BİZ MƏTBUATDA
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Gənclər Fondu arasında birgə əməkdaşlıq sahəsində Anlaşma Memorandumu imzalanıb
Bakı Konqres Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikası Gənclər Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanma mərasimi və Gənclər və Gənclər Təşkilatlarının vətənpərvərliyin təşviq və təbliğ edilməsi prosesidəki vəzifələri mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov da iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himniylə başlayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib. Mərasimdə bildirilib ki, imzalanan Anlaşma Memorandumu tədbirlərin daha kütləvi, fərqli forma və məzmunda keçirilməsi istiqamətində yeni bir platformadır. Əminlik ifadə olunub ki, bu Memorandum həm də iki qurum arasında qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı əməkdaşlığın qurulması üçün möhkəm təməl olacaqdır. Daha sonra tərəflər arasında Memorandum imzalanıb. Anlaşma Memorandumuna əsasən 2019-cu il ərzində “Vətənin müdafiəsinə hazıram!” devizi altında müxtəlif formatlarda keçiriləcək maarifləndirmə xarakterli silsilə tədbirlərin planı hazırlanıb. Gənclər təşkilatları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə reallaşdırılması planlaşdırılan tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasına, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsinə xüsusi önəm veriləcək. ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrdə vətənpərvərlik hissinin aşılanması məqsəd ilə İttifaqın bir sıra tədbirlər, layihələr etdiyini bildirib.O, “Yaşayan Tarix” -in bu layihələrdən biri olduğunu və layihə çərçivəsində 260-a yaxın veteranın xatirəsi üç cildlik diskdə əks olunduğunu bildirdi. Faiq Məmmədov qeyd edib ki, bizim tələbə təşkilatları ilə iş müddətində müşahidəmizə görə Azərbaycan tələbələri heç nədən asılı olmayaraq hər zaman öz dövlətlərinin, öz ölkəsinin və öz xalqının keşiyində durmağa hazırdır. Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova və başqaları da tədbirdə çıxış edərək ölkəmizdə gənclərimizin hərbi-vətənpərvərlik ruhunda yetişməsi istiqamətində görülən işlərdən danışıb, bu baxımdan anlaşma memorandumunun imzalanmasının əhəmiyyətini vurğulayıblar.
“Milli – mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilarçılığı ilə “Milli–mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov iştirak etmişdir. İlk öncə tədbirdə DQİDK sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycan milli-mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxladığını, Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durduğunu və Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcəyini bildirib. Daha sonra Gənclər fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib. O, bütün münaqişələrin kökündə mənəvi dəyərlərin təbliği işinin düzgün aparılmaması durduğunu, ulu öndər Heydər Əliyev mənəvi dəyərlərin təbliği və təşviqi sahəsində mühüm siyasət yürütdüyü və bu siyasət bu gün də prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini də qeyd edib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli milli-mənəvi dəyərlərin təbliğində gənclərin potensialından istifadənin əhəmiyyətinə toxunub və bu sahədə gənclər təşkilatlarını fəal olmağa çağırıb. ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov qeyd edib ki, hal-hazırki dövrdə milli-mənəvi dəyərlərin fonunda dünyada globallaşma prosesi davam edir və Azərbaycan xalqının formalaşmasında da onun rolu böyükdür. O, gənclər təşkilatlarının informasiya və kommunikasiya texnologiyaları vasitəsiylə milli-mənəvi dəyərlərin təbliğini etməli olduqlarını və informasiya texnologiyaların sürətli inkişafı müsbət dəyişikliklərə səbəb olacağını, milli-mənəvi dəyərlərin sosial şəbəkələr vasitəsiylə daha çox yayılmasını təmin edəcəyini bildirib.
Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib
Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş katibi Ramin Həbibzadə, həmçinin, ADU-nun professor-müəllim heyətinin nümayəndələri və tələbələr iştirak ediblər. Konfrans zamanı ATGTİ-nin Baş katibi Ramin Həbibzadə çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq ADU TGT-nin yeni sədri Tərcümə fakültəsinin tələbəsi Əzizova Məhsəti çıxış edərək fəaliyyət planı haqqında qısa məlumat verib. O, tələbələrin problem və qayğıları ilə yaxından maraqlanacağını və həlli istiqamətində çalışacağını bildirib.
