BİZ MƏTBUATDA
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 2024 - 2026-ci illər üçün İdarə Heyəti və sədr seçkilərinə start verir!
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) seçki proseslərinə qoşulmaqla ən layiqli namizədi dəstəkləmək istəyirsinizsə, ATGTİ İdarə Heyəti və Sədr seçkilərinin qaydaları ilə tanış ola bilərsiniz! Seçkilərdə namizədliyini yaşı 29-dan aşağı olan ali təhsil müəssisələrindən birində təhsil alan hər bir tələbə irəli sürə biləcək. Seçki prosesinin şəffaflığının və obyektivliyinin təmin olunması məqsədi ilə Seçki Komissiyası yaradılır. Komissiya Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarınından ibarət olacaqdır. Aşağıda seçki haqqında ətraflı məlumatları toplaya bilərsiniz Seçki Komissiyasının tərkibi: Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev "Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Nail Şükürov “CAVAN” Gənclər Hərəkatının icraçı direktoru Ənvər İsmayılzadə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İdarə Heyətinin Katibi Fidan Həsənova ATGTİ-nin yeni idarə heyətinin tərkibi: İdarə heyətinin say tərkibi sədr də daxil olmaqla 9 nəfərdən ibarət olacaqdır. ATGTİ sədrliyinə namizədlər üçün tələblər: Ali təhsil müəssisələrindən birində tələbə olmalıdır Təhsillinin sonuncu ilində olmamalıdır ATGTİ-yə üzv olan ən azı 20 Tələbə Gənclər Təşkilatı tərəfindən namizədliyi tövsiyə edilməlidir (Namizədlərin tövsiyə üçün təqdim etdikləri TGT siyahısı Seçki Komissiyası tərəfindən yoxlanılacaqdır) Ən azı 1 xarici dili (İngilis dili üstünlükdür) professional səviyyədə bilməlidir Azı 3 il gənclərlə iş sahəsində çalışmalı, təcrübəli olmalıdır İdarə Heyətinə namizədlər üçün tələblər: ATGTİ-yə üzv olan TGT-nin sədri olmalıdır ATGTİ-yə üzv olan ən azı 6 Tələbə Gənclər Təşkilatı tərəfindən namizədliyi tövsiyə edilməlidir (Namizədlərin tövsiyə üçün təqdim etdikləri TGT siyahısı ATGTİ katibliyi tərəfindən yoxlanılacaqdır) Müraciət üçün link: https://forms.gle/CxpwLApcaRCifYW58 Son müraciət tarixi: 27 noyabr | 21:00
"Qoşa Saat" layihəsi çərçivəsində "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda vebinar keçirilib
12 iyun 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə "Qoşa Saat" layihəsi çərçivəsində vebinar keçirilib. Vebinarda Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin informasiya təhlükəsizliyi və İT üzrə müşaviri Murad Qurbanov "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda çıxış edərək kiber təhlükəsizlik karyera seçimi olaraq, mobil təhlükələr, rəqəmsallaşma haqqında vebinar iştirakçılarına məlumat vermişdir. Görüşdə iştirak edən gənclərin Azərbaycanda kibercinayətlər, İnstagram sosial şəbəkəsində şəxsi məlumatları ötürən proqramlar, ölkəmizdə kibercinayətlərlə bağlı qanun və cəzalar barədə sualları cavablandırılmışdır. Həmçinin iştirakçılara kompüterlərdən diqqətsiz və məlumatsız istifadə edərkən yarana biləcək problemlər və onlardan qaçmaqçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etməkləri məsləhət görülmüşdür. Qeyd edək ki, görüşdə 100-ə yaxın gənc iştirak edib.
Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir həyata keçirilib. Layihə Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Musiqi Kollecində baş tutmaqla, bir neçə təhsil müəssisəsini əhatə edib. Layihənin əsas məqsədi gənc nəslin qidalanma vəziyyətini müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmə xarakterli tədbirlərin təşkilindən ibarətdir. Layihə müddətində təhsil müəssisələrinin müəllim heyəti çıxış edərək tələbələrə gənclik illərində sağlam qidalanmanın mahiyyətindən bəhs edib. Daha sonra tələbələr təlimçinin izahı ilə birlikdə videoçarx izləyib və maraqlı suallar ətrafında müzakirələr edib. Bununla yanaşı tələbələrdən ibarət peşəkar idmançı və məşqçilər də öz növbəsində idmanla məşğul olmağın hər bir insanın fiziki sağlamlığında əhəmiyyətli rolundan bəhs edib.
