Bizi İzləyin :

İlahiyyatçı qəzetində TGT sədri Nicat Hüseynovun Multikulturalizmin inkişafında Heydər Əliyevin rolu adlı məqaləsi dərc olunub

Главная |

Multikulturalizmin inkişafında Heydər Əliyevin rolu

 

Azərbaycanda daim multikulturalizm, mədəniyyətlərarası dialoq və tolerant mühit hökm sürüb. Ümumiyyətlə, dünyada özlərinə məxsus milli-mənəvi dəyərləri yaşadan və onu gözbəbəyi kimi qoruyub, gələcək nəsillərə ötürə bilən xalqlar ən yüksək hörmətə layiqdirlər. Azərbaycan müxtəlif dövrlərdə yadellilərin işğalçı yürüşlərinə məruz qalsa da, bu Vətənin övladları hər zaman öz dəyərlərini qorumağı bacarıblar. Azərbaycanın ikinci dəfə müstəqillik qazandığı ilk dönəmlərə nəzər saldığımız zaman multikultural dəyərlərə ümummilli lider Heydər Əliyev kimi xüsusi önəm verən dahi şəxsiyyətə rast gəlirik.

 

Bu görkəmli dövlət xadimi Azərbaycanda sabitliyin təmin olunması, həmrəyliyin qorunması ilə yanaşı, multikulturalizmin inkişafında və genişləndirilməsində, eləcə də sivilizasiyalararası dialoqun təşkil edilməsində, tolerant mühitin formalaşdırılmasında müstəsna xidmətlərə imza ataraq böyük töhfələr verib. Bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsi də diqqətdən kənarda qalmayıb, mənəvi dəyərlər dünya səviyyəsində tanıtdırılıb. Ümummilli lider hesab edirdi ki, vətənə sədaqət nümayiş etdirmək, milli-mənəvi dəyərlərə sadiq olmaq hər bir vətəndaşın borcudur.

 

Ulu Öndər qədim tarixə malik olan mədəni irsimizin bütün azərbaycanlılar tərəfindən qorunması zəruriliyinin tərəfdarı olub. Azərbaycanın mədəniyyət və incəsənət sahəsi Heydər Əliyevin xüsusi diqqət və qayğısından əsla kənarda qalmayıb, həmçinin gənclərin vətənpərvər ruhda böyüməsindən ötrü onların milli-mənəvi dəyərlərimizi bilmələri və qorumalarının vacibliyini vurğulayıb.

 

Bildiyimiz kimi, ölkəmiz uzun müddət ərzində ateizm ideologiyasının əsaslarını rəhbər tutan totalitar rejim tərəfindən idarə edilib. Xalqımızı qədim tarixi bağlarla bağlı olduğu İslam dinindən ayrı salmağa çalışıblar. Müstəqillik əldə edildikdən sonra, xalqımız öz dini inanclarına qayıtmağa başladı. Sovet dövründə dinini, məzhəbini belə dilinə gətirməyənlər, yaxud qadağalara əməl etməyə məcbur edilənlər demokratik əsaslarla qurulan dövlətdə yaşamanın imkanlarından yararlanmağa başladılar. Vətəndaşların hüquq və azadlıqları, eləcə də dini etiqadlarını rahat şəkildə ifadə edə bilmə imkanları dövlətimiz tərəfindən qəbul edilən qərarlarla həyata keçirilməyə başlandı. Azərbaycan Respublikasının Konstitusiyasında "dini etiqad azadlığı"nın müəyyən edilməsi, həmçinin "Dini etiqad azadlığı" haqqında Qanunun qəbul edilməsi buna əyani sübutdur.

 

Ulu öndərin hakimiyyəti illərində Azərbaycanda yeni məscidlər tikildi, ziyarətgah və dini məbədlər əsaslı şəkildə təmir-bərpa edildi, abadlaşdırıldı. Azərbaycanda müstəqillikdən öncə 17 məscid mövcud olduğu halda, onların sayı 1236-ya çatdırıldı. Heydər Əliyev 1997-ci ildə Bibiheybət məscidinin bərpasına başlanması mərasimindəki çıxışında da müstəqilliyimizin qorunub-saxlanmasında milli-mənəvi dəyərlərimizin xüsusi rolunun olduğunu vurğulamışdır: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, qorunub saxlanmasında, Azərbaycanın başına gələn bəlaların aradan götürülməsində, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün apardığımız işlərdə, bütün başqa işlərdə bizim milli-mənəvi dəyərlərimiz – Azərbaycan xalqının milli-mənəvi dəyərləri, Azərbaycan xalqının mənsub olduğu İslam dininin mənəvi dəyərləri bizim üçün həmişə dayaq və ilham mənbəyi olmuş, bizə həmişə güc vermişdir”.