Tələbə Gənclər Təşkilatlarının "Aprel Zəfəri" ilə bağlı keçirdiyi silsiləvi tədbir və səfərlər yekunlaşıb
Tələbə Gənclər Təşkilatları Aprel döyüşləri ilə bağlı silsiləvi tədbirlər keçirib. Dördgünlük müharibə adı ilə də tanınan Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədir. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş verən ən şiddətli döyüşlərdən olub. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən bu döyüş sayəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub. Bununla da Azərbaycan Respublikasının bəzi təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşəbbüskarlığı və təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin bu danılmaz qələbəsi keçirilən tədbir və edilən səfərlərdə bir daha vurğulanıb. Belə ki, Qərbi Kaspi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecində Aprel döyüşləri ilə bağlı tamaşa tipli tədbirlər keçirilib. Bu tədbirlərin keçirilməsi ilə Aprel şəhidləri yad edilmiş və həmin təhsil müəssisələrində təhsil alan gənclərə Qarabağ həqiqətləri, həmçinin, Aprel zəfəri bir daha xatırlanmış olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə əcnəbi tələbələrlə birgə Aprel şəhidlərinə həsr edilmiş filmə baxış keçirilib. Bu film, əcnəbi tələbələr tərəfindən böyük marağa səbəb olub və əcnəbi tələbələr tərəfindən həssaslıqla qarşılanıb. Bakı Mühəndislik Universitetinin Tələbə Gənclər Təşkilatı kollektivi Sumqayıt şəhərindəki şəhid ailələrini ziyarət edib. TGT kollektivi şəhid ailələrinə edilmiş ziyarətlə xalqımızın, xüsusən də Azərbaycan gəncliyinin şəhid ailələrinə olan diqqət və qayğısını bariz nümayiş etdirib. Aprel Şəhidlərinin Əziz Xatirəsini yad etmək məqsədilə ADPU Şamaxı Filialının Tələbə Gənclər Təşkilatının bir qrup fəal gənci də şəhidlər - Kaçayev Samir Ziyəddin oğlu Səmədov Elşən Səlim oğlu Zəkərayev Nazim Nadir oğlu-nun məzarlarını ziyarət edib. Onlar şəhidlərimizin göstərdikləri şücaətlərdən söz açaraq, "Vətən" məfhumun ucalığından bəhs edib. Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri isə Aprel döyüşləri və 31 mart soyqırımı ilə bağlı olaraq "Quba Soyqırımı Memorial Kompleksi"nə səfər edib.
“Gənclər üçün İmkanlar: Erasmus+ və Avropada könüllülük”
Azərbaycan Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Erasmus+ Gənclik və Avropa Həmrəylik korpusu üzrə Azərbaycanda Məlumat mərkəzinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera mərkəzinin Sumqayıt Nümayəndəliyinin, Sağlam Düşüncə Gənclər Təşkilatı İB-nin və Sumqayıt Gənclər Evinin təşəbbüsü ilə “Gənclər üçün İmkanlar: Erasmus+ və Avropada könüllülük” adlı infosessiya baş tutdu. Sessiya zamanı Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Sevinc Qasımova #tələbələrimİZ-ə Erasmus+ proqramının imkanları və könüllülük haqda ətraflı məlumat verdi.
Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib
Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib. Tədbirdə açılışı rektorun məsləhətçisi, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov etmişdir. O, tələbələri salamlayaraq belə tədbirlərin gənclər üçün əhəmiyyətli olduğunu vurğulayıb. Daha sonra FHN-nin müxtəlif qurumlarının əməkdaşları çıxış edərək fövqəladə hallar - zəlzələ, daşqın, torpaq sürüşməsi və s. zamanı təhlükədən qorunmaq üsullarından bəhs etmiş, yanğın zamanı qaz balonundan düzgün istifadə qaydalarını tələbələrə izah etmişlər. Mülki müdafiə ilə bağlı müxtəlif fotoşəkillər və maarifləndirici videoçarxlar nümayiş etdirilib. Sonda Ə.Həsənov çıxış edərək tədbirin təşkil edilməsində əməyi keçən qurumlara təşəkkürünü bildirmiş və tələbələrin suallarını cavablandırmışdırlar. Daha sonra xatirə fotoşəkli çəkilib.