«Show Your Dance 2019» rəqs müsabiqəsi keçirilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "Show Your Dance 2019" adlı rəqs müsabiqəsi keçirilib. İdman Akademiyasın 3-cü kurs tələbəsi Murad Süleymanlının layihə rəhbəri olduğu müsabiqə artıq 3-cü dəfədir ki, keçirilir. Müsabiqədə 7 ali təhsil müəssisəsinin rəqs komandası iştirak edib və hər müəssisədən 1 komanda öz rəqslərini nümayiş etdirib. Rəqs müsabiqəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası "İncilər", Azərbaycan Dövlət Pedaqoji Universiteti "Xarici", Bakı Ali Neft Məktəbi "Ləzginka", Milli Aviasiya Akademiyası "Arşın Mal Alan", Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli", Azərbaycam Tibb Universiteti "Uzundərə", Azərbaycan Turizm və Menecment Universiteti isə "Tango" rəqsləri ilə çıxış edib. Sonda münsif səsləri toplanaraq 110 balla Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli" rəqsi ilə qalib olub. Məlumat üçün bildirək ki, gələn il keçirilməsi nəzərdə tutulan "Show Your Dance 2020" Rəqs Müsabiqəsi qalib komandanın təmsil olunduğu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutacaq.
ATGTİ və FHN-in Bakı Regional Mərkəzi birlikdə elmi-praktik konfrans keçirib
5 dekabr 2019-cu il tarixində ATGTİ və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Milli Aviasiya Akademiyasında “Fövqəladə hallarla mübarizə: dünən, bu gün, sabah” mövzusunda elmi-praktik konfrans keçirib. FHN Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə artıq 9-cu ildir ki, keçirilən analoji konfranslar daha öncə Azərbaycan Memarlıq və İnşaat, Bakı Slavyan, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye, Xəzər, Qərbi Kaspi Universitetlərində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında uğurla keçirilib. Tədbirin keçirilməsində məqsəd yetişməkdə olan nəslin - tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, bu sahədə mövcud olan nailiyyətlər, problemlər və perspektivləri müzakirə etmək, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni fikirlər, yeni ideyalar ortaya çıxarmaqdan ibarət olub. Elmi-praktik konfransı giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının Aviasiya təhlükəsizliyi kafedrasının müdiri, dosent Nazim Nağıyev tədbirin əhəmiyyətindən və hər kəsin fövqəladə hallara hazır olmasının vacibliyindən danışıb, FHN Bakı Regional Mərkəzi və ATGTİ-yə öz təşəkkürünü bildirib. Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qeyd edib ki, fəaliyyət göstərdiyi 14 il ərzində Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Ramin Həbibzadə belə bir tədbirin ərsəyə gəlməsində əməyi keçən və tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib. Daha sonra konfransda məruzəçilər tərəfindən “Hava nəqliyyatında qəzaların qarşısının alınması imkanları”, “Fövqəladə hallarlda bina və qurğuların dayanıqlığının təmin edilməsi yolları”, “Bakı şəhəri ərazisindəki sürüşmə sahələri və problemin həlli yolları”, “Neft məhsulları ilə çirklənmiş ərazilərin təmizlənməsində yeni metodların tətbiqi”, “Meşə yanğınları ilə mübarizə-ekoloji sabitliyin əsas amili kimi”, “Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin edilməsinin əsas aspektləri”, “Su nəqliyyatında qəzaların qarşısının alınması imkanları”, “Fövqəladə hallarla mübarizədə KİV-lərin rolu”, “Fövqəladə hallar zamanı ilk tibbi yardım” mövzularında çıxışlar edilib. Sonda məruzəçilərə diplomlar təqdim edilib.
