Bizi İzləyin :

TƏDBİRLƏR

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq TGT-lərdə silsiləvi tədbirlər keçirili...

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 16 il ötür. Xalqımız dahi rəhbərin xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir. Elə bu münasibətlə də onlarla TGT-də Heydər Əliyev anılıb və silsiləvi tədbirlər, yarışlar, təmizlik aksiyaları keçirilib. Məlumat üçün bildirək ki, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tələbələr arası dama yarışı keçirilib. Yarışda 30-dan çox tələbə iştirak edib. Bununla yanaşı, bir çox TGT-lər Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fakültələr arası intellektual yarışlar keçirib.  Bakı Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.Tədbir Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılovun və tələbələrin H.Əliyevlə bağlı maraqlı çıxışları ilə yadda qalıb. Heydər Əliyevin anım günü ilə bağlı bir çox təhsil müəssisələrində Heydər Əliyev büstünün qarşısına güllər qoyulub sonra, əl işlərindən ibarət rəsm sərgiləri keçirilib. Dövlət Gömrük Komitəsinin Akademiyasında müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Akademiyanın Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı və Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Fidan Camalzadənin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan məruzələri dinlənilib. Çıxışlarda ölkəmizin inkişafında qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğu bildirilib, ulu öndərin tarixdəki müstəsna rolundan bəhs edilib. Daha sonra tələbələrin ifasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan şeir və mahnılar səsləndirilib. Bir çox TGT-lər isə təhsil müəssisələrinin yerləşdiyi rayonlardakı H.Əliyev mərkəzlərini ziyarət edib, ulu öndərin həyat yolu ilə tanış olublar.      


2019-12-13

Ətraflı >

Avropa Gənclər Kartı Assosiasiyasının Brüsseldə növbəti iclası keçirilib

  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov Avropa Gənclər Kartı Assosiasiyasının Brüsseldə keçirilən idarə heyətinin növbəti iclasında iştirak edib. İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir. Qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin  üzvüdür. Bununla yanaşı, Faiq Məmmədov səfər çərçivəsində Avropa Parlamentində  Beynəlxalq Multilingualism gününə həsr olunmuş tədbirdə iştirak edib.  


2018-10-05

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirildi.   Açılışda Fövqəladə Hallar Nazirliyinin ifasında Azərbaycan Respublikasının himni səsləndirildi. Sonra İttifaqın irimiqyaslı layihələrini özündə əks etdirən videoçarx izlənildi.   Videoçarxdan sonra Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sabiq sədri Şahin İsmayılov çıxış edərək ATGTİ-nin 9 illik fəaliyyəti haqqında konfrans iştrakçılarına hesabat verdi.   Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışı zamanı ATGTİ-nin bu illər ərzində tələbələrə qazandırdığı səmərəli fəalliyyətini müsbət dəyərləndirdiyini bildirdi.   Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ATGTİ-nin bundan sonraki fəaliyyətində uğurlar arzuladı.   Prezident Adminstrasiyasının nümayəndəsi Həmid Nəsirov çıxışı zamanı ATGTİ-nin çətir təşkilat olduğunu - bir çox Tələbə Gənclər Təşkilatlarını özündə cəmlədiyini vurğuladı. Həmçinin, Prezident Adminstrasiyasının da hər zaman Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına dəstək olacağını bildirdi.   Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov çıxış edərək 9 illik səmərəli fəalliyətinə görə təbrik etdi və yeni idarə heyyətinə uğurlar arzuladı.   Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının keçirdiyi layihələrin ATGTİ dəsti-xətti yaratdığını vurğuladı. Daha sonra Seymur Orucov Şahin İsmayılova plaket təqdim etdi.   Çıxışlardan sonra sədr seçkilərinə namizədlərin videoarxları izləndi.   Konfrans iştirakçıları elektron səsvermədən istifadə edərək namizədlər arasında öz seçimlərini etdilər.   Səsvermənin sonunda ATGTİ-nin yeni sədri Faiq Məmmədov seçildi.    