“Bayraqdar İntellektual oyunu” keçirilib
8 noyabr tarixində Gənclər və İdman Nazirliyi və ATGTİ-nin təşkilatçılığı, Park Bulvar Bakunun tərəfdaşlığı ilə Bayraq gününə həsr edilmiş “Bayraqdar İntellektual oyunu” keçirilib. Layihə Park Bulvar ticarət mərkəzində hər birində 5 nəfər olmaqla 5 komandanın iştirakı ilə baş tutub. Layihəyə əsasən Park Bulvarda qabaqcadan müəyyənləşdirilmiş mağazalarda 5 koordinator komandalara suallar vermək üçün yerləşdirilib. Hər komanda suallara cavab verəcəyi məkanın adını da ilkin mərhələdə suala cavab verməklə müəyyənləşdirib. Daha sonra, suallara cavab vermək üçün məkanlara yollanan komanda iştirakçıları 5 sualdan minimum 3-nə cavab verməklə bayraq udublar. Yekunda ən çox bayraq toplayan və məkana tez çatan komanda qalib elan edilib. İntellektual oyunun sualları layihənin adına uyğun olaraq bayrağımızla bağlı olmaqla, xüsusilə bayrağımızın müxtəlif tarixi mərhələlərdəki statusundan, quruluşundan, haqqında verilən qərarlardan bəhs edib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Könüllülər ili” ilə bağlı görüşü keçirilib
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Bakı Gənclər Mərkəzində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının fəalları ilə görüş təşkil edib. Görüşdə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək “Könüllülər ili” ərzində göstəriləcək fəaliyyət, təşkil olunacaq tədbirlərə dair müzakirələrin aparılması olub. Tələbə gənclər təşkilatlarına öz fəaliyyətlərində və bütün müvafiq tədbirlərdə könüllülük prinsiplərinin nəzərə alınması, bu prinsiplərin geniş təbliği məqsədilə müvafiq həştəqlərin paylaşılması tövsiyə edilib. Görüş zamanı tələbələr tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması xüsusi qeyd olunub və gənclərə yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edilib. Daha sonra ATGTİ-nin 2020-ci il ərzində həyata keçirəcəyi layihələrin ilkin müzakirəsi aparılıb. İnteraktiv şəkildə davam edən görüşdə tələbələr sual və təklifləri ilə çıxış ediblər. Həmçinin, tələbələr İttifaq tərəfindən Bakı Gənclər Mərkəzində “Təklif və ideyalar” üçün nəzərdə tutulan, “1 tələbə=1 təklif” şüarı altında yerləşdirilən qutulardan istifadə etməklə, öz təklif və ideyalarını bölüşüblər. Könüllü fəaliyyətinin təşviqi İttifaq üçün əsas prioritet istiqamətlərdən biridir. Belə ki, könüllü fəaliyyəti üzərində qurulan, həm Bakı şəhəri, həm də regionları əhatə edən 101 Tələbə Gənclər Təşkilatlarını özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, 2019-cu il ərzində təşkilatçı və iştirakçısı olduğu 123 tədbirdə 20093-ü könüllü olmaqla, ümumilikdə 46736 tələbə sayını əhatə etmişdir və “Könüllülər ili”ndə bu rəqəmin xeyli artacağı nəzərdə tutulur.
