BİZ MƏTBUATDA
"ÇƏTİR” proqramının açılış mərasimi
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə ölkə üzrə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən tələbə klublarının şəbəkələşməsi və vahid çətir altında birləşdirilməsini hədəfləyən "ÇƏTİR” proqramının açılış mərasimindən olan görüntüləri diqqətinizə çatdırırıq! #AzGF #ATGTİ #ÇƏTİR #MAG
“Şəhidim” adlı məqalə yarışı
Azərbaycan Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən “Gələcəyin tarixi” klubunun təşkilatçılığı ilə Şəhidlərimizi tanıtmaq məqsədilə tələbələr arasında məqalə yarışı təşkil olundu. Tədbir aparıcı, klub rəhbəri Həsənzadə Güllü tərəfindən açıq elan edildi. Tələbələr öz məqalələri ilə çıxış etdi, şəhidlər barədə videoçarxlar nümayiş edildi. Müsabiqənin qalibləri: Lalə Mollayeva Ümid Bilalov Mehriban Abdullayeva #TələbələrimİZ Məhəmməd Əsədli, Ana Yusifli və Fidan Aslanova isə təşəkkürnamə ilə təltif edilmişlər.
"Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" layihəsinə start verilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 10.02.2020 tarixində tələbələr üçün ənənəvi olaraq keçirilən “Liderlik Məktəbi” layihəsinə start verilib. "Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" fevral ayının 16-nadək Gəncə şəhərində davam edəcək. “Liderlik Məktəbi” layihəsində iştirak edən 120 tələbə 5 komandada – “Gənclik”, “Gələcək”, “İnkişaf” “Birlik” və “Liderlik” komandalarında bölünüb. Tələbələrdən ibarət 5 komanda saat 07:00-da Bakıdan layihənin keçiriləcəyi məkana, Gəncəyə yola düşüblər. Səfər zamanı komandalar bir-birindən maraqlı təşəbbüslər nümayiş etdirərək, layihənin ilk gününə tam hazırlıqlı olduqlarını ifadə ediblər. Respublikada təhsil alan ali və orta ixtisas təhsil müəssisələrinin 1, 2 və 3-cü kurs tələbələri üçün təşkil olunan “Liderlik Məktəbi” adı altında həyata keçirilən layihədə ATGTİ əvvəlki illərdə olduğu kimi ilkin mərhələdə seçim turu keçirib. Belə ki, layihədə iştirak üçün 1000-dən çox tələbə müraciəti qeydə alınıb. Həmin tələbələrdən müsabiqə tələblərini ödəyən 500-ə yaxın müraciət sahibləri müsahibəyə dəvət olunublar. Onlar arasından 120 tələbə düşərgədə iştirak hüququ qazanıb. Layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və s. kimi xüsusiyyətlərin aşılanması, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək mütəxəssislər yetişdirməkdir. Tələbələrə peşəkar təlimçilər tərəfindən “Liderlik”, “Layihələrin yazılması”, “Könüllülük” “Media” və “Menecment Üsulları” mövzularında təlimlər keçiriləcək. Təlimlərlə yanaşı, tələbələr “Qarabağ Azərbaycandır!”, “Media”, “İdman!”, “2020 Bizim İlimİZdir”, və “Gənclər siyasəti” mövzularında təşkil olunmuş panellərdə iştirak edəcəklər. İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və s. işlərlə məşğul olacaq, həmçinin, hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdirəcəklər. Layihənin sonuncu günündə tələbələr təlim materialları əsasında tərtib olunmuş imtahanda iştirak edəcəklər. Qalib komanda hədiyyələrlə mükafatlandırılacaq. Ümumilikdə isə bütün iştirakçılara layihədə iştiraklarını təsdiqləyən diplomlar təqdim olunacaq. Qeyd edək ki, ATGTİ-nin birgə təşkilatçılığı ilə həyata keçirdiyi layihə sayca 12-cidir və bundan öncə Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir və Mingəçevir şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında keçirilib.
Şamaxı şəhəri və ətraf rayonların TGT fəallarının təltifetmə mərasimi keçirilib
30 may 2019-cu il tarixində ADPU Şamaxı filialında ATGTİ sədri və katiblik nümayəndələrinin iştirakı ilə Şamaxı şəhəri və ətraf rayonların TGT fəallarının təltifetmə mərasimi keçirilib. Təhsil aldıqları müəssisənin Tələbə Gənclər Təşkilatında göstərdikləri uğurlu fəaliyyətə görə 100 nəfər TGT fəalı diplomla mükafatlandırılıb. Bununla yanaşı onların problem və qayğıları dinlənilib, bəzi problemləri yerindəcə həll olunub. Daha sonra TGT sədrlərinin bir-birini yaxından tanıması, TGT sədrləri və İttifaq nümayəndələri arasında səmimi əlaqələrin yaranması məqəsədilə sədrlər birgə nahar edib.