 

O, Azərbaycanın gələcək strategiyasının inkişaf etdirilməsində mənəvi mənbələrdən yararlanmağın xüsusi önəminin olduğundan bəhs edir, bu işdə İslam dinini də əhəmiyyətli rolunu vacib hesab edirdi. Ümummilli Lider bu səbəbdən tez-tez dindarlarla görüşlər keçirir, onların fikirlərinə ciddi şəkildə önəm verir, müxtəlif dini bayram və matəm mərasimlərində məscidlərə gedir, dindar insanlar qarşısında çıxışlar edərək, həm sevincli, həm də hüznlü anlarını bölüşürdü. Ulu Öndər İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu günü münasibətilə Təzəpir məscidində keçirilən bayram tədbirində iştirak edərkən bunları söyləyib: “Bizim bu ədalətli mübarizəmizdə, torpaqlarımızın müdafiəsində Allah bizə həmişə yardımçı olacaqdır. Ulu peyğəmbərimiz Məhəmməd əleyhissalamın qoyduğu yol, Qurani-Kərimin göstərişləri bizi qələbəyə aparacaq, xalqımızı birləşdirəcək və biz düşmənləri məğlub edəcəyik”.

 

Ümummilli lider Heydər Əliyev İslam dininin mənsublarına göstərdiyi qayğı və diqqəti ölkəmizdə yaşayan digər dinlərin mənsublarından da əsirgəməyib. O, öz düşüncələri və əməlləri ilə ölkəmizdə tolerant mühiti formalaşdırıb ki, bu da bütün vətəndaşlar üçün örnək rolunu oynayır. Ulu öndər digər din nümayəndələrinə qarşı yüksək dini dözümlülük nümayiş etdirməklə yanaşı, onları da heç vaxt diqqətdən kənarda saxlamayıb, arzu və istəklərini həyata keçirib, problemləri ilə yerindəcə tanış olmaqdan ötrü tez-tez ölkəmizdə fəaliyyət göstərən kilsə və sinaqoqlarda olub. Eləcə də görkəmli dövlət xadiminin onların dini məbədlərini bərpa etdirmək təşəbbüsünün bütün dünyaya nümunə olması danılmaz reallıqdır. Tez-tez dinin insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etdiyini vurğulayan Heydər Əliyev Azərbaycandakı dini konfessiyaların başçıları ilə görüşdəki söhbətində dinin ekstremizmlə heç bir bağlılığının olmadığını vurğulayarkən deyib: “Şübhəsiz ki, hər bir xalqın içərisində, hər bir ölkədə quldurlar, terrorçular, cinayətkarlar, ekstremistlər var. Ancaq bunun xalqların dini kökləri, yaxud onların dini prinsipləri ilə heç bir əlaqəsi yoxdur”.

 

Prezident İlham Əliyev haqqında danışarkən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini verən Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdəki prinsiplərini layiqincə davam etdirən Prezident İlham Əliyev multikultural dəyərləri və tolerantlıq siyasətini də diqqətdən kənarda saxlamamış, üstəlik, bu siyasəti Azərbaycan dövlətinin qarşıda duran ən prioritet məsələlərindən biri halına gətirib. Hər zaman etnik-mədəni prosesləri yaxından izləyib, onlara özlərinin layiq olduqları həddə dəyər verib. Tolerant mühitin inkişaf etdirilməsinə yalnız çıxışlarında toxunmaqla kifayətlənməyərək, bunu özünün əməli fəaliyyətində də dəfələrlə nümayiş etdirib. Cənab prezident 2017-ci ildə  BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında Azərbaycanın multikultural həqiqətlərini bəyan etdi, Ermənistanın vandalizm siyasətini bir daha ifşa etdi. Dünya ictimaiyyətinin diqqətini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə yönəldərək, ermənilərin Azərbaycan mədəniyyətinə qarşı törətdiyi vəhşilikləri dilə gətirdi:

 

“Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir”.

 

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində göstərilir ki, Azərbaycan Dövləti demokratik, hüquqi, dünyəvi respublikadır. Azərbaycan məhz bu prinsipləri əsas götürərək, ölkə ərazisində mövcud olan etnik-mədəni müxtəliflikləri tənzimləyir, onların inkişaf proseslərinə də məhz bu kontekstdən yanaşır. Respublikanın sərhədləri daxilində Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan tolerant mühitin daha da genişlənib inkişaf etdirilməsindən ötrü davamlı şəkildə işlər görülür, bu yolda onun düşüncələri və tövsiyyələri daim diqqət mərkəzində saxlanılır. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan və onun əhalisi dünya ictimaiyyəti tərəfindən humanist, dözümlü, tolerant xalq kimi tanınır. Multikultural dəyərlərin yaşadılması sayəsində ölkəmiz daha da inkişaf edəcək və bütün dünya xalqları Azərbaycanı hər zaman nümunə kimi görəcəklər.

 

Nicat Hüseynov - I kurs tələbəsi, Azərbaycan İlahiyyat İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri