Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü, ATGTİ-nin tərəfdaşlığı ilə
ADA Universitetində Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü, ATGTİ-nin tərəfdaşlığı ilə "Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə" mövzusunda konfrans keçirilib.
Şuranın sədri Məryəm Məcidova konfransda çıxış edərək daha yaxşı gələcək üçün yoxsulluğu aradan qaldırmaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərin səfərbər olunmasının və cəmiyyətin həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. M.Məcidova bu baxımdan #heçkəskənardaqalmasın həştəqi ilə sosial şəbəkələrdə geniş məlumatlandırma işinin aparıldığını vurğulayıb.
BMT-nin İnkişaf Proqramının DİM üzrə eksperti Delavar Barekzai “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” mövzusunda keçirilən onlayn sorğunun nəticələrini elan edib.
Sonra “Dayanıqlı İnkişaf Məqsədlərinə sən də qoşul!” adlı videoçarxın təqdimatı olub.
Konfransda Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov gənclər təşkilatlarının qlobal layihələrdən olan Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar səylərini birləşdirməsindən məmnunluğunu ifadə edib. Baş Nazirin müavini deyib ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq, 2015-ci ildə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkəmizlə BMT arasında əməkdaşlığın inkişafında növbəti əhəmiyyətli addımdır. Azərbaycan Hökuməti BMT-nin nümayəndəliyi ilə bu sahədə səmərəli əməkdaşlıq edir və DİM-ə nail olmaq üçün gənclərimizin potensialından istifadə edərək bu prosesə dəyərli töhfələr verir.
Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti DİM-in həyata keçirilməsində üzərinə düşən bütün vəzifələri lazımi səviyyədə yerinə yetirir. Azərbaycan əhalisinin 45 faizi 30 yaşadək olan insanlardır. Gənclərimizin qlobal layihənin həyata keçirilməsində iştirakı onların Azərbaycanın inkişafına töhfə verməkdən kənarda qalmadıqlarını göstərir. Azərbaycanın sürətli yüksəlişi, inamlı gələcəyi gənclərimizin bu proseslərə yaxından iştirakını şərtləndirir. Onların sosial-iqtisadi tərəqqidə yaxından iştirakı isə ümumi inkişafa əlavə töhfə verir.
“Dünya əhalisinin artımı köç problemini də aktual edir. Azərbaycan da bu problemdən əziyyət çəkir. Çünki əhalimizin 1 milyondan çoxu Ermənistanın hərbi təcavüzü nəticəsində öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu problemlərin həlli bəşəriyyətin, dövlətlərin qarşısında duran vacib vəzifələrdir”, - deyə Əli Əhmədov vurğulayıb.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən biri də gender bərabərliyidir. Azərbaycanda bu istiqamətdə mühüm işlər görülür. Azərbaycanda qadınların cəmiyyətdə xüsusi yer tutması, dövlətin inkişafında yaxından iştirakı diqqət mərkəzində saxlanılır. Çünki əhalimizin yarısını qadınlar təşkil edir. Əsas məqsədlərdən biri qadınların rəhbər vəzifəyə seçilməsinə inamı artırmaqdır. Azərbaycanda təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışanların çoxu qadınlardır. Beynəlxalq təşkilatların araşdırmalarına görə, Azərbaycanda gender bərabərliyinin təmin olunmasında ciddi irəliləyişlər əldə edilib. Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti gender bərabərliyi anlayışını çox yaxşı dərk edir. Bu istiqamətdə maarifləndirmə işi daha da gücləndirilməlidir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, son vaxtlar Azərbaycanda qəbul olunan Dövlət Proqramlarında DİM də əksini tapıb. Biz bu hədəflərə nail olmağa çalışırıq. Bu illər ərzində ölkəmizdə DİM-in təbliği istiqamətində əhəmiyyətli işlər görülüb.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və başqaları çıxış edərək DİM-in ölkəmizdə və dünyada inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərmək üçün ciddi çağırış olduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmizdə gənclərimiz keyfiyyətli təhsil, ekoloji, sosial layihələr və digər məqsədlər üzərində çalışırlar. Bu sahədə gənclərin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Bununla yanaşı ATGTİ sədri Faiq Məmmədov TGT-lər arasında aparılmış “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” başlıqlı sorğu haqqında danışıb. O, bildirib ki, ATGTİ olaraq daima tələbələrin fikirlərini dinləmək, onlardan gələn təklifləri dəyərləndirmək bizim üçün prioritet məsələlərdən biridir. Həmçinin, O, Nayoranın təşəbbüsü ilə keçirilən konfransda ATGTİ-nin tərafdaş qismində iştirakını bildirərək sorğunun 101 ali və orta ixtisas təhsil müəssisəsi üzrə aparıldığını diqqətə çatdırıb.
Konfrans üç moduldan ibarət olub. Birinci hissə Dayanıqlı İnkişaf Məqsədləri haqqında iştirakçıların məlumatlılıq səviyyəsinin artırılması və 9 min gəncin qatıldığı sorğunun nəticələrinin təqdimatına həsr edilib.
Konfransın yekununda Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi haqqında təqdimat olub. ©