2018-12-27

Ətraflı >

Panel görüşü

1 noyabr tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gənclər Təşkilatlarının rəhbərləri ilə növbəti panel görüşü keçirildi. Bu sessiyanın müzakirə mövzusu “Qarabağın dirçəlişinin və reallıqlarının beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında gənclər təşkilatlarının rolu” idi. Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr aparıldı, gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyətləri və təşkilatlar tərəfindən gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verildi və sonda #tələbələrimİZ-in də aktiv iştirakı ilə sual-cavab sessiyası keçirildi. #NAYORA #ATGTİ #DVC #İrəli2020 #GTEMCY #Panelgörüşləri


2021-11-02

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələri tərəfindən günahsız...

Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.


2020-10-24

Ətraflı >

Gürcüstanda beynəlxalq təlim kursunun birinci hissəsi keçirilib.

  7-13 noyabr tarixlərində Gürcüstanın Laqodexi şəhərində Avropa Komissiyasının Erasmus + proqramı çərçivəsində  beynəlxalq təlim kursunun birinci hissəsi keçirilib. Beynəlxalq təlimdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Ramin Həbibzadə iştirak edib. Gənclər üçün keçirilən bu layihədə  Azərbaycan tərəfindən tərəfdaş olaraq  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi nümayəndələri qatılıb. Onlar tədbirdə iştirak edənləri öz fəaliyyətləri ilə tanış edib. Layihədə Avropa İttifaqına həm üzv, həm də qeyri-üzv olan 8 ölkədən 24 gənc iştirak edib. Təlim kursunda iştirakçılara Erasmus + proqramı haqqında geniş məlumat verilib və onların suallarına cavab verilib. Qeyd edək ki, layihənin ikinci hissəsi aprel ayında Macarıstanın Budapeşt şəhərində baş tutacaqdır.  


2018-11-23

Ətraflı >

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ili münasibətilə videokonfrans keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ili münasibətilə videokonfrans keçirilib.   Videokonfransda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Cümhuriyyətə aparan yol” mövzusunda çıxış edərək,  müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirilən yeniliklərin Azərbaycan xalqının tarixində olan yeri və əhəmiyyəti haqqında konfrans iştirakçılırına məlumat vermişdir. Görüşdə iştirak edən tələbələrin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına aparan yol, həmin tarixi dönəmdə regionda və dünyada baş verən hadisələr, bunların ilk cümhuriyyətimizin mövcudluğuna təsiri və respublikanın süquta uğramasını şərtləndirən səbəblər barədə sualları cavablandırılmışdır. Xüsusilə vurğulanmışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan hazırkı dövlətimizin müstəqilliyinin möhkəmlənməsi və daha da qüdrətlənərək inkişaf etməsi üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər əllərindən gələni etməli və hər zaman müstəqilliyimizi və dövlətçiliyimizi əziz tutmalıdır. Qeyd edək ki, görüşdə 200 yaxın gənc iştirak edib.  


2020-05-28

Ətraflı >

Azərbaycan tələbələrinin II qurultayı keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və  Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib.   Qurultayın keçirilməsi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.   Baş nazirin müavini Əli Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Tələbə-gəncləri daha yaxşı təhsil almağa, Azərbaycanın maraqlarını həmişə müdafiə etməyə, ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa çağırıb və qurultayın işinə uğurlar arzulayıb.   Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub. C.Bayramov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib.   Qurultayda çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tələbə-gənclərlə bağlı həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verib. O bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Dahi rəhbər çıxışlarında gəncliyin ölkə və xalq üçün hər şeydən qiymətli olduğunu qeyd edirdi. Bu gün dövlətimizin başçısı İlham Əliyev gənclər siyasətini uğurla davam etdirir. Həmçinin, Şahin İsmayılov qeyd edib ki, Azərbaycan gəncliyinin avanqard pilləsi sayılan tələbələr dövlət gənclər siyasətinin daim tərkib hissəsi və maraq dairəsi olmuşdur.   Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub.   Qurultay tələbələrin çıxışları ilə davam edib   Tədbirin sonunda Azərbaycan tələbələrinin II qurultayının qətnaməsi qəbul olunub.   Qurultay tələbələr tərəfindən hazırlanmış konsert proqramı ilə başa çatıb.  