Azərbaycan Respublikasının Gənclər Fondu ilə TGT sədrlərinin görüş keçirilib
Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu ilə Tələbə Gənclər Təşkilatlarının sədrlərinin görüşü baş tutub. “Tələbə gənclər təşkilatları ilə görüş, uğurlar, naliyyətlər və fəaliyyət planları” adı ilə həyata keçirilən görüşdə Milli Məclisin deputatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak edib. Tədbir Fərid Cəfərovun çıxışı ilə başlayıb. O, fondun fəaliyyəti və səlahiyyətlərin genişlənməsi haqqında danışıb. Çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2018-ci il tarixli Fərmanına əsasən sosial müdafiəyə ehtiyacı olan xüsusi istedadlı gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı layihə barəsində məlumat verib. Şahin İsmayılov çıxış edərək TGT-lərin fəaliyyəti barəsində fondu məlumatlandırıb. Görüşdə Tələbə Gənclər Təşkilatlarının fəaliyyəti və yaranan problemlər barəsində də danışıq aparılıb. Görüşün keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən TGT-lərin fəaliyyəti, qarşıya çıxan problemləri və onların gələcəkdə həyata keçirmək istədikləri layihələr ilə yaxından tanış olmaq və onları Gənclər Fondu ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyə dəvət etməkdən ibarətdir olmuşdur.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirildi. Açılışda Fövqəladə Hallar Nazirliyinin ifasında Azərbaycan Respublikasının himni səsləndirildi. Sonra İttifaqın irimiqyaslı layihələrini özündə əks etdirən videoçarx izlənildi. Videoçarxdan sonra Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sabiq sədri Şahin İsmayılov çıxış edərək ATGTİ-nin 9 illik fəaliyyəti haqqında konfrans iştrakçılarına hesabat verdi. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışı zamanı ATGTİ-nin bu illər ərzində tələbələrə qazandırdığı səmərəli fəalliyyətini müsbət dəyərləndirdiyini bildirdi. Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ATGTİ-nin bundan sonraki fəaliyyətində uğurlar arzuladı. Prezident Adminstrasiyasının nümayəndəsi Həmid Nəsirov çıxışı zamanı ATGTİ-nin çətir təşkilat olduğunu - bir çox Tələbə Gənclər Təşkilatlarını özündə cəmlədiyini vurğuladı. Həmçinin, Prezident Adminstrasiyasının da hər zaman Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına dəstək olacağını bildirdi. Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov çıxış edərək 9 illik səmərəli fəalliyətinə görə təbrik etdi və yeni idarə heyyətinə uğurlar arzuladı. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının keçirdiyi layihələrin ATGTİ dəsti-xətti yaratdığını vurğuladı. Daha sonra Seymur Orucov Şahin İsmayılova plaket təqdim etdi. Çıxışlardan sonra sədr seçkilərinə namizədlərin videoarxları izləndi. Konfrans iştirakçıları elektron səsvermədən istifadə edərək namizədlər arasında öz seçimlərini etdilər. Səsvermənin sonunda ATGTİ-nin yeni sədri Faiq Məmmədov seçildi.
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb. Müraciətdə komitə Avropada yaşayan həmvətənlilərimizə çağırış edərək, “ÜMUMAVROPA QARABAĞ MİTİNQ”-ində iştirak etməyin vacibliyindən bəhs etməklə, mitinqin əhəmiyyətini xüsusi vurğulamışdır. Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciətini olduğu kimi sizə təqdim edirik: Əziz həmvətənlər, dəyərli soydaşlar! Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə birlik və bərabərlik nümayiş etdirib. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında daim fəallıq göstərərək Azərbaycanı narahat edən problemlərə biganə qalmayıblar. Hər birimizə məlum olduğu kimi, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevral tarixində yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Mitinq zamanı yüzlərlə soydaşımız “Azərbaycan sülh istəyir!”, “Qarabağa geri qayıtmaq istəyirik!” “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” şüarları ilə Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış edəcəklər. Əziz soydaşlarımız, Sizləri mitinqdə fəal olmağa, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında aktiv iştirak etməyə çağırırıq. Dəyərli həmvətənlərimiz, bu həm Xocalı soyqırımı qurbanlarının, həm də şəhidlərimizin müqəddəs ruhları qarşısında mənəvi borcumuzdur. QEYD: Mitinqin təşkil ediləcəyi məkan haqqında ətraflı məlumatı buradan əldə bilərsiniz.
ATGTİ təşəkkürnamə ilə təltif edilib!
