Pərviz Mirələmli 5 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2013-cü ildə 280 saylı məktəbdə orta təhsilini bitirmişdir.
Həmin ildə ADA Universitetinin Dövlət və İctimai Münasibətlər ixtisası üzrə bakalavr pilləsinə qəbul olmuşdur. 2018-ci ildə isə yüksək göstərici ilə təhsilini başa vurmuşdur. 2020-ci ildən etibarən Bakı Slavyan Universitetində təhsilini davam etdirir.
Pərviz Mirələmli həm beynəlxalq, həm də yerli təşkilatlarda müxtəlif vəzifələrdə çalışaraq təcrübə qazanmışdır. Fəaliyyətinə 2014-cü ildə Avropa Birliyinin Azərbaycan Nümayəndəliyində könüllü olaraq başlamışdır. 2017-ci ildə Avrasiya Əməkdaşlıq Fondu/Qafqaz Tədqiqat Resurs Mərkəzində təcrübəçi olaraq çalışmışdır.
2017-2018-ci illərdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə ADA Universiteti tələbələrinin cəlb olunduğu 6 aylıq “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı Şəkildə Qorunması” proqramı çərçivəsində tədqiqatçı kimi fəaliyyət göstərərək diplom işini uğurla müdafiə etmişdir.
May, 2017-İyul, 2018 tarixləri arasındakı dövrdə “CredX” adlı kredit təşkilatlarını və kredit axtaranları bir araya gətirməyi hədəfləyən onlayn veb platforma yaratmağı təklif edən startup üzərində çalışmışdır.
2018-ci ildə bakalavr təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmış və qayıtdıqdan sonra isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GIZ) layihə təcrübəçisi olaraq çalışmağa başlamışdır. Uğurlu fəaliyyət göstərdiyi üçün həmin təşkilat tərəfindən layihə konsultantı vəzifəsinə təyin olunmuş, bu müddət ərzində müxtəlif layihə, proqram və modullara cəlb olunmuş, yerli və beynəlxalq ekspertlərlə yerli idarəetmə, regional inkişaf, gender bərabərliyi, gənc təşəbbüskarlıq, gənclərin davamlı inkişaf konsepsiyası mövzuları üzrə müxtəlif fəaliyyətlərdə bulunmuşdur.
2020-ci ilin iyul ayında isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) Klublarla İş üzrə menecer vəzifəsində çalışmağa başlamışdır. Daha sonra Baş Katib vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2021-2022-ci illər üzrə İttifaq sədrliyi seçkilərinə qatılmış və səs çoxluğu ilə qalib gələrək ATGTİ Sədri seçilmişdir.