərizənin qəbul edilməsindən sonrakı ikinci ayın birinci günü xitam verilir. İttifaqda iştirakına xitam verilmiş iştirakçı həmin günədək İttifaqın yaranmış öhdəlikləri üçün subsidiar məsuliyyət daşımağa davam edir.

5.10. Bu Nizamnamənin 5.3. bəndində qeyd olunan hal da daxil olmaqla, İştirakçılıqdan çıxarılma qanunvericilikdə və bu nizamnamədə nəzərdə tutulmuş hallarda Ümumi Yığıncağın qərarı ilə həyata keçirilə bilər. İştirakçılığa xitam verilməsi barədə qərar Ümumi Yığıncaq iştirakçılarının üçdə-iki (2/3) səs çoxluğu ilə qəbul edilir.

 

VI. İTTİFAQIN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI 

6.1. İttifaqın ali idarəetmə orqanı onun iştirakçılarının Ümumi Yığıncağıdır. Ümumi Yığıncaq ildə bir dəfədən az olmayaraq çağırılır.

6.2. Növbədənkənar Ümumi Yığıncaq İttifaqın iştirakçılarından birinin və ya İdarə Heyətinin təşəbbüsü ilə çağırılır.

6.3. İttifaqın iştirakçılarına Yığıncağın yeri və vaxtı haqqında ən geci iki həftə əvvəl məlumat verilməlidir.

6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:

     ittifaqın nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;

     ittifaqın icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam edilməsi;

     ittifaqın sədrinin, sədrin müavinlərinin, İdarə Heyətinin və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (bundan sonra MNTK) üzvlərinin seçilməsi;

     təşkilatlar üzrə ödəniləcək haqqın miqdarının və formasının dəyişdirilməsi;

     ittifaqın daxili fəaliyyətini tənzimləyən qaydaların və digər sənədlərin təsdiq edilməsi;

     İdarə heyətinin üzvlərinin sayının müəyyən edilməsi;

     ittifaqın ləğvi haqqında qərarın qəbul edilməsi;

     ləğvetmə komissiyasının təyin edilməsi;

     ittifaqın əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;

     illik hesabatın təsdiq edilməsi;

     başqa təşkilatlarda iştirak barədə qərar qəbul edilməsi;

     ittifaqın icra orqanının rəhbərinin hesabatının dinlənilməsi və qəbul edilməsi.

 

6.5. Ümumi Yığıncaq yalnız İttifaqın iştirakçılarının yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

6.6. İttifaqın ləğvi və yenidən təşkili, habelə nizamnaməyə dəyişikliklər edilməsi barədə qərarlar Ümumi Yığıncaq iştirakçılarının yekdil qərarı ilə, qalan məsələlər üzrə qərarlar isə sadə səs çoxluğu ilə qəbul olunur.

6.7. İttifaqın fəaliyyətinə cari rəhbərliyi Ümumi Yığıncaq tərəfindən 2 (iki) il müddətinə seçilən və İttifaqın Sədrindən, onun müavinlərindən və digər üzvlərdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir və tərkibi ədalətli regional və gender təmsilçiliyi əsasında formalaşdırılır İdarə Heyətinin üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

6.8. İdarə Heyətinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. İclas İttifaqın Sədri və İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir. İttifaqın Sədri hər hansı bir səbəbdən iclasda iştirak edə bilmədiyi halda, iclasa onun müvafiq qaydada səlahiyyət verdiyi müavinlərindən biri sədrlik edir. İcraçı katib İdarə heyətinin iclasında səs vermə hüququ olmadan iştirak edir.

6.9. İttifaqın Sədri:

     İttifaqı təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir;

     Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;

     İdarə Heyətinin işinə rəhbərlik edir;

     Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

 

6.10. MNTK İttifaqın vəzifəli şəxslərinin və üzvlərin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə İttifaqın maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. MNTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. MNTK-nın səlahiyyət müddəti 2 (iki) ildir. MNTK İttifaqın orqanlarından və üzvlərdən daxil olan müraciətlərə bir ay müddətində cavab verməlidir.

6.11. İttifaqın cari fəaliyyətini daimi Katiblik həyata keçirir. Katibliyə İttifaqın Sədri tərəfindən təyin edilən İcra katibi rəhbərlik edir. İcra katibi və Katibliyin digər əməkdaşları ödənişli əsaslarla fəaliyyət göstərirlər və onların Ümumi Yığıncaqda səs vermək hüququ yoxdur.

6.12. Katibliyin funksiyalarına aşağıdakılar daxildir:

     Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təmin edir;

     İttifaqın gündəlik fəaliyyətini təşkil və təmin edir;

     Ümumi Yığıncağın işini təşkil edir;

     İdarə heyətinin iclaslarını təşkil edir;

     Iştirakçılar tərəfindən haqqın ödənilməsinə nəzarət edir;

     İttifaqın filiallarını yaradır və nümayəndəliklərini açır;

     Ümumi Yığıncağın və İdarə heyətinin  müstəsna səlahiyyətlərinə aid edilməyən bütün digər məsələləri həll edir.

  

VII.  İTTİFAQIN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1. İttifaqın fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. İttifaqın fəaliyyətinə xitam verilməsi mövcud qanunvericikdə nəzərdə tutulmuş qaydada, Ümumi Yığıncağın qərarı ilə həyata keçirilir.

7.2. İttifaqın fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan İttifaqın idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. İttifaqın ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. İttifaqın ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir. 

VIII.  DİGƏR ŞƏRTLƏR 

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

8.2. Bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

8.3. Bu Nizamnaməyə əlavə və dəyişikliklər İttifaq üzvlərinin, Sədrin və ya İdarə Heyətinin təklifi ilə bu Nizamnamənin 6.6.-cı maddəsinə uyğun qaydada Ümumi Yığıncağın qərarı ilə qəbul edilə bilər.

8.4. İttifaqin maliyyə ili İttifaqın qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1 yanvarda başlayır və dekabr ayının 31-dək olan dövrü əhatə edir.

SƏNƏDLƏR