Azərbaycan Texniki Universitetində təşkil olunmuş görüşdə dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, universitetin Elm və innovasiya üzrə prorektoru Çetin Elmas və universitetin qazi tələbəsinin valideyni, Birinci Qarabağ müharibəsi iştirakçısı Sübut Mehdiyevin çıxışları ilə davam edib.
Daha sonra “Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 30 illik Vətən həsrətinə necə son qoyduğunu və bizi tarixi yurd yerlərimizə qovuşdurmaları barədə çıxış edib.
Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Şəhriyar İbrahimli, Fərahim Əmirli, Elvin Rəsulov və Elnur Abbasov çıxışları zamanı Vətən müharibəsi ilə bağlı təəssürat və xatirələrini tələbələrlə bölüşüblər.