Tələbə Gənclər Təşkilatlarının sədrlərinin Təhsil Naziri Ceyhun Bayramovla görüşü keçirilmişdir
Yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin tələblərinə uyğun olaraq təhsil sferası və tədris prosesində tətbiq edilən yeniliklər və mövcud vəziyyətlə bağlı ölkənin müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən Tələbə Gənclər Təşkilatlarına daxil olmuş çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı müraciətə ən qısa zamanda reaksiya vermiş Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun TGT Sədrləri ilə online formatda görüşü baş tutmuşdur.
Görüşdə Təhsil naziri ilk öncə müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumatı bölüşmüş, tələbərlə və Tələbə Gənclər Təşkilatları ilə belə görüşlərin keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulamışdır.
Nazir çıxışı zamanı tələbələri narahat edən bir sıra məsələlərə aydınlıq gətirmişdir. Belə ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələr üçün yaradılmış yeni imkanlar, tədris ilinin uzadılmasının baş verməyəcəyi, imtahanlarda iştirak, distant təhsildə iştirak edə bilməyən tələbələr üçün yeni imkanlar, təqaüdlərin verilməsi, semestr qiymətləndirilməsində edilmiş yeniliklər barədə danışan Ceyhun Bayramov, 4-cü kursda təhsil alan tələbələrin yekun dövlət imtahan qiymətlərinin Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə əsasən aparılacağı və tələbələrə qiymətləri ilə əlaqədar təkrar baxılması üçün müraciət imkanının yaradılacağı, buraxılış işlərinə baxılma qaydalarının təhsil müəssisələrinin elmi şuralar tərəfindən müəyyən ediləcəyi, onlayn dərslərdə iştirak etmə imkanı olmayan tələbələr üçün yayda təkrar təşkil ediləcək icmal dərslərində iştirak imkanının yaradılacağını qeyd etmişdir. O, eyni zamanda, avqust və sentyabr aylarında məsləhət saatlarının təşkil ediləcəyi və bunlarla əlaqədar tələbələrdən əlavə ödənişin alınmayacağı, tələbə təqaüdlərinin imtahanlardan sonra müəyyən ediləcəyi barədə məlumat vermişdir.
Görüşdə Tələbə Gənclər Təşkilatlarının sədrləri tələbələri maraqlandıran bir sıra suallarını nazirə ünvanlamışlar. Suallar tələbələrin təqaüd, onlayn təhsil ilə bağlı yaranan çətinliklər, təhsil haqlarının ödənilməsi və digər aktual məsələləri əhatə etmişdir. Nazir tələbələrin suallarını təfərrüatı ilə cavablandırmış və eyni zamanda tələbələrin səsləndirdikləri rəy və təkliflərini diqqətlə dinləmiş, onların nəzərdən keçiriləcəyini bildirmişdir.
Tələbə Gənclər Təşkilatlarının Təhsil Nazirliyinin məsul şəxsləri ilə bu formatda görüşlərin gələcəkdə də keçirilməsinin faydalı olacağı qeyd edilmişdir.