Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Könüllülər ili” ilə bağlı görüşü keçirilib
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Bakı Gənclər Mərkəzində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının fəalları ilə görüş təşkil edib.
Görüşdə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək “Könüllülər ili” ərzində göstəriləcək fəaliyyət, təşkil olunacaq tədbirlərə dair müzakirələrin aparılması olub. Tələbə gənclər təşkilatlarına öz fəaliyyətlərində və bütün müvafiq tədbirlərdə könüllülük prinsiplərinin nəzərə alınması, bu prinsiplərin geniş təbliği məqsədilə müvafiq həştəqlərin paylaşılması tövsiyə edilib.
Görüş zamanı tələbələr tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması xüsusi qeyd olunub və gənclərə yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edilib.
Daha sonra ATGTİ-nin 2020-ci il ərzində həyata keçirəcəyi layihələrin ilkin müzakirəsi aparılıb. İnteraktiv şəkildə davam edən görüşdə tələbələr sual və təklifləri ilə çıxış ediblər. Həmçinin, tələbələr İttifaq tərəfindən Bakı Gənclər Mərkəzində “Təklif və ideyalar” üçün nəzərdə tutulan, “1 tələbə=1 təklif” şüarı altında yerləşdirilən qutulardan istifadə etməklə, öz təklif və ideyalarını bölüşüblər.
Könüllü fəaliyyətinin təşviqi İttifaq üçün əsas prioritet istiqamətlərdən biridir. Belə ki, könüllü fəaliyyəti üzərində qurulan, həm Bakı şəhəri, həm də regionları əhatə edən 101 Tələbə Gənclər Təşkilatlarını özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, 2019-cu il ərzində təşkilatçı və iştirakçısı olduğu 123 tədbirdə 20093-ü könüllü olmaqla, ümumilikdə 46736 tələbə sayını əhatə etmişdir və “Könüllülər ili”ndə bu rəqəmin xeyli artacağı nəzərdə tutulur.