Bizi İzləyin :

BİZ MƏTBUATDA

ATGTİ sədri Faiq Məmmədov Belçikanın Brüssel şəhərində işgüzar səfərdə olub

15-18 noyabr tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belçikanın Brüssel şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının İdarə Heyətinin iclasında iştirak edib. İclasda Azərbaycan Tələbə Kartı ilə bağlı görülmüş işlər məruzə edilib və Avropa Gənclər Kartı Assosiasiyasının növbəti fəaliyyət müddəti üçün strateji plan müzakirə edilib. İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir. Azərbaycan Tələbə Kartının Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində 200-dən çox, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq müəssisədən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.dən güzəştlərlə istifadə etmək imkanını verir. Məlumat üçün bildirək ki, Azərbaycan Tələbə kartının əməkdaşlıq etdiyi Avropa Gənclər Kartı Assosiasiyası 1991-ci ildə gənclərin Gənclər Kartından istifadəsini sürətləndirmək məqsədilə Avropa Şurası ilə saziş imzalamış, 1995-ci ildən isə Avropa Komissiyası müvafiq prosesi dəstəkləməyə başlamışdır. Onu da qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin  ən gənc və ilk Azərbaycanlı üzvüdür.  


2019-11-27

Ətraflı >

Azərbaycan Gənclərinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti

Möhtərəm cənab Prezident, Cənab Ali Baş Komandan! Azərbaycanın əzəli torpaqlarının 30 ildir ki, davam edən işğalına son qoyduğunuz, 1 milyon qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmaq arzusuna qovuşmağına şərait yaratdığınız üçün Azərbaycan gəncliyi adından Sizə dərin təşəkkürümüzü ifadə edirik. Azərbaycan gəncliyi Sizinlə fəxr edir, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarix yaradan rəşadətli Azərbaycan Ordusu ilə qürur duyur! Bu tarixi qələbə Ulu Öndərimizin əsasını qoyduğu və son 17 il ərzində Sizin addım-addım həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Bu qələbə güclü iqtisadiyyat, müasir ordu quruculuğu, milli həmrəylik və beynəlxalq arenada əldə edilən uğurların nəticəsində mümkün olmuşdur. Məhz bu uğurların fonunda yetişən Azərbaycan gəncləri əsgər və zabitlər, iqtisadi fəaliyyətin müxtəlif sahələrində fəaliyyət göstərən mütəxəssislər, dövlət qulluqçuları və diplomatlar qismində Ulu Öndərin nəsihətləri və Sizin tövsiyələrinizə uyğun olaraq bu günkü qələbəmizin reallaşmasına öz töhfəsini vermək üçün əlindən gələni etmişlər. Gənclərə verdiyiniz dəstəyi və yüksək qiyməti daim əziz tutan bizlər milli maraqlarımıza sədaqətimiz və fədakar əməyimizlə vətənə olan borcumuzu ödəməkdən şərəf duyuruq. Siz axıra qədər bu münaqişəni sülh yolu ilə, qan tökülmədən həll etməyə çalışdınız, bunun üçün lazım olan hər şeyi etdiniz. Təəssüf ki, Ermənistan rəhbərliyi bu sülhsevər səylərinizi adekvat qiymətləndirməyə qadir olmadı, ölkəmizə, xalqımıza qarşı yönəldilən işğalçılıq siyasətinə son qoymadı. Amma Sizin yaratdığınız, böyük uzaqgörənliklə silahlandırdığınız Azərbaycan Ordusu komandanlığınız altında döyüş meydanında düşmənə layiq olduğu cavabı verdi, düşmən acı məğlubiyyətə uğradılaraq, sülhə məcbur edildi. Bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin ən şanlı tarixlərindən birinə şahidlik edirik. Tarixin heç bir dönəmində milli həmrəyliyimiz, xalq coşqusu bu səviyyədə təzahür etməmişdir. Birliyimiz dəmir yumruq kimidir və bu birmənalı olaraq Sizin adınızla bağlıdır! Bizə bu günləri yaşatdığınız üçün Sizə minnətdarıq! Azərbaycan gəncliyi olaraq, Sizə inamımız tamdır. İnanırıq ki, Sizin rəhbərliyiniz altında döğma xalqımız hələ çox uğurlara imza atacaq, Ulu Öndərin dediyi kimi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bütün fəaliyyətiniz dövründə olduğu kimi, bundan sonra da bizə həmişə inana, güvənə, arxalana bilərsiniz. Biz də gənclik olaraq, bu inamı doğrultmaq üçün bundan sonra da bütün qüvvə və bacarığımızla, təhsil və qabiliyyətimizlə Sizin sərəncamınızdayıq!      Biz Sizinlə Güclüyük! Qarabağ Azərbaycandır!


