“Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə-gənclərin gözü ilə” elmi konfransı keçirilib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 6 dekabr 2018-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında “Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə-gənclərin gözü ilə” mövzusunda elmi konfrans keçirilib.
Tədbirin keçirilməsində məqsəd yetişməkdə olan nəslin - tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni ideyalar ortaya çıxarmaq olub.
Elmi-praktik konfransı giriş sözü ilə açan Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi tədbirin əhəmiyyətindən və hər kəsin fövqəladə hallara hazır olmasının vacibliyindən danışıb. Daha sonra Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qeyd etmişdir ki, fəaliyyət göstərdiyi 13 il ərzində Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görmüşdür. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov belə bir tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib və tələbə-gənclər üçün bu tipli tədbirlərin əhəmiyyətindən bəhs edib.
Daha sonra konfransda tələbələr tərəfindən “Ekoloji fövqəladə hallar və onların qarşısının alınması yolları”, “Bakı şəhərində yağış sularının idarə olunması: mövcud vəziyyət, təhdidlər və istifadə olunmamış imkanlar”, “Neftlə çirklənmiş ərazilərin müasir üsullarla təmizlənməsi”, “Alternativ enerji mənbələrinin yarada biləcəyi fövqəladə hallar və onların aradan qaldırılması yolları” və.s mövzularda təqdimatlarla müşayiət olunan çıxışlar səsləndirilmişdir.