ATGTİ-nin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq ali və orta ixtisas təhsil müəssisələrində kütləvi məlumatlandırma günləri keçirilib
ATGTİ-nin təşəbbüsü, TGT-lərin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq 70-ə yaxın ali və orta ixtisas təhsil müəssisələrində universitetə yeni daxil olmuş tələbələr üçün kütləvi məlumatlandırma günləri keçirilib. Müxtəlif regionlarda 13-27 sentyabr tarixlərində keçirilən məlumatlandırma günlərində 3000-dən çox tələbə ali təhsil alacaqları müəssisə, onun tələbə-müəllim heyəti, tələbə təşkilatları, tədris sistemi ilə yaxından tanış olublar. Məlumat üçün bildirək ki, dünyanın bir çox təhsil ocaqlarında ənənəvi olaraq keçirilən məlumat xarakterli görüşlər Azərbaycanda ilk dəfə olaraq bu qədər tələbə kütləsini əhatə etməklə 3000-dən çox tələbənin təhsil alacağı müəssisə haqqında ətraflı məlumat almasına səbəb olub. Onu da qeyd edək ki, Azərbaycanda keçirilən məlumatlandırma günləri ərzində bir çox təhsil ocağlarında hətta tələbələrin əylənməsi və səmimi mühitə alışması üçün müxtəlif formatlı idman yarışları keçirilib, rəqs təşkil edilib və bəzi fəal tələbələr mükafatlandırılıb.
Türkiyənin rəsmi nümayəndələri ATGTİ-nin qonağı olub
17 sentyabr 2018-ci il tarixində Qafqaz İslam Ordusu hərəkatının 100-cü il dönümü münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Qazilər Müharib Dərnəyinin, həmçinin Türkiyə Əməkli Subaylar Dərnəyinin üzvləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qonağı olub. Görüşdə ilk olaraq ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək Türkiyənin rəsmi nümayəndələrini, eləcə də tələbələri salamladı. Ardınca Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Qafqaz İslam Ordusunun Azərbaycan-Türkiyə münasibətlərinin tarixində əhəmiyyətli rola malik olduğunu qeyd edərək tədbirin mahu söz açıb. O, Bakının işğaldan azad olunması üçün türk millətinin övladları çiyin çiyinə birlikdə mücadələ edərək bizim üçün bir örnək olduqlarını da qeyd edib. Daha sonra Anadolu Aydınlar Ocağı sədri prof. dr. İbrahim Öztək Azərbaycan–Türkiyə münasibətlərindən, Azərbaycan əsgərlərinin Çanaqqala müharibəsində göstərdiyi əzmkarlıqdan bəhs etdi. Prof. dr. İbrahim Öztək Azərbaycan və Türkiyə arasında uzun illər idman, mədəni, tarixi, sosial, siyasi və strateji sahələrində olan işləriylə bağlı Azərbaycan tərəfindən fədai ordeninə layiq görüldüyünü və bu ordeni alarkən hiss etdiyi xoşbəxtlik, şərəf və qüruru tələbələrə bildirdi. O, Şahin İsmayılova öz yazdığı Qarabağa aid kitabı təqdim etdi. Tədbirdə qonaqlar gənclərin suallarını cavablandırdı. Sonda onlarla birgə xatirə şəkli çəkdirildi.
“Hədəfini Seç”
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hədəfini Seç” adlı stolüstü oyun turniri baş tutdu.
ATGTİ-nin təşkilatçılığı ilə Gəncə şəhəri və ətraf rayonlar üzrə TGT fəallarının təltifetmə mərasimi keçirilib
Mərasimdə 12 təhsil müəssisəsindən fəaliyyət göstərən TGT fəalları iştirak edib. Ümumilikdə, 145 TGT fəalı xidmətlərinə görə ATGTİ-nin sədri tərəfindən diplomlarla təltif edilib. Görüşün əsas məqsədi TGT-lərin fəaliyyətini dəyərləndirmək, onların problemlərini dinləmək və həll yollarını müzakirə etməkdən ibarət olub. Mükafatlandırmadan öncə ATGTİ-nin sədri Faiq Məmmədov tələbələrlə səmimi görüş keçirib. Faiq Məmmədov, tələbələrin suallarını dinləyib və onları cavablardırıb. O, tələbələrə TGT-lərdə göstərdikləri uğurlu fəaliyyətə görə təşəkkür edib və onları bu uğur münasibətilə təbrik edib. Tədbirin sonunda TGT fəalları və ATGTİ kollektivi ilə birgə xatirə şəkli çəkilib.
Tələbə kütləsinin formalaşdırılmasını dəstəkləyən “Hədəf 5%” proqramının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə oktyabrın 27-də Tələbə Gənclər Təşkilatlarının fəaliyyətinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasını dəstəkləyən “Hədəf 5%” proqramının açılış mərasimi keçirilib. Azərbaycan-Fransız Universitetində baş tutan tədbirdə dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və ATGTİ-nin sədri Pərviz Mirələmlinin çıxışları ilə davam etmişdir. Çıxışçılar Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman ordumuz tərəfindən yazıldığını böyük qürur hissi ilə qeyd edib, 17 illik gərgin əməyinin nəticəsi olaraq dövlət başçısının Azərbaycanı ərazi bütövlüyünə qovuşdurduğu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdığını vurğulayıblar. Həmçinin, tələbə gənclərin qalib xalqın nümayəndələri kimi öz sahələrində daha aktiv fəaliyyət göstərmələrinin vacibliyi qeyd olunmuş, gəncləri öz ətrafında toplayan bu proqramın əhəmiyyəti və yaxın aylar ərzində onlara verəcəyi töhfələr haqqında fikirlər bölüşülüb. Daha sonra ATGTİ-nin üzv təşkilatlar və tələbə klubları ilə iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə “Hədəf 5%” proqramını tədbir iştirakçılarına təqdim edərək layihənin missiya və hədəfləri, fəaliyyət istiqamətləri və həyata keçiriləcək yeni koordinasiya planı haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, “Hədəf 5%” proqramının əsas məqsədi təhsil müəssisələrində fəaliyyət göstərən TGT-lərin ilkin olaraq müəssisədə təhsil alan tələbələrin ən azı 5 faizinin TGT fəaliyyətlərinə cəlb olunmasını nəzərdə tutur.