2020-11-10

Ətraflı >

"Siyasi repressiya qurbanları"

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Klubunun təşkilatçılığı ilə 1937-ci il repressiya qurbanlarının xatirə gününə həsr olunmuş "Siyasi repressiya qurbanları" muzeyinə ekskursiya baş tutmuşdur.Ekskursiya zamanı #tələbələrimİZ muzeydəki eksponatlarla tanış olmuş və maariflənə biləcəyi zəruri məlumatlar əldə etmişlər.


2021-11-11

Ətraflı >

Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə karyera səfəri

Əziz tələbələr,    Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə oldu.   Səfər zamanı tələbələr Mərkəzin bölmələri, peyklərin idarə olunması və ümumilikdə qurumun işi ilə yaxından tanış olmuş, suallarını məsul şəxslərə birbaşa ünvanlamaq imkanı da əldə etmişlər. 


Noyabr ayı üzrə ən aktiv TGT-lər təltif edilib!

14.12.2019-cu il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Sonra yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin noyabr ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb: 1.   Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə Gənclər Təşkilatlarının rolu 2.   Bayraqdar intellektual oyunu 3.   Bayraq Günü fləşmobu 4.   Azərbaycan – UELS futbol yarışı 5.   “Youth Speak” Forum 6.   Tələbələr ilə səmimi görüş-Bakı Dövlət Universiteti Faiq Məmmədov həmçinin, İttifaq daxilində edilən kadr dəyişikliyi barədə də TGT sədrlərini məlumatlandırıb. Sonda noyabr ayının ən fəal TGT-si Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci seçilib. Hər iki təhsil müəssisəsinin TGT sədrləri Murad Süleymanlı və İsmayıl Ağazadə sədr tərəfindən təltif edilib.  


2019-12-16

Ətraflı >

ATGTİ əməkdaşı Türkiyənin Samsun şəhərində keçirilən "Beynəlxalq Media Təlim Düşərgəsində" iştirak edib

35 ölkədən 150-dən artıq Media nümayəndəsinin iştirak etdiyi beynəlxalq təlimdə Azərbaycanı 3 media nümayəndəsi təmsil edib. Sonda beynəlxalq təlim iştirakçılarına İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Aljazeera Media İnstitutu, Anadolu Agentliyi (AA) və Türkiyə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar təqdim edilib. Təlimlər zamanı ATGTİ-nin rəsmi sosial şəbəkə hesabları 99 illik təcrübəyə malik Anadolu Agentliyinin (AA) səlahiyyətli nümayəndəsi tərəfindən bəyənilib və 10 bal üzərindən 10 balla qiymətləndirilib.            


2019-10-04

Ətraflı >

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib

  Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib. Tədbirdə açılışı rektorun məsləhətçisi, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov etmişdir. O, tələbələri salamlayaraq belə tədbirlərin gənclər üçün əhəmiyyətli olduğunu vurğulayıb. Daha sonra FHN-nin müxtəlif qurumlarının əməkdaşları çıxış edərək fövqəladə hallar - zəlzələ, daşqın, torpaq sürüşməsi və s. zamanı təhlükədən qorunmaq üsullarından bəhs etmiş, yanğın zamanı qaz balonundan düzgün istifadə qaydalarını tələbələrə izah etmişlər. Mülki müdafiə ilə bağlı müxtəlif fotoşəkillər və maarifləndirici videoçarxlar nümayiş etdirilib. Sonda Ə.Həsənov çıxış edərək tədbirin təşkil edilməsində əməyi keçən qurumlara təşəkkürünü bildirmiş və tələbələrin suallarını cavablandırmışdırlar. Daha sonra xatirə fotoşəkli çəkilib.            


