ATGTİ-nin təşkilatçılığı ilə MDU rektoru Şahin Bayramovla görüş keçirilmişdir
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin rektorları ilə silsilə görüşlər çərçivəsində “Distant ali təhsil: çağırışlar və imkanlar” mövzusunda Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ilə görüş baş tutmuşdur.
Görüş xüsusilə pandemiyadan sonra bütün dünyanın reallığına çevrilən distant təhsilin müzakirəsinə həsr olunmuşdu. ATGTİ-nin sədri Pərviz Mirələmlinin moderatorluğu ilə baş tutan tədbirdə, təhsil müəssisələrinin distant təhsilə olan hazırlıq səviyyəsi, onun yaratdığı çətinlik və imkanlar kimi aktual məsələlərə toxunuldu. Tələbələrin mövcud şəraitdəki prosesə uyğunlaşa bilmələri üçün universitetlərin fərqli idarəetmə metodları tətbiq etməyə məcbur olduğu və bu yolda sosial şəbəkələrin rolunun nəzərəçarpacaq dərəcədə artdığı qeyd olundu.
Qeyd etmək lazımdır ki, görüşdə pandemiya şəraitində tələbələrin sosial və professional inkişafı üçün lazım olan məsələlərin müzakirəsi əsas diqqət çəkən məqamlardan biri olmuşdu. Belə ki, Şahin Bayramovun dediyinə görə pandemiya dönəmində tələbələri bir çox təşkilatlara təcrübəyə göndərmək universitetlər qarşısında duran ən böyük çətinliklərdən biri idi.
Sonda isə Şahin bəy Azərbaycanda distant təhsilin gələcək perspektivlərinə fokuslanaraq, pandemiyadan sonrakı təhsil sistemində ola biləcək dəyişikliklər barəsində tələbələrlə öz fikirlərini bölüşdü.
İttifaqın sədri tərəfindən Mingəçevir Dövlət Universitetinin rektoruna ünvanlanan suallar ətrafında qurulmuş müzakirə tələbələrin böyük marağına səbəb oldu və canlı yayımlanan tədbir 300 dən çox tələbə tərəfindən eyni anda izlənildi.
Qeyd etmək istərdik ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin rektorları ilə silsilə görüşlər tələbələri maraqlandıran məsələləri müzakirə etməyə yönlənmişdir. Bundan öncəki həftə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun iştirakı ilə maraqlı görüş baş tutmuşdu.