Enactus Azərbaycan proqramı çərçivəsində 2020-ci il Enactus Azərbaycan Qış Məktəbi baş tutub
Azərbaycan Respublikasının Gənclər Fondu, BP şirkətinin maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Enactus Azərbaycan proqramı çərçivəsində 28 fevral – 1 mart tarixlərində Bakı şəhəri Park Inn otelində 2020-ci il Enactus Azərbaycan Qış Məktəbi baş tutub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu gənclər siyasətində elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin gənclər arasında stimullaşdırılması prioritet məqsədlər hesab olunur. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində “Enactus” Proqramının inkişaf etdirilməsi və Qış Məktəbinin hazırlanma prosesinə xüsusi diqqət göstərilir.
Qış Məktəbinin açılışında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ATGTİ-nin sədri və Enactus Azərbaycan ölkə üzrə rəhbəri Faiq Məmmədov, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.
Bildirilib ki, Enactus Azərbaycan Qış Məktəbi tələbələrdə biznes bacarıqlarını inkişaf etdirməklə sahibkarlığın təşviq olunması məqsədini daşıyır. Proqram çərçivəsində müxtəlif mövzularda silsilə təlimlər keçiriləcək, burada həmçinin, dünya praktikasında olan ən uğurlu layihələr barədə məlumat veriləcək və interaktiv oyunlarla tələbələrə öyrəndikləri nəzəri bilikləri real həyatda tətbiq etmə imkanı yaradılıb.
Qış Məktəbində Azərbaycanın 20 universitetini təmsil edən Enactus komandaları olmaqla ümumilikdə 150 nəfər iştirak edib. Tədbir zamanı hər komandanın öz layihə ideyalarını formalaşdırmasına fərdi dəstək göstərilib, sosial sahibkarlıq sahəsində peşəkar mütəxəssislər tərəfindən layihə planlarının yazılması, biznes və startapların idarə olunması, özünə məşğulluğun təmin olunması, layihənin uzun müddətli icra prosesində qarşıya çıxa biləcək problemlər və bu problemlərin aradan qaldırılması ilə bağlı təlimlər keçirilib.
Tədbirin son günündə gənclərin tədbir haqqında olan təəssüratlarını öyrənmək üçün sorğu keçirilib və əyləncəli konsert proqramı təşkil olunub.
Qeyd edək ki, Enactus Proqramı 1975–ci ildə ABŞ-da yaradılıb və indiyədək 72 000-dən artıq proqram iştirakçısı 2 milyondan çox insanın həyatını dəyişıb və cəmiyyətə müxtəlif töhfələr verib. Azərbaycan Enactus Proqramına 2005-ci ildən qoşulub. Proqram gənclərə nəzəri biliklərini praktikada tətbiq etmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, azad sahibkarlığı təbliğ etməklə öz arzularını gerçəkləşdirməyə kömək edir. Eyni zamanda, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək proqramın əsas məqsədlərindən biridir. Dünyanın müxtəlif ölkələrində hər il keçirilən müsabiqələrin qalibi olan universitetlər Enactus Global tərəfindən ayrı-ayrı ölkələrdə təşkil olunan Enactus Dünya Müsabiqəsində öz dövlətini və universitetini təmsil edir. Azərbaycan Enactus Milli komandası ötən il ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində keçirilmiş “Enactus-2019” dünya çempionatında yüksək nailiyyət qazanaraq qrup liqasında qalib seçilib və yarımfinal mərhələsinə keçib.