2018-12-22

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 5-ci günü başa çatıb


2020-02-16

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 6-cı günü başa çatıb


2020-02-19

Ətraflı >

ATGTİ ofisində TGT sədrlərinin növbəti iclası baş tutub

İclas çərçivəsində müzakirə olunub: 1. Yeni tədris ili üçün görüləcək işlər və tədbiq olunacaq yeni online platforma  2. Tədris müəssisələrində TGT-lər tərəfindən yeni qəbul olmuş tələbələr üçün keçirilməsi planlaşdırılan məlumatlandırma günləri  3. 14 Sentyabr tarixində yeni tədris ilinin başlanması münasibətilə keçiriləcək #TədrisimİZ Party 4. Azərbaycan Tələbə Kartı 5. Fəaliyyət müddətini tamamlamaq üzrə olan TGT sədrlərinin hesabat-seçki konfranslarının keçirilməsi İclasda Bakı şəhəri üzrə 40-dan çox TGT sədri iştirak edib.      


2019-09-03

Ətraflı >

"Hədəf 5%" proqramı çərçivəsində Milli İncəsənət Muzeyinə ekskursiya

27 noyabr tarixində Azərbaycan Gənclər Fondu və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatı və nəzdində fəaliyyət göstərən “Tələbə Əyləncə” klubunun təşkilatçılığı ilə Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı #tələbələrimİZ muzeydə olan maraqlı sərgi və əsərlərlə tanış olmuş, dünyagörüşlərini artıracaq və maariflənə biləcəkləri zəruri məlumatlara yiyələnmişdirlər.


2021-11-27

Ətraflı >

Azərbaycan Gənclərinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti

Möhtərəm cənab Prezident, Cənab Ali Baş Komandan! Azərbaycanın əzəli torpaqlarının 30 ildir ki, davam edən işğalına son qoyduğunuz, 1 milyon qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmaq arzusuna qovuşmağına şərait yaratdığınız üçün Azərbaycan gəncliyi adından Sizə dərin təşəkkürümüzü ifadə edirik. Azərbaycan gəncliyi Sizinlə fəxr edir, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarix yaradan rəşadətli Azərbaycan Ordusu ilə qürur duyur! Bu tarixi qələbə Ulu Öndərimizin əsasını qoyduğu və son 17 il ərzində Sizin addım-addım həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Bu qələbə güclü iqtisadiyyat, müasir ordu quruculuğu, milli həmrəylik və beynəlxalq arenada əldə edilən uğurların nəticəsində mümkün olmuşdur. Məhz bu uğurların fonunda yetişən Azərbaycan gəncləri əsgər və zabitlər, iqtisadi fəaliyyətin müxtəlif sahələrində fəaliyyət göstərən mütəxəssislər, dövlət qulluqçuları və diplomatlar qismində Ulu Öndərin nəsihətləri və Sizin tövsiyələrinizə uyğun olaraq bu günkü qələbəmizin reallaşmasına öz töhfəsini vermək üçün əlindən gələni etmişlər. Gənclərə verdiyiniz dəstəyi və yüksək qiyməti daim əziz tutan bizlər milli maraqlarımıza sədaqətimiz və fədakar əməyimizlə vətənə olan borcumuzu ödəməkdən şərəf duyuruq. Siz axıra qədər bu münaqişəni sülh yolu ilə, qan tökülmədən həll etməyə çalışdınız, bunun üçün lazım olan hər şeyi etdiniz. Təəssüf ki, Ermənistan rəhbərliyi bu sülhsevər səylərinizi adekvat qiymətləndirməyə qadir olmadı, ölkəmizə, xalqımıza qarşı yönəldilən işğalçılıq siyasətinə son qoymadı. Amma Sizin yaratdığınız, böyük uzaqgörənliklə silahlandırdığınız Azərbaycan Ordusu komandanlığınız altında döyüş meydanında düşmənə layiq olduğu cavabı verdi, düşmən acı məğlubiyyətə uğradılaraq, sülhə məcbur edildi. Bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin ən şanlı tarixlərindən birinə şahidlik edirik. Tarixin heç bir dönəmində milli həmrəyliyimiz, xalq coşqusu bu səviyyədə təzahür etməmişdir. Birliyimiz dəmir yumruq kimidir və bu birmənalı olaraq Sizin adınızla bağlıdır! Bizə bu günləri yaşatdığınız üçün Sizə minnətdarıq! Azərbaycan gəncliyi olaraq, Sizə inamımız tamdır. İnanırıq ki, Sizin rəhbərliyiniz altında döğma xalqımız hələ çox uğurlara imza atacaq, Ulu Öndərin dediyi kimi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bütün fəaliyyətiniz dövründə olduğu kimi, bundan sonra da bizə həmişə inana, güvənə, arxalana bilərsiniz. Biz də gənclik olaraq, bu inamı doğrultmaq üçün bundan sonra da bütün qüvvə və bacarığımızla, təhsil və qabiliyyətimizlə Sizin sərəncamınızdayıq!      Biz Sizinlə Güclüyük! Qarabağ Azərbaycandır!