2018-11-21

Ətraflı >

Panel görüşü

1 noyabr tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gənclər Təşkilatlarının rəhbərləri ilə növbəti panel görüşü keçirildi. Bu sessiyanın müzakirə mövzusu “Qarabağın dirçəlişinin və reallıqlarının beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında gənclər təşkilatlarının rolu” idi. Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr aparıldı, gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyətləri və təşkilatlar tərəfindən gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verildi və sonda #tələbələrimİZ-in də aktiv iştirakı ilə sual-cavab sessiyası keçirildi. #NAYORA #ATGTİ #DVC #İrəli2020 #GTEMCY #Panelgörüşləri


2021-11-02

Ətraflı >

ATGTİ-nin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq ali və orta ixtisas təhsil müəssisələrində kütləvi məlumatlandırma günləri keçirilib

ATGTİ-nin təşəbbüsü, TGT-lərin təşkilatçılığı  ilə Azərbaycanda ilk dəfə olaraq 70-ə yaxın ali və orta ixtisas təhsil müəssisələrində universitetə yeni daxil olmuş tələbələr üçün kütləvi məlumatlandırma günləri keçirilib. Müxtəlif regionlarda 13-27 sentyabr tarixlərində  keçirilən məlumatlandırma günlərində 3000-dən çox tələbə ali təhsil alacaqları müəssisə, onun tələbə-müəllim heyəti, tələbə təşkilatları, tədris sistemi ilə yaxından tanış olublar. Məlumat üçün bildirək ki, dünyanın bir çox təhsil ocaqlarında ənənəvi olaraq keçirilən məlumat xarakterli görüşlər Azərbaycanda ilk dəfə olaraq bu qədər tələbə kütləsini əhatə etməklə 3000-dən çox tələbənin təhsil alacağı müəssisə haqqında ətraflı məlumat almasına səbəb olub. Onu da qeyd edək ki, Azərbaycanda keçirilən məlumatlandırma günləri ərzində bir çox təhsil ocağlarında hətta  tələbələrin əylənməsi və səmimi mühitə alışması üçün müxtəlif formatlı idman yarışları keçirilib, rəqs təşkil edilib və bəzi fəal tələbələr mükafatlandırılıb.          


2019-10-11

Ətraflı >

ATGTİ TV-də Youtube vakansiyası üzrə qeydiyyat elan edilir.

Özünə inamın və kreativ ideyaların varsa bizə qoşul.   Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında Youtube vakansiyası üzrə könüllü qəbuluna başlanıldı. Qeydiyyatdan keçərək Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan ATGTİ-də fəaliyyət göstərmə fürsətini əldə et.    Son müraciət tarixi: 16.12.2018   Qeyd edək ki, ATGTİ daxilində fəaliyyət könüllü əsaslarla həyata keçirilir.  


2018-12-02

Ətraflı >

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb.   Müraciətdə komitə Avropada yaşayan həmvətənlilərimizə çağırış edərək, “ÜMUMAVROPA QARABAĞ MİTİNQ”-ində iştirak etməyin vacibliyindən bəhs etməklə, mitinqin əhəmiyyətini xüsusi vurğulamışdır.   Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciətini olduğu kimi sizə təqdim edirik:   Əziz həmvətənlər, dəyərli soydaşlar!   Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə birlik və bərabərlik nümayiş etdirib. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında daim fəallıq göstərərək Azərbaycanı narahat edən problemlərə biganə qalmayıblar.  Hər birimizə məlum olduğu kimi, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevral tarixində yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Mitinq zamanı yüzlərlə soydaşımız “Azərbaycan sülh istəyir!”, “Qarabağa geri qayıtmaq istəyirik!” “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” şüarları ilə Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış edəcəklər. Əziz soydaşlarımız, Sizləri mitinqdə fəal olmağa, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında aktiv iştirak etməyə çağırırıq.  Dəyərli həmvətənlərimiz, bu həm Xocalı soyqırımı qurbanlarının, həm də şəhidlərimizin müqəddəs ruhları qarşısında mənəvi borcumuzdur.   QEYD: Mitinqin təşkil ediləcəyi məkan haqqında ətraflı məlumatı buradan  əldə bilərsiniz.


