Yaradıcılığı ilə sadəcə Azərbaycan deyil, eləcə də bütün dünya ədəbiyyatına istiqamət verən dahi şair Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
O, Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkar olaraq tanınır.
O dövrdə şeir və sənət dili fars dili olduğu üçün əsərlərini bu dildə qələmə almışdır. Nizami irsindən dünya ədəbiyyatına “Xəmsə” yə daxil olan Sirlər Xəzinəsi, Yeddi Gözəl, İsgəndərnamə, Xosrov və Şirin və Leyli və Məcnun poemaları, Divanı və bir sıra şeirləri yadigar qalmışdır.
Nizami Gəncəvinin ilkin Şərq intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Humanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
Dahi şair 1209-cu ildə Gəncə şəhərində vəfat etmişdir. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.
Məhz bütün bu töhfələri nəzərə alaraq dövlət başçısı Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Nazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
ATGTİ olaraq biz də “Nizami Gəncəvi ili” çərçivəsində bir sıra tədbir və layihələr ilə tələbələrin qarşısına çıxmağı hədəfləyirik. İl ərzində dahi şairi anmaq və yaradıcılığını təbliğ etmək məqsədilə müsabiqə, tədbir və digər fəaliyyətlərlə sizləri sevindirəcəyik.