Azərbaycan Dillər Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təqdimatı keçirilib.
Təqdimatda ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova və Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva iştirak edib.
İlk öncə ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev ATGTİ-nin fəaliyyətindən, həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edib. Tələbələrin sosial aktivliyinin əhəmiyyətini vurğulayan Hüseyn Babayev bildirib ki, təhsillə yanaşı gənclər müxtəlif layihələrdə iştirak edərək, könüllülük proqramlarına qoşularaq karyeralarında ilk addımlarını ata bilərlər. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva çıxış edərək kartın gənclərə yaratdığı endirim fürsətləri ilə bağlı məlumat verib. Kartın əldə edilməsi haqqında tələbələri təlimatlandıran Xanım Paşayeva, bununla yanaşı mobil tətbiqetməni istifadə etmənin üstünlüklərindən də söz açdı.
Həmçinin, Tələbə Gənclər Təşkilatının sədr müavini Hüseyn Etibaroğlu tələbələri salamlayıb və TGT haqqında ətraflı məlumat verib. Daha sonra təşkilatın sədri Günay Səmədova çıxış edərək ADU TGT-nin tarixindən, tələbəlik illərini səmərəli keçirməkdə TGT-nin rolundan bəhs edib. Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının icraçı direktoru Lamiyə Əhmədzadə çıxış edərək TGT-nin strukturundan, departamentlərdən və onların fəaliyyətləri dövründə keçirtdikləri tədbirlərdən danışıb.
Təqdimat TGT-nin keçirtdiyi tədbirlərdən olan video-roliklərin nümayişi ilə davam etdirilib.