2020-11-10

Ətraflı >

İlahiyyatçı qəzetində TGT sədri Nicat Hüseynovun Multikulturalizmin inkişafında Heydər Əliyevin rolu...

Multikulturalizmin inkişafında Heydər Əliyevin rolu   Azərbaycanda daim multikulturalizm, mədəniyyətlərarası dialoq və tolerant mühit hökm sürüb. Ümumiyyətlə, dünyada özlərinə məxsus milli-mənəvi dəyərləri yaşadan və onu gözbəbəyi kimi qoruyub, gələcək nəsillərə ötürə bilən xalqlar ən yüksək hörmətə layiqdirlər. Azərbaycan müxtəlif dövrlərdə yadellilərin işğalçı yürüşlərinə məruz qalsa da, bu Vətənin övladları hər zaman öz dəyərlərini qorumağı bacarıblar. Azərbaycanın ikinci dəfə müstəqillik qazandığı ilk dönəmlərə nəzər saldığımız zaman multikultural dəyərlərə ümummilli lider Heydər Əliyev kimi xüsusi önəm verən dahi şəxsiyyətə rast gəlirik.   Bu görkəmli dövlət xadimi Azərbaycanda sabitliyin təmin olunması, həmrəyliyin qorunması ilə yanaşı, multikulturalizmin inkişafında və genişləndirilməsində, eləcə də sivilizasiyalararası dialoqun təşkil edilməsində, tolerant mühitin formalaşdırılmasında müstəsna xidmətlərə imza ataraq böyük töhfələr verib. Bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsi də diqqətdən kənarda qalmayıb, mənəvi dəyərlər dünya səviyyəsində tanıtdırılıb. Ümummilli lider hesab edirdi ki, vətənə sədaqət nümayiş etdirmək, milli-mənəvi dəyərlərə sadiq olmaq hər bir vətəndaşın borcudur.   Ulu Öndər qədim tarixə malik olan mədəni irsimizin bütün azərbaycanlılar tərəfindən qorunması zəruriliyinin tərəfdarı olub. Azərbaycanın mədəniyyət və incəsənət sahəsi Heydər Əliyevin xüsusi diqqət və qayğısından əsla kənarda qalmayıb, həmçinin gənclərin vətənpərvər ruhda böyüməsindən ötrü onların milli-mənəvi dəyərlərimizi bilmələri və qorumalarının vacibliyini vurğulayıb.   Bildiyimiz kimi, ölkəmiz uzun müddət ərzində ateizm ideologiyasının əsaslarını rəhbər tutan totalitar rejim tərəfindən idarə edilib. Xalqımızı qədim tarixi bağlarla bağlı olduğu İslam dinindən ayrı salmağa çalışıblar. Müstəqillik əldə edildikdən sonra, xalqımız öz dini inanclarına qayıtmağa başladı. Sovet dövründə dinini, məzhəbini belə dilinə gətirməyənlər, yaxud qadağalara əməl etməyə məcbur edilənlər demokratik əsaslarla qurulan dövlətdə yaşamanın imkanlarından yararlanmağa başladılar. Vətəndaşların hüquq və azadlıqları, eləcə də dini etiqadlarını rahat şəkildə ifadə edə bilmə imkanları dövlətimiz tərəfindən qəbul edilən qərarlarla həyata keçirilməyə başlandı. Azərbaycan Respublikasının Konstitusiyasında "dini etiqad azadlığı"nın müəyyən edilməsi, həmçinin "Dini etiqad azadlığı" haqqında Qanunun qəbul edilməsi buna əyani sübutdur.   Ulu öndərin hakimiyyəti illərində Azərbaycanda yeni məscidlər tikildi, ziyarətgah və dini məbədlər əsaslı şəkildə təmir-bərpa edildi, abadlaşdırıldı. Azərbaycanda müstəqillikdən öncə 17 məscid mövcud olduğu halda, onların sayı 1236-ya çatdırıldı. Heydər Əliyev 1997-ci ildə Bibiheybət məscidinin bərpasına başlanması mərasimindəki çıxışında da müstəqilliyimizin qorunub-saxlanmasında milli-mənəvi dəyərlərimizin xüsusi rolunun olduğunu vurğulamışdır: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, qorunub saxlanmasında, Azərbaycanın başına gələn bəlaların aradan götürülməsində, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün apardığımız işlərdə, bütün başqa işlərdə bizim milli-mənəvi dəyərlərimiz – Azərbaycan xalqının milli-mənəvi dəyərləri, Azərbaycan xalqının mənsub olduğu İslam dininin mənəvi dəyərləri bizim üçün həmişə dayaq və ilham mənbəyi olmuş, bizə həmişə güc vermişdir”.   