“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirən “Elektron Hökumətin İnkişafı Mərkəzi”-nə oldu. Səfər zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri qurumun rəhbər şəxsləri və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuşlar. Daha sonra tələbələrə şirkətin əməkdaşları tərəfindən müvafiq sahə üzrə praktiki biliklərin aşılanması məqsədi ilə təqdimat həyata keçirilmişdir. Sonda iştirak edən tələbələrə şirkət tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə karyera səfəri
Əziz tələbələr, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə oldu. Səfər zamanı tələbələr Mərkəzin bölmələri, peyklərin idarə olunması və ümumilikdə qurumun işi ilə yaxından tanış olmuş, suallarını məsul şəxslərə birbaşa ünvanlamaq imkanı da əldə etmişlər.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirildi. Açılışda Fövqəladə Hallar Nazirliyinin ifasında Azərbaycan Respublikasının himni səsləndirildi. Sonra İttifaqın irimiqyaslı layihələrini özündə əks etdirən videoçarx izlənildi. Videoçarxdan sonra Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sabiq sədri Şahin İsmayılov çıxış edərək ATGTİ-nin 9 illik fəaliyyəti haqqında konfrans iştrakçılarına hesabat verdi. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışı zamanı ATGTİ-nin bu illər ərzində tələbələrə qazandırdığı səmərəli fəalliyyətini müsbət dəyərləndirdiyini bildirdi. Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ATGTİ-nin bundan sonraki fəaliyyətində uğurlar arzuladı. Prezident Adminstrasiyasının nümayəndəsi Həmid Nəsirov çıxışı zamanı ATGTİ-nin çətir təşkilat olduğunu - bir çox Tələbə Gənclər Təşkilatlarını özündə cəmlədiyini vurğuladı. Həmçinin, Prezident Adminstrasiyasının da hər zaman Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına dəstək olacağını bildirdi. Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov çıxış edərək 9 illik səmərəli fəalliyətinə görə təbrik etdi və yeni idarə heyyətinə uğurlar arzuladı. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının keçirdiyi layihələrin ATGTİ dəsti-xətti yaratdığını vurğuladı. Daha sonra Seymur Orucov Şahin İsmayılova plaket təqdim etdi. Çıxışlardan sonra sədr seçkilərinə namizədlərin videoarxları izləndi. Konfrans iştirakçıları elektron səsvermədən istifadə edərək namizədlər arasında öz seçimlərini etdilər. Səsvermənin sonunda ATGTİ-nin yeni sədri Faiq Məmmədov seçildi.
“Gənclər – sağlamlığınızı qoruyun!” şüarı altında tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Tutu Diet” Mərkəzinin təşkilatçılığı ilə “Gənclər - Sağlamlığınızı qoruyun!” adlı layihə baş tutmuşdur. Tədbirin ilkin mərhələsi 20 sentyabr Azərbaycan Dillər Universitetində, növbəti mərhələsi isə 21 sentyabr Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutmuşdur. Hər iki tədbirdə ilk öncə “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Şahin Alxazov çıxış edərək tələbələri salamladı. Ardınca Avropa oyunlarının qalibi və "Şöhrət" ordeni ilə təltif edilmiş yunan-roma güləşçisi Elvin Mürsəliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetində isə peşəkar idmançı və məşqçi Kamil Zeynallı çıxış edərək gənclərə idmanın mahiyyətindən söz açdı. Sonda Azərbaycan Tibb Universitetinin Tədris Terapiya klinikası, ESPEN və IFSO-nun üzvü həkim-diyetoloq Tutu Zeynalova nəzəri və praktiki hissədən ibarət, “Düzgün qidalanma haqqında məlumat” , “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlam qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” mövzularında təlimlər keçmişdir. Layihənin həyata keçirilməsində məqsəd – gənc nəslin qidalanmasının vəziyyətinin müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər, valideynlər arasında məlumatlandırma və maarifləndirmənin təşkilidir. Tədbirin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur. Açar sözlər: adutgt, azmiu tgt
Bakı Avrasiya Universitetində “Biz Gəlirik, Qarabağ!” adlı anım tədbiri keçirilib
Bakı Avrasiya Universitetində "20 Yanvar faciəsi", "Xocalı soyqırımı" və "31 Mart soyqırımı" -nın şəhidlərinə həsr olunmuş “Biz Gəlirik, Qarabağ” adlı anım tədbiri keçirilib. Avrasiya universitetinin TGT fəallarının təşkilatçılığı ilə keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, Nərimanov Rayon Gənclər və idman idarəsinin nümayəndələri, həmçinin şəhid ailələri iştirak ediblər. Nərimanov rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov Azərbaycan xalqının başına gətirilən üç faciənin oxşarlığından bəhs edərək “Biz Gəlirik, Qarabağ” adlı anım tədbirinin əhəmiyyətini vurğulayıb. O, bütün şəhid ailələrinə səbr diləyib. Sonra şəhid yaxınları və valideynləri övladlarının qəhrəmancasına həlak olmasından danışaraq bütün gənclərə hər zaman mübariz olmağı arzulayıblar. Tələbələr baş verən hadisələri maraqlı kompozisiya ilə nümayiş etdiriblər. Kompozisiya tamaşaçıların göz yaşlarına səbəb olub. Tamaşanın sonunda tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər.