Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, həmçinin, BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Konfrans zamanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. Faiq Məmmədov BANM tələbələrinin İttifaq tərəfindən təşkil olunan bir sıra tədbirlərdə yaxından fəal iştirak etdiklərini vurğulayıb. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb.
İclasda gündəliyə uyğun olaraq BANM TGT-nin sabiq sədri Kənan Sadıqov təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. O, fəaliyyəti dövründə görülən işlər, sosial-mədəni tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra BANM TGT-nin yeni sədri - Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə çıxış edərək gənclərin maarifləndirilməsinə, şəxsi inkişafa dəstək verəcək tədbirlərin, intellektual yarışların daha intensiv təşkil ediləcəyini bildirib. O, tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi və onların problemlərinin həlli istiqamətində işlərin həyata keçirilməsinə dair söz verib.