Bizi İzləyin :

ATGTİ və FHN-in Bakı Regional Mərkəzi birlikdə elmi-praktik konfrans keçirib

Ana Səhifə | ATGTİ və FHN-in Bakı Regional Mərkəzi birlikdə elmi-praktik konfrans keçirib

ATGTİ və FHN-in Bakı Regional Mərkəzi birlikdə elmi-praktik konfrans keçirib

5 dekabr 2019-cu il tarixində ATGTİ və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Milli Aviasiya Akademiyasında “Fövqəladə hallarla mübarizə: dünən, bu gün, sabah” mövzusunda elmi-praktik konfrans keçirib.

FHN Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə artıq 9-cu ildir ki, keçirilən analoji konfranslar daha öncə Azərbaycan Memarlıq və İnşaat, Bakı Slavyan, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye, Xəzər, Qərbi Kaspi Universitetlərində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında uğurla keçirilib.

Tədbirin keçirilməsində məqsəd yetişməkdə olan nəslin - tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, bu sahədə mövcud olan nailiyyətlər, problemlər və perspektivləri müzakirə etmək, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni fikirlər, yeni ideyalar ortaya çıxarmaqdan ibarət olub.

Elmi-praktik konfransı giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının Aviasiya təhlükəsizliyi kafedrasının müdiri, dosent Nazim Nağıyev tədbirin əhəmiyyətindən və hər kəsin fövqəladə hallara hazır olmasının vacibliyindən danışıb, FHN Bakı Regional Mərkəzi və ATGTİ-yə öz təşəkkürünü bildirib.

Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qeyd edib ki, fəaliyyət göstərdiyi 14 il ərzində Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Ramin Həbibzadə  belə bir tədbirin ərsəyə gəlməsində əməyi keçən və tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib.

Daha sonra konfransda məruzəçilər tərəfindən “Hava nəqliyyatında qəzaların qarşısının alınması imkanları”, “Fövqəladə hallarlda bina və qurğuların dayanıqlığının təmin edilməsi yolları”, “Bakı şəhəri ərazisindəki sürüşmə sahələri və problemin həlli yolları”, “Neft məhsulları ilə çirklənmiş ərazilərin təmizlənməsində yeni metodların tətbiqi”, “Meşə yanğınları ilə mübarizə-ekoloji sabitliyin əsas amili kimi”, “Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin edilməsinin əsas aspektləri”, “Su nəqliyyatında qəzaların qarşısının alınması imkanları”, “Fövqəladə hallarla mübarizədə KİV-lərin rolu”, “Fövqəladə hallar zamanı ilk tibbi yardım” mövzularında çıxışlar edilib.

Sonda məruzəçilərə diplomlar təqdim edilib.