Bizi İzləyin :

TƏDBİRLƏR

«Show Your Dance 2019» rəqs müsabiqəsi keçirilib

  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "Show Your Dance 2019" adlı rəqs müsabiqəsi keçirilib. İdman Akademiyasın 3-cü kurs tələbəsi Murad Süleymanlının layihə rəhbəri olduğu müsabiqə artıq 3-cü dəfədir ki, keçirilir. Müsabiqədə 7 ali təhsil müəssisəsinin rəqs komandası iştirak edib və hər müəssisədən 1 komanda öz rəqslərini nümayiş etdirib. Rəqs müsabiqəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası "İncilər", Azərbaycan Dövlət Pedaqoji Universiteti "Xarici", Bakı Ali Neft Məktəbi "Ləzginka", Milli Aviasiya Akademiyası "Arşın Mal Alan", Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli", Azərbaycam Tibb Universiteti "Uzundərə", Azərbaycan Turizm və Menecment Universiteti isə "Tango" rəqsləri ilə çıxış edib. Sonda münsif səsləri toplanaraq 110 balla Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli" rəqsi ilə qalib olub. Məlumat üçün bildirək ki, gələn il keçirilməsi nəzərdə tutulan "Show Your Dance 2020" Rəqs Müsabiqəsi qalib komandanın təmsil olunduğu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutacaq.  


2019-06-04

Ətraflı >

ATGTİ sədri Faiq Məmmədov Belçikanın Brüssel şəhərində işgüzar səfərdə olub

15-18 noyabr tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belçikanın Brüssel şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının İdarə Heyətinin iclasında iştirak edib. İclasda Azərbaycan Tələbə Kartı ilə bağlı görülmüş işlər məruzə edilib və Avropa Gənclər Kartı Assosiasiyasının növbəti fəaliyyət müddəti üçün strateji plan müzakirə edilib. İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir. Azərbaycan Tələbə Kartının Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində 200-dən çox, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq müəssisədən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.dən güzəştlərlə istifadə etmək imkanını verir. Məlumat üçün bildirək ki, Azərbaycan Tələbə kartının əməkdaşlıq etdiyi Avropa Gənclər Kartı Assosiasiyası 1991-ci ildə gənclərin Gənclər Kartından istifadəsini sürətləndirmək məqsədilə Avropa Şurası ilə saziş imzalamış, 1995-ci ildən isə Avropa Komissiyası müvafiq prosesi dəstəkləməyə başlamışdır. Onu da qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin  ən gənc və ilk Azərbaycanlı üzvüdür.  


2019-11-27

Ətraflı >

“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri ölkənin ən innovativ banklarından olan Unibanka olmuşdur. Səfər zamanı tələbələr bankın rəhbərliyi və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuş, öz suallarını birbaşa məsul şəxslərə ünvanlamaq imkanı qazanmışlar. Çay fasiləsindən sonra isə tələbə gənclər müxtəlif şöbələri gəzərək oradakı iş prosesi ilə yaxından tanış olmuşlar. Sonda iştirak edən tələbələrə bank tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Əgər siz də bu kimi imkanlardan yararlanmaq isyəyirsinizsə, bizi izləmədə qalın! #AzGF #ATGTİ #ASYOU #Unibank #TeaTalks


2021-11-06

Ətraflı >

“Bayraqdar İntellektual oyunu” keçirilib

8 noyabr tarixində Gənclər və İdman Nazirliyi və ATGTİ-nin təşkilatçılığı, Park Bulvar Bakunun tərəfdaşlığı ilə Bayraq gününə həsr edilmiş “Bayraqdar İntellektual oyunu” keçirilib. Layihə Park Bulvar ticarət mərkəzində hər birində 5 nəfər olmaqla 5 komandanın iştirakı ilə baş tutub. Layihəyə əsasən Park Bulvarda qabaqcadan müəyyənləşdirilmiş mağazalarda 5 koordinator komandalara suallar vermək üçün yerləşdirilib. Hər komanda suallara cavab verəcəyi məkanın adını da ilkin mərhələdə suala cavab verməklə müəyyənləşdirib. Daha sonra, suallara cavab vermək üçün məkanlara yollanan komanda iştirakçıları 5 sualdan minimum 3-nə cavab verməklə bayraq udublar. Yekunda ən çox bayraq toplayan və məkana tez çatan komanda qalib  elan edilib. İntellektual oyunun  sualları layihənin adına uyğun olaraq  bayrağımızla bağlı olmaqla, xüsusilə bayrağımızın müxtəlif tarixi mərhələlərdəki statusundan, quruluşundan, haqqında verilən qərarlardan bəhs edib.      


2019-11-12

Ətraflı >

“Hədəfini Seç”

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hədəfini Seç” adlı stolüstü oyun turniri baş tutdu.


2021-11-20

Ətraflı >

“İstedadlı Gənclərin Estrada-Vokal Müsabiqə”si keçirilib

  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Milli Konservatoriyasının dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan  Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin  100 illiyinə həsr olunmuş “İstedadlı Gənclərin Estrada-Vokal Müsabiqə”si keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan  Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra isə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edib. O, belə tədbirlərin keçirilməsini və gənclərin belə layihələrdə iştirakını  təqdirə layiq hesab etdiyini bildirib. Gənclərə bu tip layihələrdə fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev yaradıcılığla bağlı layihələrin mədəni zövqün formalaşması üçün önəmli olduğunu qeyd edib. O, iştirakçılara uğurlar arzulayıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov müsabiqənin  maraqlı olacağına inamını bildirib. Ölkəmizdə  gənclərin inkişafı üçün çoxlu imkanlar olduğunu bildirən Şahin İsmayılov, gənclərə uğurlar arzulayıb. Daha sonra iştirakçılar seçdikləri mahnıları ilə çıxış ediblər. Sonda isə münsiflər onların çıxışlarını dəyərləndirib, müvafiq yerlər üzrə qalibləri müəyyənləşdiriblər.    


2016-11-20

Ətraflı >

“Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu...

  Bakı Konqres Mərkəzində keçirilən forumun birinci panelində Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları çıxış ediblər. İkinci paneldə isə gənclər təşkilatlarının nümayəndələri,  ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov da çıxış edib. İlk öncə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Forumda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə VIII Forumun keçirilməsindən məmnunluğunu bildirib. Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı barədə də məlumat verən nazir bu baxımdan 2014-cü ildə ölkəmizdə keçirilən və 165 ölkədən 700 nümayəndənin iştirak etdiyi Gənclər Siyasəti üzrə I Qlobal Forumun əhəmiyyətini xüsusi vurğulayıb. Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycanda gənclər siyasətindən danışıb. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclərin ölkə həyatının bütün sahələrində fəal iştirak etdiklərini vurğulayan komitə sədri deyib ki, gənclərimiz dövlətimizin dəstəyi ilə mühüm yerli və beynəlxalq tədbirlərdə uğurla çıxış edir, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ edirlər. Bu tədbirlər Azərbaycan gənclərinin dünyagörüşünün, fəallığının artmasında, onların beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayıb. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında ölkədə gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıblar.   Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova sıralarında 127 təşkilatın birləşdiyi qurumun ötən dörd ildəki fəaliyyətinin yekunları barədə məlumat verib. Bu tədbirlər arasında Azərbaycan Könüllülük Xidməti, “Xətdə”, BMT ilə birgə reallaşdırılan “Gənclər daha yaxşı gələcək uğrunda”, “Nifrət nitqinə yox” və s. layihə, kampaniya və proqramların uğurla reallaşdırıldığını bildirib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Azərbaycan dövləti gənclərimizin fəaliyyətindən, onların inkişafı üçün hər cür şərait yaradıldığından, bu şəraitin nəticəsində bu gün Azərbaycan gəncliyi istənilən sahədə öz sözünü deməyə qadir qüvvəyə çevrildiyindən danışıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov çıxış edərək cari ilin statistikasından, ATGTİ-nin bu illərdə keçirtdiyi layihələrdən, Azərbaycan Tələbə Kartından və onun təklif etdiyi endirimlərdən danışıb.      


2018-11-17

Ətraflı >

Tələbə kütləsinin formalaşdırılmasını dəstəkləyən “Hədəf 5%” proqramının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə oktyabrın 27-də Tələbə Gənclər Təşkilatlarının fəaliyyətinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasını dəstəkləyən “Hədəf 5%” proqramının açılış mərasimi keçirilib.  Azərbaycan-Fransız Universitetində baş tutan tədbirdə dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və ATGTİ-nin sədri Pərviz Mirələmlinin çıxışları ilə davam etmişdir. Çıxışçılar Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman ordumuz tərəfindən yazıldığını böyük qürur hissi ilə qeyd edib, 17 illik gərgin əməyinin nəticəsi olaraq dövlət başçısının Azərbaycanı ərazi bütövlüyünə qovuşdurduğu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdığını vurğulayıblar. Həmçinin, tələbə gənclərin qalib xalqın nümayəndələri kimi öz sahələrində daha aktiv fəaliyyət göstərmələrinin vacibliyi qeyd olunmuş, gəncləri öz ətrafında toplayan bu proqramın əhəmiyyəti və yaxın aylar ərzində onlara verəcəyi töhfələr haqqında fikirlər bölüşülüb. Daha sonra ATGTİ-nin üzv təşkilatlar və tələbə klubları ilə iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə “Hədəf 5%” proqramını tədbir iştirakçılarına təqdim edərək layihənin missiya və hədəfləri, fəaliyyət istiqamətləri və həyata keçiriləcək yeni koordinasiya planı haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, “Hədəf 5%” proqramının əsas məqsədi təhsil müəssisələrində fəaliyyət göstərən TGT-lərin ilkin olaraq müəssisədə təhsil alan tələbələrin ən azı 5 faizinin TGT fəaliyyətlərinə cəlb olunmasını nəzərdə tutur. 


2021-10-27

Ətraflı >

“Tea Talks” proqramı çərçivəsində ilk karyera səfəri

Azərbaycan Respublikasının Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində ilk karyera səfəri hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərib, “Fortune 500”- də yer alan şirkətlərə konsaltinq xidməti göstərən EKVİTA (EKVITA) şirkətinə olmuşdur. Səfər zamanı tələbələr şirkətin rəhbərliyi və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuş, öz suallarını birbaşa məsul şəxslərə ünvanlamaq imkanı qazanmışlar. Çay fasiləsindən sonra isə tələbə gənclər müxtəlif şöbələri gəzərək oradakı iş prosesi ilə yaxından tanış olmuşlar. Sonda iştirak edən tələbələrə şirkət tərəfindən müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub. Əgər siz də bu kimi imkanlardan yararlanmaq isyəyirsinizsə, bizi izləmədə qalın! #AzGF #ATGTİ #ASYOU #EKVİTA #TeaTalks


2021-10-29

Ətraflı >