O, Azərbaycanın gələcək strategiyasının inkişaf etdirilməsində mənəvi mənbələrdən yararlanmağın xüsusi önəminin olduğundan bəhs edir, bu işdə İslam dinini də əhəmiyyətli rolunu vacib hesab edirdi. Ümummilli Lider bu səbəbdən tez-tez dindarlarla görüşlər keçirir, onların fikirlərinə ciddi şəkildə önəm verir, müxtəlif dini bayram və matəm mərasimlərində məscidlərə gedir, dindar insanlar qarşısında çıxışlar edərək, həm sevincli, həm də hüznlü anlarını bölüşürdü. Ulu Öndər İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu günü münasibətilə Təzəpir məscidində keçirilən bayram tədbirində iştirak edərkən bunları söyləyib: “Bizim bu ədalətli mübarizəmizdə, torpaqlarımızın müdafiəsində Allah bizə həmişə yardımçı olacaqdır. Ulu peyğəmbərimiz Məhəmməd əleyhissalamın qoyduğu yol, Qurani-Kərimin göstərişləri bizi qələbəyə aparacaq, xalqımızı birləşdirəcək və biz düşmənləri məğlub edəcəyik”.   Ümummilli lider Heydər Əliyev İslam dininin mənsublarına göstərdiyi qayğı və diqqəti ölkəmizdə yaşayan digər dinlərin mənsublarından da əsirgəməyib. O, öz düşüncələri və əməlləri ilə ölkəmizdə tolerant mühiti formalaşdırıb ki, bu da bütün vətəndaşlar üçün örnək rolunu oynayır. Ulu öndər digər din nümayəndələrinə qarşı yüksək dini dözümlülük nümayiş etdirməklə yanaşı, onları da heç vaxt diqqətdən kənarda saxlamayıb, arzu və istəklərini həyata keçirib, problemləri ilə yerindəcə tanış olmaqdan ötrü tez-tez ölkəmizdə fəaliyyət göstərən kilsə və sinaqoqlarda olub. Eləcə də görkəmli dövlət xadiminin onların dini məbədlərini bərpa etdirmək təşəbbüsünün bütün dünyaya nümunə olması danılmaz reallıqdır. Tez-tez dinin insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etdiyini vurğulayan Heydər Əliyev Azərbaycandakı dini konfessiyaların başçıları ilə görüşdəki söhbətində dinin ekstremizmlə heç bir bağlılığının olmadığını vurğulayarkən deyib: “Şübhəsiz ki, hər bir xalqın içərisində, hər bir ölkədə quldurlar, terrorçular, cinayətkarlar, ekstremistlər var. Ancaq bunun xalqların dini kökləri, yaxud onların dini prinsipləri ilə heç bir əlaqəsi yoxdur”.   Prezident İlham Əliyev haqqında danışarkən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini verən Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdəki prinsiplərini layiqincə davam etdirən Prezident İlham Əliyev multikultural dəyərləri və tolerantlıq siyasətini də diqqətdən kənarda saxlamamış, üstəlik, bu siyasəti Azərbaycan dövlətinin qarşıda duran ən prioritet məsələlərindən biri halına gətirib. Hər zaman etnik-mədəni prosesləri yaxından izləyib, onlara özlərinin layiq olduqları həddə dəyər verib. Tolerant mühitin inkişaf etdirilməsinə yalnız çıxışlarında toxunmaqla kifayətlənməyərək, bunu özünün əməli fəaliyyətində də dəfələrlə nümayiş etdirib. Cənab prezident 2017-ci ildə  BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında Azərbaycanın multikultural həqiqətlərini bəyan etdi, Ermənistanın vandalizm siyasətini bir daha ifşa etdi. Dünya ictimaiyyətinin diqqətini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə yönəldərək, ermənilərin Azərbaycan mədəniyyətinə qarşı törətdiyi vəhşilikləri dilə gətirdi:   “Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir”.   Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində göstərilir ki, Azərbaycan Dövləti demokratik, hüquqi, dünyəvi respublikadır. Azərbaycan məhz bu prinsipləri əsas götürərək, ölkə ərazisində mövcud olan etnik-mədəni müxtəliflikləri tənzimləyir, onların inkişaf proseslərinə də məhz bu kontekstdən yanaşır. Respublikanın sərhədləri daxilində Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan tolerant mühitin daha da genişlənib inkişaf etdirilməsindən ötrü davamlı şəkildə işlər görülür, bu yolda onun düşüncələri və tövsiyyələri daim diqqət mərkəzində saxlanılır. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan və onun əhalisi dünya ictimaiyyəti tərəfindən humanist, dözümlü, tolerant xalq kimi tanınır. Multikultural dəyərlərin yaşadılması sayəsində ölkəmiz daha da inkişaf edəcək və bütün dünya xalqları Azərbaycanı hər zaman nümunə kimi görəcəklər.   Nicat Hüseynov - I kurs tələbəsi, Azərbaycan İlahiyyat İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri


2019-12-18

Ətraflı >

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb.   Müraciətdə komitə Avropada yaşayan həmvətənlilərimizə çağırış edərək, “ÜMUMAVROPA QARABAĞ MİTİNQ”-ində iştirak etməyin vacibliyindən bəhs etməklə, mitinqin əhəmiyyətini xüsusi vurğulamışdır.   Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciətini olduğu kimi sizə təqdim edirik:   Əziz həmvətənlər, dəyərli soydaşlar!   Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə birlik və bərabərlik nümayiş etdirib. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında daim fəallıq göstərərək Azərbaycanı narahat edən problemlərə biganə qalmayıblar.  Hər birimizə məlum olduğu kimi, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevral tarixində yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Mitinq zamanı yüzlərlə soydaşımız “Azərbaycan sülh istəyir!”, “Qarabağa geri qayıtmaq istəyirik!” “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” şüarları ilə Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış edəcəklər. Əziz soydaşlarımız, Sizləri mitinqdə fəal olmağa, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında aktiv iştirak etməyə çağırırıq.  Dəyərli həmvətənlərimiz, bu həm Xocalı soyqırımı qurbanlarının, həm də şəhidlərimizin müqəddəs ruhları qarşısında mənəvi borcumuzdur.   QEYD: Mitinqin təşkil ediləcəyi məkan haqqında ətraflı məlumatı buradan  əldə bilərsiniz.


2019-02-22

Ətraflı >