2019-02-22

Ətraflı >

Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb

Oktyabrın 2-də Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Milli Məclisin deputatları, dövlət rəsmiləri və ölkəmizin qərb bölgəsində yerləşən 12 rayonun 300-ə yaxın ən fəal gənci iştirak edib. Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, ilk toplantının mövzusu Azərbaycan gəncliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi olduğunu qeyd edib. Vətənpərvərlik 3 əsas hissin vəhdətidir: birincisi xalqına, köklərə inam, onlara bağlılıq, ikincisi xalqa, vətənə hörmət və məhəbbət, onların qorunması üçün vicdan və mərdlik, üçüncüsü praktiki hərəkət olduğunu da bildirib. Daha sonra nazir çıxışında nazirliyin müxtəlif illərdə vətənpərvərlik sahəsində həyata keçirdiyi layihələrdən söz açıb. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gəncləri salamlayıb, forum iştirakçılarına öz təbriklərini çatdırıb. Bildirilib ki, dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Müasir gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinin vacib amillərdən olduğunu deyən icra hakimiyyətinin başçısı gənclərə dövlətçilik ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsində uğurlar arzulayıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək dövlət gənclər siyasətindən, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olduğundan danışıb, son illərdə Azərbaycan gəncliyinin qazandığı uğurları qeyd edib. Rəsmi hissədən sonra gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, digər dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri Gəncə Dövlət Filarmoniyasında təşkil olunmuş sərgi ilə ilə tanış olublar. Filarmoniyanın foyesində təşkil olunmuş sərgidə şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatları öz nailiyyətlərini nümayiş etdiriblə  


2018-10-02

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 5-ci günü başa çatıb


2020-02-16

Ətraflı >

"Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" layihəsinə start verilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 10.02.2020 tarixində tələbələr üçün ənənəvi olaraq keçirilən “Liderlik Məktəbi” layihəsinə start verilib. "Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" fevral ayının 16-nadək Gəncə şəhərində davam edəcək. “Liderlik Məktəbi”  layihəsində iştirak edən 120 tələbə 5 komandada – “Gənclik”, “Gələcək”, “İnkişaf” “Birlik” və “Liderlik” komandalarında bölünüb. Tələbələrdən ibarət 5 komanda saat 07:00-da Bakıdan layihənin keçiriləcəyi məkana, Gəncəyə yola düşüblər.  Səfər zamanı komandalar bir-birindən maraqlı təşəbbüslər nümayiş etdirərək, layihənin ilk gününə tam hazırlıqlı olduqlarını ifadə ediblər. Respublikada təhsil alan ali və orta ixtisas təhsil müəssisələrinin 1, 2 və 3-cü kurs tələbələri üçün təşkil olunan “Liderlik Məktəbi” adı altında həyata keçirilən layihədə ATGTİ əvvəlki illərdə olduğu kimi ilkin mərhələdə seçim turu keçirib. Belə ki, layihədə iştirak üçün 1000-dən çox tələbə müraciəti qeydə alınıb. Həmin tələbələrdən müsabiqə tələblərini ödəyən 500-ə yaxın müraciət sahibləri müsahibəyə dəvət olunublar. Onlar arasından 120 tələbə düşərgədə iştirak hüququ qazanıb. Layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və s. kimi xüsusiyyətlərin aşılanması, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək mütəxəssislər yetişdirməkdir. Tələbələrə peşəkar təlimçilər tərəfindən “Liderlik”, “Layihələrin yazılması”, “Könüllülük” “Media” və “Menecment Üsulları” mövzularında təlimlər keçiriləcək. Təlimlərlə yanaşı, tələbələr “Qarabağ Azərbaycandır!”, “Media”, “İdman!”, “2020 Bizim İlimİZdir”, və “Gənclər siyasəti” mövzularında təşkil olunmuş panellərdə iştirak edəcəklər. İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və s. işlərlə məşğul olacaq, həmçinin, hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdirəcəklər. Layihənin sonuncu günündə tələbələr təlim materialları əsasında tərtib olunmuş imtahanda iştirak edəcəklər.  Qalib komanda hədiyyələrlə mükafatlandırılacaq. Ümumilikdə isə bütün iştirakçılara layihədə iştiraklarını təsdiqləyən diplomlar təqdim olunacaq. Qeyd edək ki, ATGTİ-nin birgə təşkilatçılığı ilə həyata keçirdiyi layihə sayca  12-cidir və bundan öncə Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir və Mingəçevir şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında keçirilib.    


2020-02-11

Ətraflı >

V Youthvision Beynəlxalq Mahnı müsabiqəsinə start verildi!

Əziz dostlar, sizləri V Youthvision Beynəlxalq Mahnı müsabiqəsində iştirak etməyə dəvət edirik! Ətraflı məlumat: youthvision.az   Dear Friends, we invite you to take part in the V Youthvision International Song Contest! Detailed Information: youthvision.az   Дорогие друзья, приглашаем вас принять участие в V Международном Песенном Конкурсе Youthvision! Подробная информация: youthvision.az  


2020-01-30

Ətraflı >