#könlümAzərbaycan Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi”nin başa çatması ilə əlaqədar tədbir təşkil olunub. Öncə layihə müddətində həyata keçirilmiş tədbirlərə dair videoçarx təqdim olunub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov 1-9 dekabr tarixini əhatə edən “Azərbaycan Könüllülük Həftəsi” layihəsi çərçivəsində həyata keçirilmiş müxtəlif sosial aksiyalar və tədbirlər barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, bu çərçivədə reallaşdırılan “Şəhidimiz”, “VətənimİZ”, “TəbiətimİZ”, “ Könüllülük Sərhəd Tanımır!”, Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu, 4 günlük qış düşərgəsi kimi tədbirlər, ümumilikdə 15000-dən çox könüllünü əhatə edib. Sonra layihənin həyata keçirilməsində iştirak edən müxtəlif qurum və təşkilatlara təşəkkürnamələr təqdim olunub.
Zəfər gününə həsr olunmuş dama yarışı.
Noyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində 8 noyabr - Zəfər gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı dama yarışı keçirilmişdir.28 nəfər tələbənin iştirakı ilə baş tutan 5 mərhələnin sonunda qaliblər müəyyən olundu:🥇Aslan Musazadə🥈Murad İsmayılov🥉Əli Orucov
1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib
1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib. Belə ki, bir uşaq 1 günlük Bakı Avrasiya Universiteti Tələbə Gənlər Təşkilatının Sədri təyin edilib. 1 günlük sədr təyin edilən balaca Gülay universitetin rektoru, prorektorları, dekanları və müəllimləri ilə görüşüb. Sonda BAAU TGT fəalları ilə görüşən Gülay TGT-nin fəaliyyəti və iş planı ilə yaxından tanış olub.
“Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin qalib təqaüdçüləri seçilib
PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 2012-ci ildən etibarən birgə həyata keçirdiyi “Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin cari ildəki qalib təqaüdçüləri seçilib. Cari ildə müsabiqəyə 7 oktyabr tarixindən start verilib. Elektron qeydiyyat və müsahibə olmaqla iki mərhələdən ibarət layihədə 20 tələbə-gənc xüsusilə fərqlənməyi bacarıb. Qeyd edək ki, hər bir təqaüdçü 12 ay boyunca, hər ay 145 AZN məbləğində təqaüdlə təmin ediləcək. Layihə yerli universitetlərin istedadlı və ictimai sahədə fəal tələbələrini həvəsləndirmək, eləcə də, özəl və dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək rəhbərlərin inkişafını möhkəmləndirmək məqsədi daşıyır. Aşağıda adları qeyd olunan tələbə-gəncləri bu uğurları münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər əldə etməyi arzu edirik: Atakişizadə Mehriban - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Bayrami Fidan - Bakı Mühəndislik Universiteti Cəfərli Fuad - Azərbaycan Dövlət Aqrar Universiteti Dadaşova Nigar - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Dünyamalıyev İslam - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Ələsgərov İsa - Bakı Mühəndislik Universiteti Mehtiyev Tural - “ADA” Universiteti Məhyəddinli Rəşad- Bakı Mühəndislik Universiteti Məmmədli Fərid- “ADA” Universiteti Məmmədova Ülviyyə - Bakı Mühəndislik Universiteti Mənsumlu Kürşad - Azərbaycan Dövlət İqtisad Universiteti Muxtarov Elmir - Bakı Mühəndislik Universiteti Musazadə Nurlan - Azərbaycan Dövlət İqtisad Universiteti Qaralov Əsəd - Azərbaycan Dövlət İqtisad Universiteti Quluzadə Kəmalə - Bakı Mühəndislik Universiteti Sayidov Fərhad - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Səlimova Gülanə - Azərbaycan Dövlət İqtisad Universiteti Soltanova Aytən - Azərbaycan Dövlət İqtisad Universiteti Süleymanova Leyla - Bakı Mühəndislik Universiteti Ziyatxanlı Murad - Bakı Mühəndislik Universiteti
ATGTİ Avropa Gənclər Kartı Assosiasiyasının XXXIV konfransında təmsil olunub
https://azertag.az/xeber/1172015 http://salamnews.org/az/news/read/314741 http://palitranews.az/news.php?id=87051 http://azpress.az/index.php?lang=az§ionid=news&id=81274 https://youthportal.az/az/news_details/7623